İftar sevinci
Allah Rəsulu (s.ə.s) iftar vaxtının sevincindən bəhs edərkən belə buyurmuşdur: “Oruclunun iki sevinci var; biri iftar etdiyi, biri də Rəbbinə qovuşduğu zaman”. (Buxari, Savm, 9)
İftar - müsəlmanların oruclu keçirdikləri günün sonunda axşam azanı oxunduqdan sonra yedikləri yeməkdir. Oruc ibadətinin başlanğıc və sonu Qurani-Kərimdə belə müəyyən edilir: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın”. (əl-Bəqərə, 187) Peyğəmbərimiz (s.ə.s) qara və ağ sap ifadəsində gecənin qaranlığı ilə gündüzün aydınlanmasının nəzərdə tutulduğunu bildirmişdir. (Müslim, Siyam, 33) Orucda gündüzün başlanğıcı, İslam alimlərinin əksəriyyətinə görə, ikinci fəcrdən (fəcri-sadiq) etibarəndir. Sona çatması isə Günəşin batması ilə meydana gəlir. (ət-Təbəri, Camiul-Bəyan, Misir 1388/1968, II, 177) Ayədəki “sonra gecəyə qədər orucunuzu tamamlayın” ifadəsi iftarın Günəş batdıqdan sonra edilməsini bildirir.
Allah Rəsulu (s.ə.s) bir Ramazan günü səfər əsnasında Günəş batdıqda Hz. Bilala (r.a) iftar üçün hazırlıq görməsini söyləmişdi. Günəş şüalarının tam itmədiyini görən Hz. Bilal (r.a) tərəddüd etdiyi zaman Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Gündüz sona çatıb gecənin şərq tərəfdən girdiyini gördüyünüz zaman oruclunun iftar vaxtı gəlmişdir”. (Buxari, Savm, 33, 34, 35)
Hədisi-şəriflərdə iftarın tez edilməsi, gecikdirilməməsi tövsiyə edilmiş, bunun bəyənilən əməllərdən olduğu bildirilmişdir: “İnsanlar iftarı tez etdikləri müddətcə xeyir üzrə davam etmiş olarlar”. (Buxari, Savm, 25) Bir qüdsi hədisdə isə belə buyurulur: “Qullarımın mənə ən sevimli olanı onlardan iftara ən tələsənidir”. (Tirmizi, Savm, 13) Ayrıca, namazda aclığın qəlbi məşğul etməməsi üçün iftarı axşam namazından öncə etmək müstəhəbdir. Həmçinin iftarın xurma və ya su ilə açılması da müstəhəbdir. Çünki Allah Rəsulu (s.ə.s) orucunu bunlarla açardı. (Şövkani, Neylul-evtar, IV, 220)
Bundan başqa, Ənəs b. Malikdən (r.a) Hz. Peyğəmbərimizin (s.ə.s) iftar etmədikcə axşam namazını qılmadığı, heç olmasa bir qurtum su içdiyi, yəni orucunu açdıqdan sonra namazı qıldığı rəvayət edilmişdir. İftarı gecikdirməməyin bir səbəbi də budur ki, yəhudi və xristianlar oruc tutduqları zaman iftarı ulduzlar görünənə qədər gecikdirərdilər. Onlara bənzəməmək üçün iftara tələsmək müstəhəb sayılmışdır. Sahuru da son vaxtına qədər gecikdirmək müstəhəb sayılmışdır. (Kamil Miras, Təcridi-sarih tərcüməsi, Ankara 1984, VI, 286)
Allah Rəsulu (s.ə.s) ümmətinə visal orucunu qadağan etmişdir. Visal - bir günün orucunu yeyib-içmədən növbəti günün orucuna birləşdirməkdir. Ənəs b. Malikdən gələn rəvayətə görə, Hz. Peyğəmbərimiz (s.ə.s): “Bir günün orucunu o biri günün orucuna əlavə etməyin”, - buyurmuşdu. Səhabələrin: “Ey Allahın Rəsulu, siz orucları bir-birinə əlavə edirsiniz”, - demələri üzərinə: “Mən sizin kimi deyiləm. Rəbbim tərəfindən yedirilib-içirilirəm”, - cavabını verdi. (Buxari, Savm, 48, 49) Visal orucu yalnız Peyğəmbərimizə məxsus əməllərdəndir. Çünki iki-üç gün müddətli bir orucda Uca Allah peyğəmbərinə güc verir. Necə ki, hədisdə bu xüsusa işarə edilmişdir.
İftar edərkən dua etmək sünnədir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Üç kimsənin duası rədd olunmaz: ədalətli hökmdarın duası, iftar zamanı oruclunun duası və məzlumun duası. Uca Allah bu duaları səmaya qaldırar, səmanın qapıları açılar və “izzət və cəlalıma and olsun ki, bir müddət sonra da olsa, sənə yardım edəcəyəm” deyə and içər”. (əl-Aziz, əs-Siracul-Munir, Şərhul-Camius-Sağir, II, 182)
Allah Rəsulunun (s.ə.s) iftar edərkən oxuduğu dualardan biri bu şəkildədir: “Allahummə ləkə sumtu və bikə əməntu və alə rizqikə əftartu və aləykə təvəkkəltu. Fətəqabbəl minni, fəğfirli, innəkə əntəs-səmiul-alim”. Mənası: “Allahım! Sənin rizan üçün oruc tutdum, sənə inandım. Sənin verdiyin ruzinlə orucumu açdım və yalnız sənə təvəkkül etdim. Bu orucumu qəbul et və məni bağışla! Şübhəsiz ki, sən hər şeyi eşidən və bilənsən”. (Əbu Davud, Savm, 22)
Oruclu kimsələrə iftar vemək də çox savab əməllərdəndir. Zəngin şəxslərin xüsusilə maddi vəziyyəti yaxşı olmayan oruclulara iftar etdirmələri, ehsan və hədiyyələr vermələri bəyənilən savab əməllərdəndir. Ən yaxşısı oruclulara yeməklə iftar etdirməkdir. Hədisi-şərifdə belə buyurulmuşdur: “Oruc tutana iftar verən şəxs oruclunun alacağı qədər savab alar və oruclunun savabından da heç bir azalma olmaz”. (Tirmizi, Savm, 82)
Allah Rəsulu (s.ə.s) xeyir işlər görməkdə insanların ən comərdi idi, Ramazan ayı gəldiyi zaman isə comərdliyi daha da artardı. (Buxari, Bədül-vəhy, 5, Savm, 7) Ramazan ayında ehsan və hədiyyələri çoxaltmağın, oruc tutanlara iftar verməyin məqsədlərindən biri də oruclu olanların, ibadətlə məşğul olanların ehtiyaclarını qarşılamaq və onlara təsəlli olaraq qəlblərini rahatlaşdırmaqdır. Unutmayaq, sevinc bölüşüldükcə çoxalar, kədər isə bölüşüldükcə azalar.
ŞƏRHLƏR