MÖHTƏRƏM OSMAN NURİ TOPBAŞ İLƏ NƏSİL QAYĞISI BARƏDƏ MÜSAHİBƏ - 1
Adem Ergül:
Möhtərəm Əfəndim, əvvəla, ricamızı qəbul etdiyiniz üçün minnətdarlığımızı bildiririk. Gənclik, nəsil və gələcəklə bağlı tövsiyələrinizlə yaxından tanışıq. Buyurduğunuz kimi, bir ölkənin gələcəyi yaxşı yetişmiş nəslə bağlıdır. Nəsil yetişdirmək əslində bütün peyğəmbərlərin dərdi olub.
Rəsulullah r-in Əshabi-Suffədə, daha əvvəl Darul-Ərkamda nəsil inşa etmək üçün həyata keçirdiyi fəaliyyətlərdən xəbərdarıq. Bu gün biz də Peyğəmbərimizin bu sünnəsini əhya etmək naminə milli-mənəvi dəyərlərin təlimini hədəfləyən tədrislə məşğul olmağa çalışırıq.
Bu kimi təlim-tərbiyə fəaliyyətlərinin əhəmiyyəti və nə cür həyata keçirilməsi ilə bağlı nə kimi tövsiyələr edərdiniz?
Möhtərəm Osman Nuri Topbaş:
Allah-Təala Rəsulullah r-i üsveyi-həsənə, yəni nümunəvi şəxsiyyət olaraq göndərdi. İnsan oğlunun fitrətini xəlq edən Haqq-Təaladır. Həmçinin İslamı da fitrətə ən uyğun həyat nizamı olaraq təyin edən də Rəbbimizdir. İnsan öz fitrətinə münasib olan bu nizama görə istiqamət götürərək bu yolda şərəflənməlidir ki, cənnətə layiq olsun. Fitrət dini olan İslamın canlı nümunəsi də Rəsulullah r -dir.
Ayeyi-kərimədə belə buyurulur:
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ اَطَاعَ اللّٰهَ
“Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar…” (ən-Nisa, 80)
Hz. Peyğəmbər ənsarı çox sevərdi, mühacirləri də çox sevərdi. Lakin ən çox “Əshabi-Suffə” tələbələri ilə məşğul olardı. Onları yetişdirər, bütün dünyaya təbliğ üçün müxtəlif bölgələrə göndərərdi.
Hətta Əbu Talha t bir gün Rəsulullah r-in ayaq üstə dayanaraq Əshabi-Suffəyə Quran öyrətdiyini gördü. O Rəsulların sultanı aclıq səbəbindən ikiqat qalmış belini dikəltmək üçün qarnına daş bağlamışdı. (Əbu Nuaym, Hilyə, I, 342)
Bu təlim elə bir vəcd ilə həyata keçirdi ki, İbn Məsud t yaşadıqları halı belə nəql edir:
“Biz yeyilən loğmaların zikrini eşidəcək hala gəlmişdik”. (Buxari, Mənaqib, 25)
Əbu Hüreyrə t da:
“Hər kəs xurma bağçalarında xurma aşılayarkən biz Allah Rəsulunun hüzurunda yarıac, yarıtox elm təhsil edirdik”, - deyə buyurur. (Bax. Buxari, Elm, 42)
Əshabi-Suffə təbliğ və irşad insanı idi. Onlar getdikləri hər yerdə İslamı təmsil və təbliğ edirdilər. Bir müsəlmanın təbliğ insanı ola bilməsi üçün əvvəlcə özünü əhya etməsi, yəni şəxsi təkamülünü gerçəkləşdirməsi zəruridir. Çünki boş kuzə ilə ikram olmaz.
Bir gün Həzrət Ömər t yanındakılara:
- Danışmadan da xalqın dəvətçisi olun! – buyurur.
- Ya xəlifə, danışmadan necə dəvətçi olmaq olar? – deyə soruşduqda Hz. Ömər t belə buyurur::
- Hal və əxlaqınızla.
Biz bunun bir misalını fəth edildikdən sonra Balkan yarımadasında gördük. Anadoludan gətirilərək oraya yerləşdirilən təmiz ailələrin halına heyran olan bölgə əhalisi qısa müddət ərzində müsəlman oldu.
Deməli, insandan enerji hasil olur. Eynən atomun partlaması ilə ətrafa gözlə görülməyən, lakin nəticələri müşahidə olunan radiasiya yayılması kimi insanın da ürəyindən çıxan bir enerji var. Məhz onun da müsbət olanını “feyz” adlandırır, “ruhaniyyət” deyirik. Mənfi olanına isə “qəflət” və “kəsvət” deyirik.
Rəsulullah r elə bir təbliğ halına bürünmüşdü ki, əshabı Onun söhbətində büründükləri feyz və ədəb halını belə ifadə edirdi:
“Sanki başımızın üstündə quş vardı, tərpənsək, uçacağından qorxardıq”. (Bax. Əbu Davud, Sünnə, 23-24)
Deməli, hər şeydən əvvəl insan daxili aləmini hazırlamalıdır. Nəyə hazırlamalıdır?
- Qurani-Kərimə, Quranın əmrlərinə hazırlamalıdır.
- Rəsulullah r-in əxlaqına hazırlamalıdır, Onun halı ilə həmhal olmağa, Sünnəsi üzrə yaşamağa hazırlamalıdır.
Rəsulullah r əshabını söhbətləri ilə yetişdirdi. Əshabi-kiram Peyğəmbərimizin mübarək ağzından çıxan hədisi-şəriflərlə yanaşı, Onun könül iqlimindən də nəsiblənərək kamilləşdi. Çünki məhəbbət qəlblər arasındakı cərəyan xətti kimidir. Əslində söhbətlərin məqsədi də budur. Söhbətlər hal nəqlidir. Kitab oxumağa qalsa, adam evdə də oxuya bilər. Lakin söhbətdən alacağı feyz və ruhaniyyəti ala bilməz. Yəni söhbətdə qəlblər arasında gerçəkləşən bir enerji var. Əsas qayə həmin enerjidən istifadə etməkdir.
İnsanın özünü əhya etməsi üçün ilk növbədə təzkiyədən keçməsi şərtdir. Ayeyi-kərimələrdə belə buyurulur:
قَدْ اَفْلَحَ مَنْ زَكّٰيهَا
“Nəfsini günahdan təmizləyən nicat tapmışdır!”. (əş-Şəms, 9)
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰى
“Günahlardan təmizlənən qurtulacaqdır”. (əl-Ə’la, 14)
Bu təzkiyə nəticəsində nəfsani arzulardan qurtularaq ruhani istedadları inkişaf etdirmək mümkündür. Bunun nəticəsində “təqva” yaşanacaq.
Təqva nədir?
Nəfsani arzu və istəkləri dəf edib ruhani istedadları inkişaf etdirmək, insanın daima ilahi kameralar altında olduğunun idrak və şüuruna yiyələnməsidir. Çünki:
وَهُوَ مَعَكُمْ اَيْنَ مَا كُنْتُمْۜ
“...Harada olursanız olun, O sizinlə birlikdədir...” (əl-Hədid, 4) - buyurulur.
Bunun nəticəsində fəzilətli bir müsəlman, mükərrəm insan və irfan sahibi mömin meydana çıxar. Məhz həmin insanın edəcəyi təbliğ də tamam başqa nəticələrə vəsilə olar. Onun ağzından çıxan sözlə bərabər qəlbi də hərəkətə keçər.
Bir mənada belə deyə bilərik:
Həm dilindən, həm də qəlbindən enerji hasil olar.
Əlbəttə ki, bu, məhəbbətlə baş verər. Bu məhəbbət nəticəsində qəlblər arasındakı mübadilə güclənər. Yəni ilk növbədə bir mömin özünü inkişaf etdirməli, sonra da özünü zəmanənin gedişatından məsul görməlidir.
Rəsulullah r ən çox Əshabi-Suffə ilə məşğul idi. Onları insan olan hər yerə göndərərdi. Elə bir feyz və ruhaniyyət hasil olurdu ki, verilən hər bir vəzifəyə sevərək can atardılar. Çinə, Səmərqəndə, Afrikaya gedərkən daima qəlblərində Allah və Rəsulullah məhəbbəti vardı. Onların bütün dərdi:
“Görəsən, Allah məndən razıdırmı, Rəsulullah r halımdan məmnundurmu? Qiyamət günü Peyğəmbərimizlə bərabər ola biləcəyəmmi?..” idi.
Çünki:
اَلْمَرْءُ مَعَ مَنْ اَحَبَّ
“Kişi sevdiyi ilə bərabərdir”, - buyurulur. (Buxari, Ədəb, 96)
Sevginin tərəzisi isə sevilənin yolunda edilən fədakarlıqlardır. Əshabi-kiramın könlünə hər zaman bu qayğı hakim idi. Ona görə də bu, onlara bir enerji verərdi. Onlar yorulmaq bilmədən, ərinmədən, bezmədən çalışardılar. Sevə-sevə təbliğ fəaliyyətinə can atardılar.
Rəvayətə görə, Vida həccində 120 min səhabə iştirak etmişdir. O gün yaşayan müsəlmanların ümumi sayına baxsaq, 30 min gələ bilməyənləri də saysaq, deyə bilərik ki, 150 min səhabə vardı. Lakin Məkkeyi-Mükərrəmə və Mədineyi-Münəvvərədə dəfn olunan səhabələrə baxanda 20 min ya var, ya yox.
Demək ki, hər biri evini, xurma bağçasını tərk edərək, maddi həzlərdən vaz keçərək mənəvi həzzi dadmaq dərdinə düşmüşdü. Beləliklə, özlərini zəmanənin gedişatından məsul bilmişdilər. Bizim də vəzifəmiz bu olmalıdır.
Çinə, Səmərqəndə yollanmağı bir kənara qoyaq, bu gün ilk növbədə yaşadığımız ölkədə bu əhya fəaliyyətini həyata keçirməliyik. Çünki Necip Fazılın dediyi kimi: “Oluqlar çift; birindən nur axar, birindən kir”.
Kirə çox da mane ola bilməsək də, ən azından nurun kirlənməməsinə çalışmalıyıq. Övladlarımızın təmiz qəlbi kirli fikir və düşüncələrlə zəhərlənməsin.
Bir həqiqəti də ifadə etmək istəyirəm:
Övladlarını dini və milli duyğuların təhsilindən məhrum qoyan millətləri həzin gələcək gözləyir.
Millətlərin gələcəyi haqda əvvəlcədən fikir sahibi olmaq kəramət və ya kəhanət deyil. Bunun üçün bir millətin gənclərinə baxmaq, onların enerjilərini haraya sərf etdiklərini görmək kifayətdir.
Çünki hər dövrün gəncliyi enerjisini aldığı tərbiyə istiqamətində sərf edər, seçəcəyi həyat tərzi məhz ona görə formalaşar.
Gəncliyin həyat tərzi isə o millətin gələcəyini göstərən güzgü kimidir.
Nəticə etibarilə əgər bir millətin gəncləri gücünü xeyir, mənəviyyat və fəzilət yolunda xidmətə sərf edirsə, o millət gələcək vəd edir.
Bunun əksinə, bir millətin gəncləri güc və qabiliyyətlərini nəfsin həzlərinə qurban verirsə, mənsub olduqları millətin aqibəti ziyandan başqa bir şey olmaz.
Möhtərəm atam Musa Əfəndi də belə buyurardı:
“Din, vətən, bayraq və millətin qorunması yalnız fədakar gəncliyin yetişməsinə bağlıdır”.
Abdurrahman Topbaş:
Əfəndim, sözünü etdiyimiz dəyərləri təlim edən qardaşlarımız sanki Əshabi-Suffənin bugünkü təmsilçisi olmaq üçün səy göstərirlər. Lakin tələbələr arasında tez-tez dəyişkən haləti-ruhiyyəyə şahid oluruq. Sürətlə inkişaf edən texnologiya özü ilə bir sıra mənfiliklər də gətirir. Bu günün gənclərinə necə yol tapmalıyıq. Gənclərlə necə dil tapmalıyıq?
Əslində hər kəs bu sualı verir. Yeni nəsillə əlaqələri necə qurmalıyıq?
Osman Nuri Topbaş:
Burada mühüm nöqtə gənclərin dilini tapa bilməkdir. Təlim-tədris işi ilə məşğul olanların qarşıdakını çox yaxşı tanıması lazımdır. Onların qəlbinə gedən yola bələd olması şərtdir. Doğru damarı tapmaq lazımdır, əks təqdirdə xeyir yerinə zərər vermiş olarlar.
Rəsulullah r daima insanlara Qurani-Kərimin əmr etdiyi üslubla xitab edərdi.
Rəbbimiz ayeyi-kərimələrdə belə buyurur:
قَوْلًا كَرِيماً (qövlən kərimə)[1] yəni ikram edən, iltifatlı söz söylə!
قَوْلًا مَيْسُوراً (qövlən meysura)[2] yəni könül alan, ruha rahatlıq verən, təsəlli olan söz söylə!
قَوْلًا مَعْرُوفاً (qövlən mərufa)[3] yəni gözəl söz və şirin dillə danış! Yerində və münasib söz söylə!
قَوْلًا لَيِّناً (qövlən leyyinə)[4] yəni yumşaq söz söylə!
Məsələn, Hz. Peyğəmbər r öz uşaqları ilə, yaxud da yanına gələn uşaqlarla zarafatlaşardı. Uşaqlarla qarşılaşanda salam verərdi. Onların ürəyinə gedən damarı tapardı. Hətta onlar da Peyğəmbərimizlə zarafatlaşardılar.
“Bizə nə isə verməsən, Səni buraxmayacağıq, ya Rəsulallah”, - deyərdilər. Rəsulullah da evdə olandan gətirib verərdi. Yəni təlim-tərbiyədə əvvəlcə münasibət qurmaq, müxatəbin diqqətini cəlb etmək, onun ruhuna gedən bir damar tapmaq çox mühümdür.
Rəsulullah r Mədinəyə təşrif edəndə, bir rəvayətə görə, ögey atası, başqa bir rəvayətə görə isə anası balaca Ənəs t-ın əlindən tutub Peyğəmbərimizin hüzuruna gəldi.
- Ya Rəsulallah, Ənəs sizə xidmət etsə, münasib olarmı? - dedi.
Rəsulullah r o gün 53 yaşında idi, Ənəs isə t 10 yaşında. Təsəvvürünüzə gətirin, 53 yaşlı bir peyğəmbərə, bütün dünyaya İslamı təbliğ edəcək bir peyğəmbərə 10 yaşlı uşaq necə xidmət edə bilər?
Əlbəttə ki, burada hikmət var: Peyğəmbərimiz bununla bizə övladın necə böyüdüləcəyini təlim edirdi.
Ənəs t buyurur ki:
“...Bir gün Rəsulullah r məni bir yerə göndərmək istədi. Mən “vallahi, getmərəm”, - dedim, halbuki ürəyimdə getməyə qərar vermişdim. Çünki əmri verən Allahın peyğəmbəri idi. Yola çıxdım, küçədə oynayan uşaqların yanından keçəndə başım onlara qarışdı. Bir də gördüm ki, Allah Rəsulu r arxamdan gəlib boynumdan tutub. Ona tərəf çevriləndə gülümsədiyini gördüm.
- Ənəscan! Dediyim yerə getdinmi? – deyə soruşdu.
- Bu dəqiqə gedirəm, ya Rəsulallah! - dedim”. (Müslim, Fəzail, 54)
Yəni Peyğəmbərimiz r o yaşda olan bir uşağa vəzifə verir, sonra da tapşırılan işi yerinə yetirib-yetirmədiyini yoxlayır.
Bir gün Ənəs t evə gec gəlmişdi. Anası:
- Niyə gecikdin? – deyə soruşdu.
Ənəs t:
- Allah Rəsulu məni bir iş dalınca göndərmişdi, - dedi.
Anası maraqla:
- Nə iş idi elə? – deyə soruşdu.
Ənəsin verdiyi cavab isə çox mənalıdır:
- Rəsulullahın sirridir. (Bax. Əhməd, III, 195)
Deməli, Peyğəmbərimiz bir uşağa elə tərbiyə verir ki, ona sirr əmanət edə bilir...
Ənəs t belə deyir:
“On il Mədinədə Hz. Peyğəmbərə xidmət etdim. O vaxt azyaşlı uşaq idim. Gördüyüm hər iş Peyğəmbərimizin arzu etdiyi kimi deyildi. Buna baxmayaraq Rəsulullah r mənə hər hansı bir hərəkətimə görə “uf” demədi, məni “filan işi niyə belə etdin, nə üçün belə etmədin?” – deyərək danlamadı”. (Əhməd, III, 222. Həmçinin bax. Buxari, Savm 53, Mənaqib 23; Müslim, Fəzail 82)
Yəni Ənəs t Peyğəmbərin xoşaxoşluqla xəbərdarlıq etdiyini deyir. Yeri gələndə sirrini bölüşdü, yeri gələndə dəyər verdi.
Bu nüans çox mühümdür. Deməli, qarşımızdakını yaxşı tanımaq, ona dəyər vermək, onun qəlbinə gedən damarı tapmaq, yəni könlünü qazanmaq vacibdir.
Peyğəmbərimiz r bir uşaqla necə rəftar etməli olduğunu bildiyi kimi, bir gənclə də necə danışacağını çox yaxşı bilirdi. O, hər kəsin idrak səviyyəsinə və anlayış dərəcəsinə görə xitab edərdi.
Məsələn, bir dəfə gənc bir adam Allah Rəsulunun yanına gəlib:
“Mən müsəlman oldum, amma mənə zina etmək üçün izin ver!” – dedi.
Səhabələr buna qəzəbləndilər. Az qala onu qovacaqdılar. Allah Rəsulu:
“Yol açın gəlsin”, - dedi. Sonra onu yanında oturdub soruşdu:
- Anan zina etsə, xoşuna gələrmi?
Gənc bu cavabı verdi:
- Əsla, ya Rəsulallah!
- Yaxşı, bacın zina etsə, xoşuna gələrmi?
- Əsla!
Allah Rəsulu r beləcə saymağa davam etdi. Sonda həmin gənc:
“Ya Rəsulallah! Mən vaz keçdim!” - dedi. (Bax. Əhməd, V, 256-257; Heysəmi, I, 129)
Başqa bir misal da belədir: Yenicə müsəlman olan bir bədəvi Peyğəmbərimizi ziyarətə gəlmişdi. Məscidi-Nəbəvinin bir guşəsində namazını qılandan sonra əllərini qaldırıb dua etməyə başladı:
“Ya Rəbb, mənə və Muhammədə mərhəmət et! İkimizdən başqa heç kimə mərhəmət etmə!” – dedi.
Peyğəmbərimiz r bədəvinin bu qəribə duasına təbəssüm etdi. Sonra ona:
“Allahın geniş olan rəhmətini çox daraltdın!..” - buyurdu.
Bədəvi bir az Peyğəmbərimizin yanında oturdu. Sonra məscidin bir küncünə çəkilib dəstəmazını pozmağa başladı. Səhabələr təlaşla narahat oldular. Kimisi oturduğu yerdən “etmə” deyə qışqırdı. Kimisi qəzəblə bədəvinin üstünə cumdu.
Peyğəmbərimiz dərhal məsələyə müdaxilə edərək:
“İzin verin, adam işini tamamlasın!”, - buyurdu.
Sonra bədəvinin dəstəmaz pozduğu yerə böyük bir vedrə ilə su tökmələrini söylədi və:
“Siz asanlıq üçün göndərildiniz, çətinlik çıxarmaq üçün deyil”, - buyuraraq əshabi-kiramı sakitləşdirdi.
Hz. Peyğəmbər daha sonra bədəvini yanına çağırdı. Ona məsciddə dəstəmaz pozmağın, orada natəmizliyə səbəb olmağın yolverilməz olduğunu, bu mübarək yerlərin Allahı zikr etmək, namaz qılmaq və Quran oxumaq üçün inşa edildiyini bildirdi. (Bax. Buxari, Vudu, 58, Ədəb, 80; Müslim, Təharət, 98-100; Əbu Davud, Təharət, 136)
Bir sözlə, Onun qəlblərə yol tapmasının misallarını saymaqla qurtarmaq olmaz. Məsələn, Məkkənin fəthi günü tam qisas alınacaq bir zaman idi. 20 illik zülmün intiqamını almaq üçün məqam yetişmişdi. Müşriklər qorxudan tir-tir əsərək Rəsulullahın yanına gəldilər.
- Bizi nə gözləyir? – dedilər.
Hz. Peyğəmbər r:
- Əfv gözləyir, - buyurdu.
- Sən necə də alicənab insansan, - dedilər. (Bax. İbn Hişam, IV, 32; Vaqidi, II, 835; İbn Səd, II, 142-143)
Rəsulullah r -in Uhud döyüşündə əmisi Həmzənin ciyərini çeynəyən Hindi Məkkənin fəthi günü iman gətirməsi müqabilində bağışlaması da Onun mərhəmətinin bir başqa təzahürü idi.
Hind beyət etmək istəyən qadınlarla birlikdə Peyğəmbərimizin hüzuruna gəlmişdi. Tanınmamaq üçün üzünü niqabla örtmüş, libasını da dəyişmişdi. Öldürülməkdən çox qorxurdu. Digər qadınların danışmadığını görüb:
- Ya Rəsulallah, Allaha həmd olsun ki, seçərək razı qaldığı dinini hakim qıldı. Şübhə etmirəm ki, Sənin rəhmətin mənə də toxunacaq. Ey Muhamməd, mən indi Allaha inanan və Onu təsdiq edən bir qadınam, - dedi. Sonra üzündəki niqabı qaldıraraq:
- Mən Hind binti Ütbəyəm! Allah keçmiş günahları əfv edər. Sən məni bağışla ki, Allah da Səni bağışlasın, - dedi.
Rəsulullah r təbəssüm etdi və Hindi yanına çağıraraq belə buyurdu:
- Deməli, sən Hind binti Ütbəsən?!
Hind:
- Bəli, - dedi.
Hz. Peyğəmbər r:
- Xoş gəldin! - buyurdu.
Hind:
- Vallahi, ya Rəsulallah, dünən yer üzündə Sənin ailən və tərəfdarların qədər zillət və həqarətə uğramasını istədiyim başqa bir kimsə yox idi. Bu gün səhərə çıxdıqdan sonra isə Sənin ailən və tərəfdarların qədər izzət və şərəfə nail olmasını istədiyim başqa biri yoxdur! – dedi. (Bax. Vaqidi, II, 850; Təbəri, XXVIII, 99; Zəməxşəri, VI, 107; Diyarbəkri, II, 89)
Bir başqa misal da Həbbar bin Əsvədlə bağlıdır. O, hamilə olan Həzrət Zeynəbi mizraqla yaralayıb dəvədən yıxmışdı. Hz. Zeynəb c bu hadisədə uşağını itirdi, bir müddət sonra isə bu səbəbdən vəfat etdi. Peyğəmbərimiz r çox kədərləndi, bu səbəblə ürəyi ağrıdı. Lakin İbn Əsvəd iman gətirəndən sonra “Nə üçün qızıma bunları rəva gördün?” – deyə soruşmadı. Onun hidayətlə şərəflənməsinə görə şad oldu.
Xülasə, Allah Rəsulu hər bir səhabənin ruhuna gedən damarı bilirdi. Bu, mühüm məsələdir.
Həzrət Ömər t-ın idarəçilərə nəsihət xarakterli belə bir ifadəsi var:
“Şiddət göstərməyəcək qədər ciddi, zəiflik göstərməyəcək qədər də mülayim ol!”
Çünki həddən artıq sərtlik və ciddiyyət kinə səbəb olur. Həddən artıq mülayimlik isə nüfuzu sarsıdır. Deməli, əsas məsələ bu tarazlığı qura bilməkdir. Rəsulullahın təbliğ həyatına baxdığımız zaman daim bu tarazlığı qoruyub saxladığını görürük. O, adama görə xitab edərdi, lakin doğru bildiklərini əsla gizlətməzdi.
Məsələn, bir bədəvi yanına gələrək iman etmək istədiyini bildirdi. Rəsulullah ona imanın şərtlərini saydı. O isə Peyğəmbərimizdən cihad, yəni Allah yolunda çalışmaq və sədəqə xüsusunda məsul tutulmamasını istədi. Hz. Peyğəmbər r ona:
“Cihad yoxdu, sədəqə yoxdu. Bəs elə olan halda cənnətə necə girəcəksən?!” - dedi.
Bu zaman həmin bədəvi:
“Ya Rəsulallah, beyət edirəm”, - dedi və Allah Rəsulunun bütün şərtlərini qəbul etdi. (Əhməd, V, 224)
Yəni Allah Rəsulu r yerinə görə, qarşısındakı adama görə xitab edərdi.
Deməli, təbliğ edəcək adamın da qəlbi zənginliyə sahib olması, elm və irfan baxımından müəyyən bir səviyyəyə çatması lazımdır.
Adem Ergül:
Buyurduğunuz kimi, gənclərin qəlbinə və ruhuna gedən damarı tapa bilmək üçün fərasət, bəsirət lazımdır, qəlblər bir növ rentgen cihazı kimi olmalıdır. Bu gün müəllimlərimiz və təlim-tərbiyə işi ilə məşğul olan könüldaşlarımız arasında da zaman-zaman bezginliklər, ruhdan düşmələr, ətalətə və ümidsizliyə qapılmalar müşahidə olunur. Əvvəlki həyəcanı yenidən hiss etmək üçün, xidmət eşqimizin alovlanması üçün hansı vasitələrə əl ata bilərik?
Osman Nuri Topbaş:
İlk növbədə bunu qeyd edim ki, bu gün bir növ qurdlar vadisində yaşayırıq. Dünya qurdlar süfrəsinə dönüb. Qlobal güclər talan etmək istədikləri bir çox ölkəni matamə bürüdülər. Çünki qlobal güclər liberalizmin və kapitalizmin nəticəsi olaraq vicdan yoxsuludurlar. Onlar üçün yalnız və yalnız mənfəət məfhumu mövcuddur. Şüarları bundan ibarətdir: “Qoy keçsin, qoy etsin, altda qalanın canı çıxsın!”
Onların axirət qorxusu da yoxdur. Hətta axirəti inkar edirlər. Deizm, ateizm və materializm ruhlarını satın almışdır… Dünyaya kölə olmağı, nəfsin əsirinə çevrilməyi hürriyyət zənn edirlər. “Digər canlılar istədiyi şəkildə yaşadığı kimi mən də onlar kimi istədiyimi etməliyəm, ürəyim necə istəyirsə elə hərəkət etməliyəm”, - deyirlər.
Televiziya ekranlarının mənfi proqramları, yanlış internet saytları nəfsləri günaha təhrik edir, ruhlara zəhər saçır. İzlənən proqramlar məhz buna xidmət edir. Digər bir bəla da moda bəlasıdır. Təəssüf ki, gənclərin saç düzümü və geyim tərzi modaya görə formalaşır. İnsanlar özlərini göstərmək üçün marka aludəçiliyinin əsirinə çevrilirlər.
Xülasə, bunlar cəmiyyətdəki gəncləri kompleksə sürükləyir. Bu, çox acınacaqlı haldır. Gəncləri bu kompleksdən qurtarmaq, batilə heyranlığın yanlış olduğunu onlara dərk etdirmək günümüzün ən mühüm məsələsidir.
Ayeyi-kərimədə kimlərin yoluna tabe olacağımız belə bildirilir:
صِرَاطَ الَّذ۪ينَ اَنْعَمْتَ عَلَيْهِمْ
“(Bizi) Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt)…” (əl-Fatihə, 7)
Allahın nemət bəxş etdikləri kimlərdir?
Bunu Rəbbimiz başqa bir ayədə belə izah edir:
“Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar…” (ən-Nisa, 69)
Yəni peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlər; onlardan olmağa, onların yoluna tabe olmağa çalışmalıyıq.
غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّاۤلّ۪ينَ
“…Qəzəbə düçar olmuşların və azmışların yoluna yox!” (əl-Fatihə, 7)
Yolunu azanlardan, zəlalətə düşənlərdən olmamalıyıq.
مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ
“Hər hansı bir topluma bənzəməyə can atan onlardandır”, - buyurulur. (Əbu Davud, Libas, 4/4031)
Deməli, qorumaq lazımdır.
Nəyi qorumalıyıq?
Qəlbləri qorumalıyıq.
Qəlbləri necə qorumalıyıq? Rəbbimiz:
كُونُوا مَعَ الصَّادِق۪ينَ
“…Sadiqlərlə bərabər olun!..” (ət-Tövbə, 119) buyurur.
Saleh və sadiq möminlərdən ibarət gözəl bir mühit olmalıdır. O mühitdən çıxmamaq lazımdır. Çünki həmin mühitdən çıxdığımız zaman qurdlar vadisinə düşərik.
Sağlam mühit nə zaman qurulmalıdır?
Uşaq yaşdan etibarən qurulmalıdır. Çünki ağac yaş ikən əyilər.
Bu xüsusda hər şeydən əvvəl ata-ananın fərasətinə ehtiyac var. Sonra cəmiyyətdəki müəssisələrin də gücü öz sözünü deməlidir. Bunun üçün fədakar insan yetişməlidir. Fədakar insanın varsa varsan, yoxdursa yoxsan.
Bu xüsus müharibədə də belədir. Çanaqqalanı düşünək. Sözün həqiqi mənasında şəhidlər verildi, ardınca qalibiyyət gəldi.
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَع۪ينُ
“(Rəbbimiz!) Yalnız Sənə qulluq edər və yalnız Səndən yardım istəyərik” (əl-Fatihə, 5) ayəsi gerçəkləşdi.
Lakin bir müharibədə daxili zənginliklərdən məhrum insanlar ölərsə, bunun ardınca fəlakət gələr. Geriyə sadəcə çöküntü qalar.
Bu gün ən mühüm məsələ gənclərin mənəvi dünyasını zənginləşdirə bilməkdir. Maddi və mənəvi olaraq yüksək keyfiyyətə malik insanlar yetişdirməliyik.
Mütəfəkkirlərdən birinin ibrətli bir sözü var:
“Hakim millətlərlə məhkum millətlər arasındakı yeganə fərq, tərəzinin bir gözünü digərindən ağır edən bir qram kimidir. Yetişmiş bir ovuc insanın varsa, qalib millətsən, yoxsa məhkum…”
Peyğəmbərlərin qoyub getdiyi miras insan mirasıdır. Onlar mal-mülk miras qoymadılar. İnsan var-dövlət miras qoysa da, əgər varislərinin içi boşdursa, atadan qalanı nəfsi istəklərinə xərcləyəcəkdir. Həmin mirası qoyan isə axirət günü o sərvətin hesabını verəcək…
(ardı var…)
ŞƏRHLƏR