SOVET AZƏRBAYCANINDA QADIN
Kino ən yaxşı təsir vasitəsidir. XX əsrdən etibarən hərəkətli görüntünün, yəni imicin izləyicidə yaratdığı təəssürat diqqətdən qaçmadı və gözlər kameraya çevrildi. Sovet qurulma və möhkəmlənmə dövründə hər kəsə xitab edəcək filmlər ekranlaşdırdı. Səssiz kino ilə danışmadan fərqli dillərə, fərqli zehinlərə tor atdı və nəticədə həmin insanlar tora düşdü. Birinci növbədə ekran başında əyləşdirəcəkləri qadınlar və uşaqlar olmalı idi. Kişilər onsuz sosializmə meyilli görünürdü. Ancaq qadınlar hələ də ənənəyə sadiq idilər. Onlar üçün ilk növbədə ev, ailə və uşaq idi. Sovet kinosu məhz səssiz kino ilə səssiz propaqandanı gerçəkləşdirdi.[1] Nəticədə Leo Murun “Gilan qızı” filmində Səkinə obrazı ilə qadınlar digər işlərdən yayınıb sosializmə meyilləndilər, kommunizm üçün çalışdılar, “Sevil” filmində Sevil obrazı ilə çadranı atıb, ənənədən imtina edib kommuna sistemində işləməyə başladılar.
Sağlam bünövrəni quran rejim daha sonra müxtəlif sahələrə toxunmağa cəhd edir. 1934-cü ildə Mikayıl Mikayılovun çəkdiyi “İsmət” (Adətin məhvi) filmi dövrünə görə ciddi addım atır, artıq qadın tamamilə yeni sahəyə maraq göstərir. İsmət toxuculuq fabrikində dərzi kimi işləyir. İş yerindən bir qrup təşkil edilərək təyyarəçilərə qonaq göndərilir. Bu peşə İsmətin həvəsini çəkir, pilotlar da onların bir neçəsini təyyarə ilə uçurtmağı qərarlaşdırırlar və təyyarədə olarkən qəflətən külək İsmətin çadrasını alıb aparır. İsmətin kişilərlə (pilotlar) qucaqlaşması və gülməsi ilə ailəsinin şaxsey-vaxseyi izləyiciyə xoşbəxtlik və bədbəxtliyin epizodlarını verir. Səmada təyyarəsi ilə uçan (azadlığın simvolu) İsmətə digər qadınlar aşağıdan yuxarıya doğru baxanda kameralar həmin qadınların mimikaları ilə qısqanclığı fokuslayır. İzləyiciyə qadının çadradan qurtulması xoşbəxtlik kimi göstərilir.
1935-ci ildə isə, demək olar ki, gündəmə yeni mövzu daxil edilir. Azərbaycanın ilk səsli filmi “Mavi dənizin sahilində” filmində obrazlar arası xaotik sevgi münasibəti təsvir olunur. İki dost Yusif və Alyoşa Maşenka adlı qızı sevirlər, Maşenka isə başqa birini sevir. Heç kəsin gün üzünə çıxartmaq istəmədiyi sevgi macəraları adiləşdirilir.
1936-cı ildə Cəfər Cabbarlının ssenari müəllifi olduğu “Almaz” filmi də sovet ideologiyasına xidmət etsə də, burada başqa bir nüans diqqət çəkir. Almaz uzaq dağ kəndlərinin birində müəllim işləyir. Bu xeyirxah müəllim dərs deməklə yanaşı, uşaqların ailəsi, daha doğrusu onların anaları ilə maraqlanır. Onları işlərə cəlb etməyə, kişimərkəzçilikdən yaxa qurtarmağa çalışır və qadın haqları müdafiəçisi vəzifəsini icra edir. Hətta kənddəki məscidin toxuculuq artelinə çevrilməsini belə təklif edir.
Otuzuncu ilin sonlarına doğru Sovet Respublikalarında kommuna sistemi gücləndirilməyə, daha çox insan işlədilməyə çalışılır. Burada yenə qadınlar üzərindən oyunlar oynanılır. Kənd təsərrüfatında ən çox işləyən qadın idi. Qadınlar əvvəllər öz əkin sahələrində işləyirdilər, amma rejim buna qane olmurdu. Daha çox işləmək, daha çox məhsul istəyi qadınların ailələrinə sərf edəcəkləri vaxtı oğurladı. Qadınlar bir-biri ilə yarışa soxuldu. Medallar, mükafatlar və digər təşviqedici şeylər qadınları rəqiblərə çevirdi. 1937-ci ildə Azərbaycanda iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü Bəsti Bağırova haqqında “Pambıq yığımı Staxanovçuları” adlı film ekranlaşdırılır. Bəsti Bağırovanın timsalında Azərbaycan qadınına “ailəni bir kənara qoy, bir əllə bəs etmir, iki əllə yığ” mesajı verilir. “Bu nə plovdu, yağ gətir” ifadəsi ilə izləyicinin yaddaşına hopan “Görüş” filmi buna ən yaxşı nümunələrdən biridir.
İkinci dünya müharibəsinin başlaması ilə proses müəyyən qədər dayanır və kameralar birlik, bərabərlik, düşmənə qarşı döyüş, ön və arxa cəbhə, xalqların dostluğu və qardaşlıq kimi mövzulara yönəlir, onlarla filmlər çəkilir. İkinci dünya müharibəsindən sonra yenidənqurma, inşaat işləri, dağılmış yerlərin bərpası ilə yanaşı, yenə diqqət kənd təsərrüfatına yönəlir. Əkin sahələrində studiyalar qurulur, qadınlar nə iş gəldi görür, görüntü ilə “nə durmusan, gəl, sən də işlə”, - deyir. Qadın təkcə sahədə toxa vurmur, pambıq yığmır, məhsul əkmir, o həm də traktor sürür, hətta təmir də edir. Üstəlik qadınlar həmin işləri kişilərdən daha yaxşı görür. Sovet Azərbaycanında çəkilən filmlərdə kişilər adətən sahədən uzaq, tənbəl, ağlı bir qarış havada, qadınlar isə ancaq iş düşünən, günü sahədə keçən biri kimi göstərilir, bir sözlə, kişi anti-qəhrəman, qadın qəhrəman prototipi təqdim edilir.
Qeyd edilən zaman kəsiyində Bakı kinostudiyası (1939-1959) Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” liberettosu əsasında Rza Təhmasibin rejissorluğu ilə 1956-cı ildə “O olmasın, bu olsun” filmini çəkir. Titrda Üzeyir bəyin adı keçmədiyi kimi, film də onun düşüncələrindən və istəyindən müəyyən qədər fərqli ab-hava üçün istifadə edildi. Azərbaycanlıların, demək olar ki, əksəriyyəti bu filmə ən azı bir dəfə baxıb. Ola bilər ki, diqqət yetirməyiblər, lakin kadrlar insan şüuraltına hopur və ona mənfi siqnallar ötürür. Filmin hər kadrı rejimin məqsədlərinə xidmət edir. Altmışıncı illərdən başlayaraq Sovet hökuməti manipulyasiyada yeni strategiya müəyyənləşdirdi. Milli qəhrəmanların, dövrün ədiblərinin əli ilə öz istəklərini uyğunlaşdırdı. Bir tərəfdən də əvvəlki işlərə davam edildi. Beləliklə, sovet düşüncəsi yerli-yerinə oturdu və keçmiş nəslin “bizim dövrümüzdə”, “Sovetin vaxtında” kimi deyimləri möhkəmləndi.
[1] İrfan İctimai Fikir Jurnalının 173-cü sayında yayımlanan “Səssiz propaqanda” adlı məqalədən daha ətraflı oxuya bilərsiniz.
ŞƏRHLƏR