Ürəyimiz titrədi

Ürəyimiz titrədi

Fevralın 6-da səhəri zəhər kimi acı, sarsıdıcı bir xəbərlə açdıq: “Qardaş Türkiyədə zəlzələ baş verib”. Mərkəzi Qəhrəmanmaraş rayonu olan 7.7 bal gücündəki zəlzələnin törətdiyi fəsadların, verdiyi zərərin nəhəngliyi gün ağardıqca, ağır saatlar bir-birini əvəzlədikcə ortaya çıxmağa başladı. Sonrakı günlər “əsrin fəlakəti” adlandırılan genişmiqyaslı zəlzələ Türkiyənin 11 rayonunda dəhşətli dağıntılara səbəb olmuşdu.

Qış fəslinin tarix yaddaşımızdakı izləri adətən soyuq izlərdir, hüzndür. “20 Yanvar”ın kədəri ilə fevral ayının sağalmaz yarası olan “Xocalı soyqırımı” arasındakı bu günlərdə eşitdiyimiz sarsıdıcı fəlakət xəbəri hüznümüzü ikiyə qatladı, kövrək könüllərimizi acıya qərq edərək göz yaşlarımızı gilələdi. İlahi, bu necə bir fəlakətdir! İnsan oğlu necə də zəifdir, ilahi!..

Uzun müddətli hüzn dalğası içində zaman-zaman üzümüzə sevinc və təsəlli bəxş edən parıltılar gözə dəysə də, bu xırda təbəssümlər nəhəng kədər boşluğunu doldurmağa kifayət etmədi. Hikmətini dərk etməkdə acizik, ya Rəbbi! Bizi bu çətin sınağın hikmətindən dərs götürənlərdən və gələcəyə daha güclü bir toplum olaraq çıxanlardan eylə!..

O gün nələr hiss etdik, ilahi!..

O gün titrəyən təkcə torpaq deyildi. Əsim-əsim əsib silkələnən təkcə daş-kəsəkdən ibarət quruca yer kütləsi deyildi. O gün qardaşlıq duyğuları ilə çulğalanan həssas könüllərimiz titrədi. Qardaş harayına yetmək üçün həyəcanla döyünən ürəklərimiz titrədi. Dağılmış beton kütlələrin altında yarım qalmış minlərlə xəyalı, minlərlə solğun ümidi duyan duyğularımız titrədi...

O gün nələr gördük, ilahi!..

Beşik kimi yırğalanan, dəniz kimi dalğalanan yerin kövrəkliyini gördük, yumşaqlığını gördük. Halbuki biz onu sakit, lal-dinməz, “ölü” torpaq bilirdik... Ona qovuşduğumuz zaman özümüzü ölü sayırdıq. O belə ölü deyilmiş, ilahi!..

Nələr gördük, ilahi!..

Yerin yeddi qat dərinliyindən, yeddi kilometr aşağısından başlayan titrəmə yeddidən yetmişə bütün insanları necə ağlar qoydu, ilahi! Kilometrlərlə  yüksəklikdən rahatlıqla görülən, kilometrlərlə uzunluqda çatlaqlar, yarğanlarla müşahidə edilən fəlakət... Yerin köksü yarıldı sanki, içindən acı püskürtdü, üstündəki insanları qəm dəryasına qərq etdi... Qatar yollarını belə ilan kimi qıvrılmağa məcbur edən yer sanki qəhər saçmışdı, üstündəkilərin üstünə...

Buna rəğmən təbii fəlakətə təslim olmayan insanlığı gördük, ya Rəbbi! Sən necə də ucasan, necə də fərqli, üstün bir yaradılışla xəlq etmisən insanı! Soyuq betonların altında isti bir nəfəs tapa bilmək üçün o daş-kəsək yığınını əlləri ilə qazan xilasedicilər, atalar, qardaşlar... Bitməyən ümidlər... Tükənməyən, təslim olmayan nəfəslər...

Və yenə nələr gördük, nələr!..

Düşünün, bir binanın qarşısında dayanan ekskavator beton qalıqlarını qazıyır. Bir qadın gəlib texnikanın qarşısını kəsir: “Dayanın! Bu divarın arxasında mənim övladlarım var!” Bundan əvvəl bir neçə dəfə həssas cihazlarla yoxlanan divarı bir də yoxlayırlar; cihaz heç bir istilik mənbəyinə rast gəlmir. Qadın əl çəkmir. Onun təkidi sonrasında xilasedicilər o divarı deşib içəri boylanırlar. İçəridə, həqiqətən də, iki uşaq olduğunu görürlər. Xilasetmə işləri başlayır. Onları çıxartdıqdan sonra uşaqları təhvil vermək üçün ananı axtarırlar, amma tapa bilmirlər. Uşaqlardan analarının adını soruşurlar. On üç yaşlı uşaq deyir: “Anam dörd il əvvəl vəfat edib!” Eşidənlərin tükləri biz-biz olur, dizüstə çöküb qalırlar. Boğazı qəhərlənənlərin göz yaşları, hıçqırıqlar və həyəcanla dilə gələn təkbir səsləri bir-birinə qarışır. İstəyən inanar, istəməyən inanmaz. Amma onu bilirəm ki, ilahi, Sən hər şeyə qadirsən! İstədiyinin həyatını bir andaca sonlandıran, istədiyinə möhlət vermək üçün tonlarla ağırlıqda betonların altından günlər sonra sağ çıxardan Sənsən!..

Dağıntılar altından beş gün sonra çıxardılmasına baxmayaraq su istəməyən, sizdən əvvəl ağ paltarlı bir xala mənə yemək gətirdi, su verdi deyən uşaqları bəsləyən kimdir? İlahi, ruzisi bitmədən qulunun nəfəsini kəsməyən, onu dağ boyda daş qalaqlarının altında da olsa, ruziləndirən Sənsən!..

Günlər boyunca hər gün nəhəng beton dağların altından boylanan möcüzələri iplə çəkərkən, bir yandan da ən acı hadisələrlə könlümüz yandı, içimiz qovruldu. Bütün var-dövlətini və ailə üzvlərini – xanımını və övladlarını itirən atanı ayaqda tutan nədir, ilahi?!.. Bütün ailə üzvlərini, isti ocağını və ona sevgi ilə sarılacaq qucağı itirən körpəni həyatda saxlayan nədir, ilahi?!.. İnsana yaşamaq üçün həyat eşqi, səbir, dözüm bəxş edən yalnız Sənsən!.. Səndən və yaşamaq üçün bizə bəxş etdiyin həyat eşqindən, qardaşlıq və insanlıq duyğularından başqa sarılacaq nəyimiz var?..

Qardaş köməyinə əlində-ovcunda olanlarla qatılan bir ağsaqqalımızın yardım tırını yola salarkən dediyi kimi: “Allah bir daha bizə Türkiyəyə ehtiyac göndərməyi göstərməsin. Bundan sonra hər zaman hədiyyə göndərək!..”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz