Sahur bərəkəti

Sahur bərəkəti

Bizi hər şeydən çox düşünən və qurtuluşumuz üçün fürsətləri və səbəbləri qarşımıza sıra ilə düzən Rəbbimiz hər şeydə olduğu kimi, xüsusi gün və gecələrdə də daha çox savab və bərəkət əldə etməyimizi murad etmişdir. Bəzi gün və gecələrə xüsusi bir dəyər yükləməklə o bənzərsiz rəhmətinin qapılarını bizə açmış, fəzilətləri əlçatan etmişdir.

Belə fürsətlərdən biri olan, on bir ayın sultanı olaraq bilinən Ramazan ayı gecəsi və gündüzü ilə ilahi rəhmət və məğfirətin, bolluq və feyzin çoxluq təşkil etdiyi bir aydır. Bu ayın hər dəqiqəsi və bu aya aid hər əməl digər zamanlarda edilən əməllərdən daha fəzilətlidir və sahibinə daha çox savab qazandırar.

Ramazan dedikdə ağlımıza oruc, oruc dedikdə də orucun başlama və bitməsini bildirən sahur və iftar gəlməkdədir. Hz. Peyğəmbərin (s.ə.s) sahur və iftarın əhəmiyyəti, fəzilət və bərəkəti haqqında bir çox hədislərinə rast gəlməkdəyik.

Bəzən adət olaraq insanların iftara diqqət edib, sahurları ehmal etdiyinə şahid oluruq. Bu xüsusu diqqətə alaraq, yazımızda sahurun bərəkəti və fəzilətindən bəhs etməyə çalışacağıq.

İmsak və sahur vaxtı - oruc tutmaq üçün gecənin son altıda birində qalxılan vaxtdır. Sahur yeməyi isə oruc tutacaq şəxslərin imsak vaxtından əvvəl yedikləri yeməyə deyilir. Hz. Peyğəmbərin (s.ə.s): “Sahur edin, çünki sahurda bərəkət vardır” (Buxari, Müslim) – buyruğu sahurun bərəkəti haqqında bizə bir çox şeyi deməyə əsas verməkdədir. Hz. Peyğəmbər (s.ə.s) sahura qalxıb yemək yeməyin, oruca başlamadan əvvəl qidalanmağın üzərində çox duraraq ümmətini də buna təşviq etmişdir.

Yuxarıda qeyd olunan hədisdə də bildirildiyi kimi, sahur bir bərəkətdir, səhərin bərəkətli zamanıdır. Səhər vaxtı ümumilikdə bərəkət və feyzin bol olduğu vaxtdır. Çünki o saatda təhəccüd, Quran, zikr və sübh namazı kimi günün ilk qulluq ibadətləri başlayır. Oruc tutanlar üçün isə bu, ikiqat fəzilətə çevrilir. Bir tərəfdən yuxarıda qeyd etdiyimiz ibadətlər, digər tərəfdən də oruca hazırlıq və sahurun bərəkəti bu zaman kəsiyinin dəyərini daha da artırır.

Əbu Səid əl-Xudridən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbərimiz sahur yeməyinin əhəmiyyətini belə vurğulamışdır: “Sahur yeməyi bərəkətdir. Əsla onu tərk etməyin! Bir udum su ilə də olsa, sahur edin. Allah və mələkləri sahur edənlərə salam edərlər”. (Əhməd b. Hənbəl, Müsnəd)

Bu hədislərdən yola çıxaraq sahur vaxtının və sahur yeməyinin fəzilət və bərəkəti haqqında aşağıdakıları sadalaya bilərik:

  • Günün ilk bərəkəti sahurla başlayır. Ona görə də oruc tutanlar bu bərəkətdən məhrum qalmamağa diqqət etməlidirlər.
  • Sahura qalxan biri bu fürsəti dəyərləndirərək təhəccüd və zikrlə məşğul olma imkanı əldə edər. Beləliklə, sahur daha çox ibadət etməyə vəsilə olar.
  • Sahur yeməyi gündüz tutulacaq oruc üçün qüvvət qaynağı olar. Digər işlərini və ibadətlərini rahat və gümrah şəkildə yerinə yetirməyə imkan verər.
  • Sağlamlıq baxımından da sahur yeməyi əhəmiyyət daşıyır.
  • Sahur yeməyinin özü bir bərəkətdir. Hədisdə də onu tərk etməmək buyurulur.
  • Ramazan ayında oruc tutmaq istəyənə gecə boyunca yemək və içmək mübahdır. Halbuki İslamın ilk dövrlərində bununla bağlı müəyyən məhdudiyyətlər vardı. Sonradan bu məhdudiyyətlər aradan qaldırıldı və oruc daha da asanlaşdırıldı. Bu da Muhamməd ümmətinə verilmiş xüsusi bir imtiyazdır.
  • Sahur vaxtı ibadətə təşviq vaxtıdır. Həmin vaxtda səma qapıları açılar, rəhmət enər və dualar qəbul olunar.
  • Sahura qalxmaqla əhli-kitaba müxalifət edilmiş olar. Müsəlmanların orucu ilə əhli-kitabın orucu arasındakı fərqlərdən biri də sahurun olmasıdır. Bir hədisdə: “Əhli-kitab ilə bizim aramızdakı fərq sahur yeməyidir”, (Müslim, Siyam, 46) buyurulur.
  • Sahur nicat vaxtıdır, qurtuluş vəsiləsidir.
  • Sahurda oyaq olmaq insanın ömrünə bərəkət verər.
  • Sahur orucun kamil bir oruc olmasını təmin edər.

Bunu da qeyd etmək lazımdır ki, sahur vaxtı necə qidalanmalı olduğumuz xüsusunda mütəxəssislərin tövsiyələrini nəzərə almaq lazımdır. İftarda olduğu kimi, burada da həddən artıq yemək, necəgəldi qidalanmaq fayda əvəzinə zərər gətirə bilər. Gün boyu susuzluq çəkməmək üçün normal qidalanmaq və kifayət miqdarda maye qəbul etmək lazımdır.

Bu şəkildə mənəvi ləzzətlərlə başlayan bir oruc daha fəzilətli və bərəkətli olar. Elə isə sahura qalxmağa laqeyd yanaşmayaq, sahurun faydalarından kənarda qalmayaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz