HEKAYƏLƏR

HEKAYƏLƏR

Mərhəmətlilərin ən mərhəmətlisi Allahdır

Fudayl ibn İyad deyir ki, bir dəfə məscidə gedirdim. Bir evin yanından keçəndə bir qadının öz uşağını vurduğunu və onu evdən çıxarıb qapının ağzına qoyduğunu gördüm.

Mən məsciddən çıxıb öz evimə qayıdanda yenə həmin evin qarşısından keçdim və gördüm ki, uşaq hələ də qapının ağzında uzanıb ağlayır. Ayaq saxladım və kənardan müşahidə etdim. Uşaq ağlayaraq anasından onu bağışlamasını və evə buraxmasını istəyirdi. Çox keçmədi, qapı açıldı və anası uşağı evə buraxdı.

Fudayl deyir ki, vallahi, mən saqqalım bütünlüklə yaş olana qədər dayanmadan ağladım. Bildim ki, bu uşağı anası içəri buraxdısa, biz Allahın qapısından əl çəkməsək, səbir etsək, bağışlanma diləsək, Allah o qapını mütləq bizim üzümüzə açacaq. Çünki Allah ən mərhəmətli olandır və Onun bağışlaması daha ucadır.

 

Uzunqulaq səsi

Mövlana həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:

- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər. Mövlana deyir:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və ya arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.

 

E-mailim olsaydı

Bir nəfər Microsoft şirkətinə iş üçün görüşməyə gedir. Girmək istədiyi iş isə ayaqyolu təmizləyicisi işidir. Menecer ilə görüşür, tıxanmış borunu yaxşı təmizləyib testdən keçir. Menecer həmin şəxsə testi keçdiyini, işə başlama gününü və saatını e-mail formasında göndərəcəyini söyləyir. Adam e-mail istifadə etmədiyini bildirir. Menecer: "Üzrlü hesab edin, amma bizim şirkət e-maili olmayan bir şəxsi işə götürməz", - deyir. Adam çarəsiz qalaraq küçəyə çıxır və "Nə etsəm, nə iş görsəm?.." - deyə düşünərkən cibindəki 10 dollar ilə 20 kilo gilas almağa qərar verir. Qapı-qapı gəzərək gilasları satır və iki saata sərmayəsini ikiqat edir. "Bu şəkildə çörək pulumu çıxara bilərəm", - deyərək hər gün səhər tezdən qalxıb, qapı-qapı gəzib gilas satışını davam etdirir. Hər gün sərmayəsi daha da böyüyür. Və bir gün kiçik bir maşın alıb satışını daha sürətli şəkildə davam etdirir. Qısa bir müddətdə yük maşını və bir neçə dənə də kiçik avtomobil alır. Aradan beş il keçir və Amerikanın ən böyük şirkətlərinin birinə sahiblik etməyə başlayır. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta etdirmək qərarına gəlir. Sığorta şirkəti ondan e-mail adresi istəyir. E-mail istifadə etmədiyini söylədiyində sığorta işçisi: "Maraqlıdır, e-mailiniz olmadan böyük bir şirkət qurmusunuz, bir də e-mailiniz olsaydı, nələr edərdiniz?!" - deyir.

Adam belə cavab verir: "E-mailim olsaydı, indi Microsoft şirkətində ayaqyolu təmizləyən işləyirdim”.

 

Atanızın sümüklərini tapa bilmirəm

İspaniyada əcdadları ilə fəxr edən bir kral varmış. Bu kral kasıblara, zəiflərə qarşı öz qəddarlığı ilə tanınırmış.

Bir gün kral öz adamları ilə Araqon çölündə gəzirmiş. Neçə illər əvvəl bu çöllərdə baş verən bir döyüşdə o, atasını itiribmiş.

Kral görür ki, yaşlı bir kişi çölün düzündə bir qalaq sümük yığıb.
- Burda nə edirsən? - kral kişidən soruşur.
Qoca deyir:
- Əlahəzrət! Mən eşitdim ki, bu gün siz - kral həzrətləri adamlarınızla bura gələcəksiniz, ona görə də rəhmətlik atanızın sümüklərini tapıb sizə hədiyyə etməyi qərara aldım. Amma nə qədər axtarsam da, atanızın sümüklərini tapa bilmədim. Çünki sizin atanızın sümükləri də kasıbların, dilənçilərin sümükləri ilə eynidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz