Malzəmədən düzgün istifadə etməmək
Dünya və həyat ibrətlərlə doludur. Bu ibrətlərlə Allah-Təala bilinən və bilinməyən hər şeyə minlərlə pəncərə açır. Beləcə, bu fani aləmdə gah fırtına, gah zəlzələ, gah qasırğa, gah dəhşətli yanğınlar, gah da yol qəzaları ilə davamlı olaraq və əslində, ibrət alacağımız pərdələrin arxası göstərilir. Nəticədə bizə ilahi təqdir sərgilənir; hansı halda kimlər yanar, kimlər batar, kimlər yıxılar, kimlər məhv olar, kimlər qurtular, hamısını aydın bir şəkildə müşahidə edirik.
Bu o deməkdir ki, həyatı və hadisələri mənalı bir gözlə oxumağa, yəni hər zaman ilk nazil olan “iqra” ayəsini qəlbi bir dərinlik ilə oxumağa möhtacıq.
Məsələn, zəlzələlər...
Fay xətləri ilə yer üzünü çalxalayan bu afətlər bizə nəyi anladır?
Bunlarda olan sonsuz hikmət bir yana, eyni zamanda bəsirətlə baxıldığında hər biri kənddən şəhərə qədər yer üzərindəki binaların bir mənada möhkəm və ya qüsurlu olduğunun göstəricisi kimi qarşımıza çıxmırmı? Ötən günlərdə baş verən zəlzələdə bu səhnəni daha yaxından seyr etdik. Bəzi binalar darmadağın oldu, bəziləri ağır, bəziləri də yüngül zədə aldı. Bəziləri də necə vardısa, elə də qaldı. Yaşanan bu müsbət və ya mənfi bütün mənzərələrin saysız səbəblərinin başında belə bir həqiqət ortaya çıxdı:
İstifadə edilən malzəmələr (tikinti materialları) ya tamdır, yaxud əskik.
Gördük ki, əgər əşyalar, lazımi materiallar tam və əskiksiz istifadə edilmiş, həmçinin hansısa bir səbəblə ilahi qəzəbə düçar olmamışdırsa, həmin binalarda dağıntı olmadı. Amma malzəmə olaraq əskik və keyfiyyətsiz materiallardan istifadə edilibsə, nəticə peşmanlıq oldu. Üstəlik, dağıntılar altında minlərlə insan acı bir şəkildə həyatını itirdi. Dağılmış evlərin bəzi podratçı və sahibkarları sonradan tapılaraq cəzalandırılsa da, bir çoxunun hesabı məhşərə qaldı.
Xülasə, binalardakı material çatışmazlığının nəticəsi bizə baha başa gəldi. Gec də olsa, “zəlzələyə dözümlü” olma şərti əhəmiyyət qazandı.
Bu həqiqətlər xarici görünüş etibarilə həyati olduğu qədər, həm də mənəvi ibrət və hikmətlərlə də doludur. Bunlar bizə ruh və qəlb dünyamızda meydana gələcək olan zəlzələlərə qarşı daxili aləmimizi necə inşa etməyimizə, yəni necə bir islami şəxsiyyət və xarakter qazanmağımıza işarə edən həyati əhəmiyyətli məsələlərdir. Çünki insan ən böyük zəlzələləri əslində daxili dünyasında yaşayır. Daxilini inşa edə bilməyən biri xaricdən əsən ən kiçik bir külək qarşısında sovrulub gedər. Eyni şəkildə əgər bir kimsə özünü hər yönü ilə sağlam və tam olaraq inşa etməyibsə, yaşayacağı imtahan zəlzələlərində əbədi bir xarabalığa çevrilə bilər.
Bu baxımdan zahiri aləmimizdə olduğundan daha çox daxili aləmimizdə zəlzələlərə, yanğınlara və qasırğalara dözümlü bir şəxsiyyət formalaşdırmaq məcburiyyətindəyik. İslamın gözəllikləri həyatımızın hər sahəsinə nə qədər əks edir? İmanımız, ixlasımız, bəşəri münasibətlərimiz, ticarətimiz, ibadətlərimiz və ailə həyatımız, görəsən, nə qədər möhkəmdir? Ən kiçik bir büdrəmədə çat verir, yoxsa nə olursa olsun, dimdik ayaq üstə qala bilirik?
Bunların cavabını verə bilmək quru ifadələrdən çox, qəlbi həyatımızın malzəmələrindən (könül dünyamızı bəsləyən vasitələrdən) necə istifadə etdiyimizə bağlıdır. Böyüklər: “Əsl irfan öz kimliyini bilməkdir!” deyərkən bu xüsusa diqqət çəkmişdir. Çünki nöqsanını görən onu düzəldər və hazır olar. Görməyən isə naqisliyin keyfiyyətsizliyi içərisində qəflətən zəlzələlərə rast gələr. Allah-Təala buyurur:
“Əlif, Lam, Mim! İnsanlar yalnız: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl bilir!” (əl-Ənkəbut, 1-3)
Deməli, imanımız, ixlasımız, ibadətlərimiz, bəşəri münasibətlərimiz, ticarət və ya ictimai həyatımız və s. həqiqətən davamlı olaraq imtahan içərisindədir. Yəni daim mənəvi zəlzələlərlə test olunuruq. Bu testləri müvəffəqiyyətlə tamamlayanlar sağlamların, digərləri isə qeyri-sağlamların sinfinə daxil edilir. Hətta insan oğlunun istehsal etdiyi cihazların belə dəyəri keyfiyyət testlərinə görə təyin edilmirmi?!
Elə isə hər daim özümüzü hesaba çəkməliyik. Xüsusilə məhşərdəki hesabdan əvvəl nəfsimizi hesaba çəkməliyik. O zaman sağlamlığımız, dözümlülüyümüz, gözəlliyimiz və dəyərimiz daha da artar.
Bu sualları özümüzə mütləq verməliyik:
Allaha qulluq üçün bizə verilən sonsuz nemətlərin nə qədərini Haqq yolunda dəyərləndirir və nə qədərini nəfsani arzularımız üçün hədər edirik?
İbadətlərimizdəki hazırlıqlarımız və qəlbi xüşumuz, hissiyyatımız nə qədərdir? Namazda, həcdə, orucda, infaqda lazım olan şərtləri nə qədər yerinə yetirə bilirik? Və bunları yerinə yetirərkən qəlbimiz nə haldadır? Və ya görəsən, onların nə qədərini hədər edirik? Həyatımızın ssenarisi qiyamət günü önümüzə qoyularaq: “Kitabını (əməl dəftərini) oxu! Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!” (əl-İsra, 14) deyilməyəcəkmi? Orada hiss və niyyətlərimizi seyr etməyəcəyikmi?
Bəşəri həyatda məsuliyyətlərimizi nöqsansız olaraq yerinə yetirə bilirikmi?
Ailə binasında əsas sütunlarımız möhkəmdirmi? Özülündə və damında istifadə etdiyimiz məsuliyyət, xidmət və məhəbbət malzəməmiz nə qədərdir? Kifayət edəcəkmi, etməyəcəkmi? Vəfa və sədaqət palçığımız dəmir kimi möhkəmdir, yoxsa qum kimi dağılır?
Bu suallara doğru cavab verməyimiz sadəcə özümüz üçün deyil, başqaları üçün də çox mühümdür. Çünki bəhs etdiyimiz xüsuslarda “ruhun binası” yıxıldığı zaman xarabalığa çevrilən təkcə bir nəfər olmur. Başda ailəsi olmaqla bir çoxları böyük zərər görür. Sonra bu zərər cəmiyyətə də sıçrayır və cəmiyyət böyük ölçüdə zərər görür.
Ona görə də, həyatda hər şeyimiz tam olmalıdır. Xüsusilə də qəlb dünyamız!.. Məşhur bir zərb-məsəl var: “Yarım molla dindən, yarım həkim də candan edər”. Eynilə bunun kimi, hər şeyin yarımçığı arxasından bir fəlakət gətirər. İmanın, ibadətin, davranışların, ailə həyatının, xülasə, ömür binamızı meydana gətirən malzəmələrdən hansı olursa olsun, bunlarda olan hər cür yarımçıqlar maddi və mənəvi fəlakətlərin həzin xəbərçiləridir.
Düşünməliyik ki, Haqq-Təalanın bizə bəxş etdiyi nemətlər və kainatdakı ilahi qüdrətin ahəngində hər hansısa bir yarımçıqlıq və nöqsan varmı? Əksinə, ayədə: “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz!..” (ən-Nəhl, 18) - buyurulduğu kimi, üzərimizdə olan ilahi lütfləri saymağa belə gücümüz çatmaz. Hər şey son dərəcə tam, qüsursuz və nöqsansızdır!.. Buna görə hesabı da çətindir!.. Bütün bu nemətləri ehsan edən aləmlərin Rəbbi bu səbəblə heç vaxt xatirimizdən çıxarılmamalı, bu saysız nemət müqabilində həmd, şükür və zikrlə daim yad edilməlidir. Bu xüsusu Allah-Təala belə xatırladır:
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (ət-Təkasür, 8)
Belə bir halda insan ona ehsan edilən hər neməti lazımi ölçüdə və Haqq rizasına uyğun olaraq istifadə etməlidir. Əks təqdirdə əşyanı natamam istifadə edərək həm şəxsinin, həm də bir çox insanın zərər görməsinə səbəb olar.
Bu xüsusdakı ilahi hesabdan peyğəmbərlər belə kənarda tutulmamışdır. Ayeyi-kərimədə buyurulur:
“(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik”. (əl-Əraf, 6)
Cənnət təminatı altında olan peyğəmbərlərə belə, ilahi xəbərdarlıq edilməsi çox düşündürücüdür. Bu vəziyyətdə aqibəti haqqında heç bir təminatı olmayan biz Allah-Təalanın lütf etdiyi imkan və istedadları necə istifadə etməyimizi bir daha düşünməliyik.
Bu təfəkkür həyatımızın hər cəhətini tam şəkildə əhatə etməlidir. Ələlxüsus ailə binasının təməllərinin sarsıldığı bir zamanda bu mövzuya xüsusi bir həssaslıqla yanaşmalı, ailənin bünövrəsi möhkəmləndirilməli və ailə hər yöndən səadət yuvası halına gətirilməlidir.
Çünki dünyadakı və axirətdəki səadətimizin, yaxud fəlakətimizin ən böyük səbəbi ailə həyatımızdır.
Sağlam bir ailə binası özülü Qurani-Kərim və Rəsulullahın sünnəsinin ruhaniyyəti ilə qurulan feyzli və bərəkətli cənnət yuvasıdır.
Bu mübarək yuvada qadın və kişi nikahla Allahın adına söz verərək bir-birilərinin halalı olmuşdur. Nikah əqdi ilə həm də iki tərəfin bir-birinə qarşı haqq və məsuliyyəti başlamışdır.
Bu mübarək evdə qadın və kişi ailənin bir-birini tamamlayan üzvləridir. Çünki Haqq-Təala hər ikisinə də fərqli xüsusiyyətlər və bunun nəticəsində də fərqli vəzifələr vermişdir.
Bu mübarək evdə xanımlar üzərinə düşən vəzifələrə görə həya, ədəb və yüksək hissiyyat sahibi olduqları üçün uşaq baxımına uyğun bir yaradılışdadırlar. Ona görə də nəslin tərbiyə və mühafizəsindəki rolları olduqca böyükdür.
Bu mübarək ailədə atalar kövrək olmaq yerinə daha çox ağıl, məntiq və iradə sahibidirlər. Ailənin şərəf və namusunu qorumaq, ruzisini halal yoldan qazanmaqla vəzifəlidirlər.
Bu mübarək ailədə kişi və qadın - hər iki tərəf üçün ayeyi-kərimədə:
“…Onlar sizin, siz də onların libasısınız…” (əl-Bəqərə, 187) buyurulmuşdur.
Bu ifadələr ailə həyatı içərisində Allahın lütf etdiyi fitri sərmayələri ən faydalı şəkildə istifadə etməyin gərəkli olduğunu bildirir. Bu fitri sərmayələr yerli-yerində istifadə edildiyi zaman ailədə cənnət xoşbəxtliyi yaşanar. Bunun üçün davranışlarda ruhaniyyət olmalı, vüqar ilə təkəbbür, təvazökarlıq ilə zillət, səmimiyyət ilə laqeydlik arasındakı incə məqamlara riayət edilməlidir. Ancaq o zaman ailə fərdləri arasındakı məhəbbət telləri eyni vəzndə, tarazlıqla nizamlanmış olar.
Bundan başqa, yeni bir ailə yuvası quran kişi və qadının xüsusilə diqqət etməli olduğu iki məsuliyyət vardır:
- Qocalan ata-anaya xidmət etmək,
- Xeyirli bir nəsil yetişdirmək.
Qocalan ata və analarına qarşı biganə qalmayıb onlarla maraqlanmaq həm dini, həm də insani bir vəzifədir. Çünki valideynlər övladları acizlik içərisində dünyaya göz açdığı zaman onlara qol-qanad gərmişdilər. İndi də həmin valideynlər acizlik dövründə ikən Allah-Təala tərəfindən övladlarına əmanət edilmiş və bir baxıma vəfa borclarını yerinə yetirmələri istənmişdir.
Valideynə xidmətin necə olması haqqında ayeyi-kərimədə belə buyurulur:
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara "uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (əl-İsra, 23)
“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de”. (əl-İsra, 24)
Mövlana həzrətləri ata-ana haqqına riayətin əhəmiyyətini belə dilə gətirir:
“Ana haqqına diqqət et!.. Onu başında gəzdir!.. Çünki analar doğum sancısı çəkməsəydi, uşaqlar dünyaya gələ bilməzdilər”.
“Bəndə üzərində olan Allah haqlarından sonra ana haqqı gəlir. Çünki kərəm sahibi Allah ananın bədəni içərisində sənə şəkil vermişdir. Səni bətnində gəzdirməsi üçün ona sevgi və şəfqət bəxş etmiş, həmçinin ona xoş bir məhəbbət və sonsuz bir şəfqət lütf edərək səninlə səadətə qovuşdurmuşdur”.
“Beləcə, anan səni özünün bir parçası olaraq bilmişdir. Ancaq doqquz ayın ardından Haqq-Təala dəyişməz qanunlarına uyğun olaraq səni oradan ayırmışdır”.
“Allah-Təalanın saysız qüdrət əlamətlərindən biri olan ana ürəyi Allah-Təalanın sənə olan məhəbbətinin bir əksidir. O məhəbbət sayəsində analar övladlarını bağrına basaraq hər cür pislik və xətadan onları qorudu və şəfqətlə qucaqladılar”.
“Bu belə olmaqla bərabər bunu unutma ki, Allahın sənin üzərindəki haqqı ana haqqından daha üstündür. Kim Xaliqin haqqını tanımaz və Ona qulluqdan geri qalarsa, o, insanlığa vida etmiş və digər məxluqatın səviyyəsinə düşmüş deməkdir”.
Ailə həyatının yeganə qayələrindən biri olan xeyirli nəsil yetişdirmək isə Haqq dərgahında mükafatı böyük uca bir ibadətdir. Digər yandan, əsalətli bir nəsil yetişdirmək də eyni zamanda insanlıq üçün ülvi bir hissdir.
Unudulmamalıdır ki, övladlar valideynlərə ehsan edilən və Peyğəmbərimizin (s.ə.s) də ifadəsi ilə “könül meyvəsi” olan ilahi əmanətlərdir. İslam fitrəti üzrə ata-analara təslim edilən uşaqların saf və parlaq qəlbləri əkilməyə hazır xam torpaq kimidir. Gələcəkdə onların tikan və ya gül, acı və ya dadlı meyvə verməsi onların necə tərbiyə edilmələrinə bağlıdır. Bir Haqq dostu belə demişdir:
“Cahillərin axırda görəcəyi şeyi ağıllı valideynlər öncədən görərlər”.
Bunun üçün uşaqların maddi ehtiyac və istəkləri təmin edildiyi kimi, mənəvi ehtiyaclarının da təmin edilməsi zəruridir. Valideynlər Allahın onlara verdiyi bu böyük neməti hədər etmədən övladlarını Allah-Təalanın razı olacağı bir şəkildə tərbiyə etməlidirlər. Əks təqdirdə bu, onlar üçün hesabını verə bilməyəcəkləri ağır bir axirət vəbalı ola bilər.
Övladımızı tərbiyə edərkən xüsusilə bunu da bilməliyik:
“Əgər qüsursuz övlad istəyiriksə, qüsursuz ata-ana olmaq məcburiyyətindəyik”.
Xülasə, Günəş bütün dünyanı işıqlandırdığı kimi, İslam da beşikdən qəbrə qədər hər cəhətdən insanın həyatına nur saçır. Bu nurun işığında evinə halal ruzi apara bilmək üçün alın təri tökən bir ata da ibadət halındadır, vətən torpaqları düşmən tapdağında qalmasın deyə keşikdə dayanan əsgər də. Saleh övlad yetişdirmək istəyən ata-ana da cəmiyyət həyatına aid bir ibadəti yerinə yetirmiş olar. Əgər dünyada səadət, qəbirdə və axirətdə xoşbəxtlik istəyiriksə, Allah-Təalanın verdiyi nemətləri hədər etmədən istifadə etməyimiz zəruridir. Lakin həmin nemətlər sırf nəfs və can rahatlığı üçün istifadə edilərsə, bizə verilən maddi və mənəvi sərmayə hədər edilmiş olar və:
“Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz...” (Ali-İmran, 186) ayəsində bəhs olunan ilahi imtahandan, çox təəssüf ki, keçməmiş olarıq.
Unudulmamalıdır ki, bütün nemətlər Ondandır və Ona aiddir. Bunu düşünən arif könüllər daim:
“Alan Sənsən, verən Sənsən, qılan Sən!...
Nə verdinsə, odur dəxi nəmiz var!...”
beytinin ifadə etdiyi istiqamətdə bir şüura sahibdir.
Amma nə qəribədir ki, bir çox insan iki-üç günlük qonaq olduğu dünyada, bu qədər ibrət təcəllilərinə rəğmən qafil yaşayır. Hər gün cənazə səhnələrini seyr etdiyi halda, ölümü özündən uzaq görür. Özünü hər an əlindən çıxma ehtimalı olan əmanətlərin daimi sahibi zənn edir. Bu dünya müsafirxanasında ona ehsan edilən saysız-hesabsız nemətlərin qədrini bilmir, nemətin həqiqi sahibini unudaraq nankor həyat sürməyə davam edir. Düşünmür ki, belə bir həyatın sonu, yəni verilən əmanətləri mənasız yerə sərf etməyə və hədər etməyə bağlı bir yaşayışın nəticəsi axirət zəlzələsində bərpa edilə bilməyəcək bir xarabalıq və peşmanlıqdan ibarət olacaqdır.
Rəbbimiz hamımızı belə bir acı aqibətdən mühafizə etsin! Bizə bu dünyada nemətlərin həqiqi sahibini tanımağı nəsib etsin. Dünyada sahib olduqlarımızı axirət qazancına çevirə bilən comərdlik və infaq xislətindən hissələr nəsib eləsin. Haqqını ödəyə bilmədiyimiz nemətlər xüsusunda da bizə rəhməti ilə mərhəmət etsin. Başda ailə yuvamız olmaqla, bütün könül binalarımızı cənnət saraylarına çevirsin!..
Amin!..
ŞƏRHLƏR