NECƏ QADIN, NECƏ KİŞİ?

NECƏ QADIN, NECƏ KİŞİ?

  Uca Allah kainatda hər şeyi cüt yaratmışdır. Qurani-Kərimdə buyurulur: “Hər şeydən cüt-cüt (kişi və qadın, biri-birinin əksi olmaqla cüt) yaratdıq. Bəlkə bir düşünüb ibrət alasınız”. (əz-Zəriyat, 51/49) Bu cütlərdən birinin o birisinə bütün cəhətləri ilə bərabər olduğunu iddia etmək qeyri-realdır. Zərrələrdən bitkilərə, bitkilərdən heyvanlar və insanlar arasındakı erkək və dişiliyə qədər hər şey cütdür və biri-birinə möhtacdır.

 Hz. Peyğəmbər (s.ə.s) bir hədisində bu həqiqəti belə ifadə etmişdir: “Qadınlar kişilərin yarısıdır”. (Əbu Davud, Təharət, 94) Yəni İslam dini qadın və kişini bir bütövün iki parçası kimi görür. Fiziki və psixoloji baxımdan fərqli xilqətdə olsalar da, İslam dini məsuliyyət, haqq-hüquq baxımından qadın və kişi arasında fərq qoymamış, üstünlük və fəzilətin təqva ölçüsünə görə dəyər qazandığını ifadə etmişdir. Bununla yanaşı, İslam dini qadın və kişilərə özlərinəməxsus və fitrətə uyğun profil müəyyənləşdirmişdir.

İSLAMIN QADIN PROFİLİ

“Hər mədəniyyət öz insan profilini ərsəyə gətirir” deyilmişdir. Bu baxımdan İslam dini də özünəməxsus insan profilini formalaşdırmaq üçün müəyyən qaydalar təsis etmişdir. Bu pəncərədən baxdıqda İslam dini qadınlara müəyyən tövsiyələr vermişdir. Əvvəla qadınlar zinət kimi qəbul edildiyinə görə, həm bəzək əşyalarını, həm də fiziki zinətlərini yad şəxslərdən gizlətmələri tövsiyə edilmişdir. Zinət nə qədər gizli qalsa, o qədər dəyəri artar. Bu mənada dəbdəbəli geyim və vizualdan uzaqlaşmaq əsas prinsipdir. Qurani-Kərimdə bu əmr öz əksini belə tapır: “Mömin qadınlara de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər…”. (ən-Nur, 31) Ayənin davamında “Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar” buyurularaq qadınların kişilərin və naməhrəmlərin diqqətini üzərinə cəlb edəcək davranışları qətiyyətlə qadağan edilir.

Hz. Aişənin rəvayət etdiyi bir hədisdə Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Ey insanlar! Qadınlarınızı zinət əşyalarını taxaraq məscidlərdə göstəriş etməkdən çəkindirin”. (İbn Macə, Fitən, 19) Bəzənmə və zinətlər el üçün yox, ev (əri və ailəsi)  üçün olmalıdır.

Hz. Peyğəmbər (s.ə.s): “Hər göz naməhrəm qadına baxaraq göz zinası etmişdir. Əgər bir qadın ətirlənərək kişilərin yanından keçərsə, o da (ona baxan kişilər kimi) zina etmiş sayılar”. (Tirmizi, Ədəb, 35) - deyərək zina və nəfsi oxşayıcı davranışlara səbəb olmaqdan qətiyyətlə çəkindirmişdir.

Həmçinin gözəl görünmək üçün qaşlara diqqət çəkici şəkil verməyi (Buxari, Libas, 84) xilqət dəyişmə kimi qəbul edərək qadağan etmiş, məcburiyyət olmadığı halda diqqət çəkici olmaq üçün estetik əməliyyatların aparılmasını pisləmiş, təbii gözəlliyi mühafizə etməyi məsləhət bilmişdir.

Xülasə, İslam mötədil, fitnə səbəbi olacaq davranışlardan çəkinən, Allahın xilqətinə yerləşdirdiyi fitrəti ilə barışıq, Hz. Xədicə, Hz. Fatimə kimi nümunəvi ana olma arzusunda olan qadın profili tövsiyə edir.

İSLAMIN KİŞİ PROFİLİ

Evin, namusun, ailənin hər cəhətdən mühafizəçisi olan kişilərin də necə olması İslam dininin tənzimlədiyi məsələlərdən biridir. Əvvəla “Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim, 6) ayəsinin ilk müxatəbi olan kişi halal-haram həssaslığına diqqət yetirməli, nümunəviliyi ilə ailəsini Allahın əmr etdiyi xüsusiyyətlərlə şəkilləndirməlidir.

Hz. Peyğəmbər (s.ə.s) kişilərin libas, davranış, danışıq və digər xüsuslarda özlərini qadınlara bənzədənlərinə lənət oxuyaraq xilqəti və fitrəti çərçivəsində həyat nizamı qurmalarını qətiyyətlə tövsiyə etmişdir. Həmçinin müəyyən zinət əşyalarından bəzək məqsədli istifadə etməyin münasib davranış olmadığını söyləyərək qadınlara məxsus xüsusiyyətlərdən çəkindirmişdir.

İslam dini onun mədəniyyəti ilə yoğrulmaq istəyən kişiləri göz zinasından çəkindirdiyi kimi, zinaya səbəb olacaq bütün davranışları da qadağan etmişdir. Qadınların qapalı məkanlarda naməhrəm kişi ilə təkbaşına qalmasını qətiyyətlə qadağan edərək belə davranışların şeytanı sevindirdiyini söyləmişdir. Həmçinin naməhrəm qadınlara qarşı “kor” olmağın arzuedilən olduğunu söyləmişdir.

“İnsan sevdiyi ilə bərabərdir” (Müslim, Birr, 50) - buyuran Hz. Peyğəmbər (s.ə.s) “Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardandır” (Əbu Davud, Libas, 4) - deyərək müsəlman kişilərin İslamın əsaslarından uzaq mədəniyyətlə yoğrulmuş şəxslərə yox, dəyərlərinə və milliliyinə dəyər verən insanlara bənzəməsini istəmişdir.

Qurani-Kərim “Yer üzündə təkəbbürlənərək gəzmə!..” (əl-İsra, 37) buyuraraq təkəbbürlü olmaqdan çəkindirir və alçaqkönüllü olmağı əmr edir, müsəlman kişilərə. Eyni zamanda ən pis səsin uzunqulaq səsi olduğunu bildirərək danışıq və davranışlarda mötədil olan və bu əmrləri həyat düsturuna çevirən kişi profili arzu edir.

Xülasə, İslam dini göründüyü kimi olan, cəsur, comərd, hiyləgərlikdən uzaq, halal axtarışında olan, qayğıkeş, pis güman bəsləməyən, adət-ənənəsinə şəriət ölçüləri çərçivəsində tabe olan, dəyərlərinə dəyər verən, müdrik, vüqarlı, mərhəmət dəryası olan kişi profili təsis etmiş və buna sahib çıxmağı əmr etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz