Bir Hədis
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: لَا تَقُومُ السَّاعَةُ حَتَّى يُقْبَضَ الْعِلْمُ، وَتَكْثُرَ الزَّلَازِلُ، وَيَتَقَارَبَ الزَّمَانُ، وَتَظْهَرَ الْفِتَنُ، وَيَكْثُرَ الْهَرْجُ، وَهُوَ الْقَتْلُ الْقَتْلُ، حَتَّى يَكْثُرَ فِيكُمُ الْمَالُ فَيَفِيضَ
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Elm yox olmadıqca, zəlzələlər çoxalmadıqca, zaman qısalmadıqca, fitnələr ortaya çıxmadıqca, hərc-mərclik, cinayətlər artmadıqca və əlinizdəki var-dövlət aşıb-daşmadıqca qiyamət qopmaz". (Buxari, İstisqa, 27)
Həzrət Peyğəmbər (s.ə.s) müsəlmanların gələcəkdə qarşılaşacaqları hadisələr haqqında məlumat verərkən əxlaqi dəyərlərin pozulmasından təbii fəlakətlərə, İslamın cəmiyyətə qazandırdığı əsas hədəflərin dəyişməsindən yaxın gələcəkdə baş verəcək döyüşlərə, müsəlmanların var-dövlət və sərvət içində üzmələrindən namaz qıldıracaq bir imam tapılmamasına qədər bir çox mövzudan bəhs etmişdir. Belə hədislərin biri də yuxarıda qeyd etdiyimiz hədisdir.
Qiyamət qopmadan əvvəl meydana gələcək bəzi hadisələrdən xəbər verən Allah Rəsulu (s.ə.s) gələcəklə əlaqəli bir təsəvvür formalaşdırmışdır. Bu təsəvvür müsəlmanlarla əlaqəli müsbət və mənfi dəyərləndirmələri özündə ehtiva edir. Elmin yox olması, zəlzələlərin artması və fitnənin çoxalması gələcək baxımından mənfi bir hökm bildirdiyi halda müsəlmanların zənginləşməsi və zamanın daralması müsbət hökm bildirir. Elmin azalması deyiləndə burada elm adamlarının vəfatı nəticəsində insanların elmi məsələləri cahil insanlardan soruşmaları və onların da səhv məlumat verməklə insanları çaşdırmaları nəzərdə tutulur.
Zamanın qısalmasını Rəsulullah (s.ə.s) bir hədisində ilin ay kimi, ayın həftə kimi, həftənin gün kimi, günün isə bir an kimi olacağını bildirərək açıqlamışdır. Zamanın qısalması iki fərqli şəkildə izah olunmuşdur. Birincisi, qiyamət yaxınlaşdıqca çox uzun müddətə görülən işlər qısa vaxtda görüləcək. İkinci şərh isə budur ki, son dövrlərdə həyatın intensivliyinə görə zaman bərəkətini itirəcək, zamanın necə sürətlə, su kimi axıb getdiyi hiss edilməyəcək.
Hədisdə qiyamət yaxınlaşdıqca zəlzələlərin çoxalacağı da xəbər verilmişdir. Son dövrlərdə dünyanın müxtəlif yerlərində tez-tez baş verən zəlzələlər Rəsulullahın (s.ə.s) bu hədisini bir daha təsdiqləməkdədir. Rəsulullah (s.ə.s) fitnə, münaqişə, cinayət və anarxiyanı hər şeydən əvvəl müsəlmanların işini müşkülə salan, aralarını vuran, qardaşlıq bağlarını qoparan bir problem sahəsi kimi təsbit etmiş və fitnə ilə qarşılaşan müsəlmanlara xəbərdarlıq etmişdir. Ümmətinin gələcəkdə var-dövlət sahibi olacağının müjdəsini verən Allah Rəsulu (s.ə.s) dünya malına həddən artıq hərislik göstərib insani və İslami dəyərləri xor görməsinlər deyə müsəlmanları xəbərdar etmişdir.
Nəticə olaraq, Allah Rəsulu (s.ə.s) qeyd etdiyimiz hədisdə ümmətinin gələcəkdə üzləşəcəyi hadisələr haqqında məlumat vermiş, fərd və cəmiyyət həyatına mənfi təsir edəcək hadisələrə qarşı diqqətli olmağı tövsiyə etmişdir.
ŞƏRHLƏR