Xərcləməyi Bil

Xərcləməyi Bil

“Bit bazarından geyin, amma mütləq keyfiyyətli qidalan” – bu sözün altından xətt çəkdim və rəhmətlik atamı düşündüm. Atam pal-paltar olsun, mebel olsun, belə şeylərdə “təzəsini alaq, modelini dəyişək” deməz, tamamilə köhnəlmədikcə təzəsinin alınmasına razılıq verməzdi. Yemək-içmək mövzusunda isə, zavoddan təqaüdə ayrılmış fəhlə olmasına baxmayaraq, əlindən gələni edər, evimizdə zeytun yağından bəkməzə, meyvədən ətə qədər heç nəyi əskik etməməyə çalışardı. Evdə də tez-tez: “Oğlum, pulunuzu həkimə yedirməkdənsə, dərmana verməkdənsə, gedin qidaya verin; pulunuzu özünüz yeyin”, - deyərdi. Atam bu sözü hardansa oxuyub demişdi ki?! Yəqin ki, ya kimdənsə eşitmişdi, yaxud özü quraşdırmışdı.

Sənətkar, idmançı, siyasətçi olanda, Tarkan kimi, “tualetə getməliyəm” desən də, bu sözü dərhal hamıya eşitdirirlər. Xalqın dilindən çıxan irfani sözlər isə nə qədər parıltılı olursa olsun, yüksələ bilmir. “Bit bazarından geyin, amma mütləq keyfiyyətli qidalan” nəzəri ilə ətrafıma baxıram. Gördüklərim heç də ürəkaçan deyil. Bir yaxın dostuma: “Niyə pulunu yemirsən? Soyuducun bomboşdur. Almağa imkanın var, amma işin-gücün xalça, pərdə, divan təzələmək, ya da bir kənara pul yığmaqdır. Allah quluna verdiyi nemətləri o qulunun evində, soyuducusunda və əynində görməkdən xoşlanar. Xətrinə dəyməsin, amma çadırda yaşayan mültəcilərdən fərqin yoxdur. Varyeməzin malını kim yeyər?!” – demişdim.

Bir çox insan yaxşı geyinməyə, yaxşı görünməyə, saxta təbəssümlərə əhəmiyyət verir, amma yediyinə, içdiyinə fikir vermir. Filan telefonu, filan ayaqqabını alır, amma evinə bal, qaymaq, alma, üzüm almır. “Mühüm olan görünməyən mədənin içi deyil, görünən tərəfimizdir” məntiqi ilə yaşayır. Həzrət Adəmin torpağını görüb ruhunu görə bilməyən şeytan da şəkilçi (xarici görünüşə əhəmiyyət verən) deyildimi?

Bir tanış adama maşını əmanət edib “bir il sonra götürərəm” desək, o tanışımız maşına yaxşı baxmasa – heç yumasa, nasazlıqlarına fikir verməsə, keyfiyyətsiz benzin töksə, reaksiyamız necə olar? Başqa biri isə, deyək ki, əmanət aldığı maşına çox yaxşı baxdı, diqqətlə yanaşdı, zərər verməməyə çalışdı. Biri maşına qarşı çox xəsis yanaşdı, digəri isə həssaslıq göstərdi. Diqqətcil olanı daha çox bəyənərsiniz, elə deyilmi? İnsanın bədəni də nümunə verdiyim maşın kimi, əmanətdir.

Uşaqlıq illərimdə “Varyeməz əmi” deyə bir cizgi filmi var idi. Varyeməz əmi, adında olduğu kimi, xərcləməkdən qorxar, simiclik edərdi. İndi varyeməz əmilərin, varyeməz xalaların, varyeməz gəlinlərin, varyeməz insanların dövründə yaşayırıq. “Hər şey ziddi ilə qaimdir”. Varyeməz insanlar olduğu kimi, saçıb sovuran, hesab-kitab bilməyən, ayağını yorğanına görə uzatmayan, qənaətdən uzaq insanlar da var. Bu ikisinin ortası yoxdurmu? Tən ortası olmasa da, xəsislikdən uzaq, bol xərcləməyə nisbətən yaxın bir yerdə olmaq daha etibarlıdır. Xəsisliyin bəlası saçıb sovurmağın bəlasından daha böyükdür.

Napoleonun “money, money, money” deməsi kimi, bilik və hikmətin nəfəsinin kəsildiyi yaxın tarixdə “para, para, para” (para – pul) mahnısının sözləri insan ilə pul münasibətlərini necə də gözəl xülasə edirdi:

“Para, para, para,

Varlığı bir dərd, yoxluğu yara.

Para, para, para,

Yoxluğu başqa dərd, fazlası bəla.

Para, para, para,

Göməcəyəm səni bir gün məzara”.

Sahib olunan xüsusiyyətlər və imkanlar insan olsun, heyvan olsun, sahibi üçün sıxıntı səbəbi olur. Bülbül gözəl səsinə görə qəfəsdə yaşayır, amma qarğa sərbəstcə uçur. Sərvətə gözətçilik etmək başqa şeydir, haqq və xalq üçün sərf etmək başqa. Dünyanın Zeynalabdin Tağıyev kimi infaq edən, zənginliyini başqalarının istifadəsinə təqdim edən insanlara ehtiyacı var. Qədim kitablarda belə bir hekayə nəql edilir:

Padşahlardan birinə firuzə rəngli cəvahiratla bəzənmiş bir qab hədiyyə verilir. Bu qabın bənzərini daha əvvəl görən olmamışdı. Hədsiz dərəcədə qiymətli və dünyada misli görülməyən bu qabı padşah çox bəyənir. Vəzirdən soruşur:

- Necə görünür?

- Mən onda müsibət və yoxsulluq görürəm!

- Necə yəni müsibət və yoxsulluq görürəm! Bu, üstünlük və öyünmə səbəbi deyilmi? Bunun qiymətinin əvəzində ölkələri satın alaram!

- Əgər qırılsa, müsibət olar. Əgər oğurlansa, buna görə kədərlənərsən və başqa bir bənzərini tapa bilməzsən. Halbuki bu sənə gəlmədən əvvəl sən həm belə bir fəlakətdən uzaq idin, həm də buna möhtac deyildin.

Bir gün o qab qırılır, yaxud oğurlanır. Bu hadisə padşaha çox pis təsir edir və deyir: “Vəzir düz deyirmiş! Kaş o qab mənə heç verilməmiş olaydı!”

Həyat padşaha hədiyyə verilən qabın qırıldığı və ya oğurlandığı zaman yaşanan peşmanlıqlarla doludur. Uşaqlıq və gənclik ötüb keçir, hər nəfəsdə qəbrə yaxınlaşırıq. Bu uzun həyatdan geridə qalan sadəcə peşmanlıq və həsrətdir. Həyat uzun olsa da, geriyə “oxay, nə yaxşı” deyil, “ah, kaş ki”lər qalır...

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz