BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا
“Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar”. (əl-Furqan, 25/73)
Qurani-Kərimdə insanın ağıl sahibi, düşünən və dərk edən bir varlıq olduğu önəmlə vurğulanır. Anadan olarkən heç bir biliyi olmayan insan oğluna öyrənmək üçün qulaqlar, gözlər və qəlb (ağıl) verildiyi “Sizi yaradan, sizə qulaq, göz və qəlblər bəxş edən Odur” (əl-Mülk, 67/23) ayəsində də qeyd olunur və insanın digər varlıqlardan ayırdedici xüsusiyyətlərinə diqqət çəkilir.
Quran ayələrinin xatırladılması gözlərini, qulaqlarını və qəlblərini Qurani-Kərimin həqiqət çağırısına qarşı qapamayan möminlərin imanlarının möhkəmlənməsinə və öz həyat tərzlərini gözdən keçirmələrinə səbəb olur. Uca Allahın ayələri oxunanda həqiqi möminlər canla-başla ona meyil edər, qulaqlarını, gözlərini və könüllərini Quran həqiqətlərinə açarlar.
Rəbbimizin ayələrindən lazım olan faydalı məlumatları öyrənə bilmək bizim bu işdəki səmimiyyətimizdən və eyni zamanda Quranın düzgün oxunub başa düşülməsi üçün vacib olan bilik səviyyəsinə sahib olmağımızdan asılıdır. Bu şərtlərə sahib olmayanların Quran oxumaları, qulaq asmaları və Qurani-Kərimə qarşı göstərdikləri laqeydlik bu ayədə korların və karların vəziyyətinə bənzədilmişdir.
Qurani-Kərimdə karlıq və korluq kimi insandakı fiziki qüsurlar bir çox ayədə təşbeh/bənzətmə üçün istifadə edilmişdir. Buna görə ayələrdə bu kimi qüsurları olan insanların təhqir edildiyi əsla düşünülməməlidir. Çünki elə kar və kor möminlər vardır ki, onların imanı və səmimiyyəti sağlam insanlardan qat-qat güclüdür. Buna “Əbəsə” surəsinin nazil olmasına səbəb olan kor səhabə Abdullah ibn Ümmü Məktumu misal göstərə bilərik.
Onu da qeyd etməliyik ki, Quran həm kəlmələri, həm də mənası ilə birlikdə Qurandır və hər iki cəhəti vəhy məhsuludur. Buna görə də Qurani-Kərimi nazil olduğu ərəb dilində oxumaq da mühüm bir ibadətdir. Lakin onun mənası və mahiyyəti ilə maraqlanmamaq və ya onu yalnız dini mərasimlərdə və ya ölülərimizə oxumaq üçün istifadə etmək naqis bir əməl olaraq qalar. Bununla bağlı məhz “Yasin” surəsinin 70-ci ayəsində Allah-Təala: “Diri olanları xəbərdar etsin və kafirlər barəsindəki (əzab) sözü vacib olsun deyə (Quranı nazil etdik)”, – buyuraraq bu gerçəyə işarə edir. Buna görə də İslam dininin əsası olan müqəddəs Kitabımızı öyrənməyi qarşımıza vəzifə qoyduğumuz kimi, ailəmizə Quranı öyrətməyə, övladlarımızı da buna təşviq etməyə çalışmalıyıq. Çünki Peyğəmbərimiz (s.ə.s) də bununla bağlı buyurur: “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”. (Tirmizi, Fəzailül-Quran, 15)
ŞƏRHLƏR