Dua Allahı tanıma mədəniyyətidir

Dua Allahı tanıma mədəniyyətidir

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “De ki: Duanız olmasa, Rəbbim sizə nə deyə dəyər versin?!” (əl-Furqan, 77)

Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Qurani-Kərim Rəbbimizin dua haqqında iradə və muradını hər birimizin anlayacağı şəkildə bizə bildirməkdə və: “Səhər-axşam Rəblərinə Onun rizasını diləyərək dua edənlərlə birlikdə ol” (əl-Kəhf, 28) şəklində səslənən ilahi təlimatı ilə hər birimizi saleh qullarla birlikdə bir dua səfərbərliyinə dəvət etməkdədir. Bu dəvətin ön cərgəsində duran, ümməti səmimi bir qulluq və dua ədəbinə dəvət edən, ümmətin axirət məsuliyyətinin ağırlığını tam mənası ilə idrak edən və bu səbəbdən də könlü onların qurtuluşu naminə sevgi ilə dalğalanan bir mərhəmət ümmanına çevrilən Rəsulullahın (s.ə.s) Allah (c.c) ilə olan daimi dua rabitəsində ümmətinin birliyini, bütövlüyünü qoruyacaq və onları qaranlıqdan aydınlığa çıxaracaq diləklərini Rəbbimizdən israrla istəməsi necə də təqdirəlayiqdir:

“Allahım! Qəlblərimizi birləşdir, aramızı islah eylə, bizə qurtuluş yollarını göstər və bizi qaranlıqlardan aydınlığa çıxart! Bizi gizli-açıq bütün çirkinliklərdən uzaqlaşdır! Bizə qulaqlarımızı, gözlərimizi, qəlblərimizi, zövcələrimizi və nəslimizi mübarək eylə! Tövbələrimizi qəbul eylə! Şübhəsiz ki, Sən tövbələri çox qəbul edənsən və çox mərhəmətlisən. Bizi nemətlərinə şükür edənlərdən eylə! Verdiyin nemətləri qəbul edərək onlarla Sənin şəninə təriflər söyləyənlərdən eylə və bizə (maddi-mənəvi) nemətlərinin davamını ehsan eylə!” (Əbu Davud, Salət, 182)

Rəvayət edildiyinə görə, Hz. Musa əleyhissalamın dövründə günahkar bir kimsə var idi. O, etdiyi günahlara tövbə edər, fəqət sonra tövbəsini yenə də pozaraq günahlara dalardı. Şanı uca olan Rəbbimiz bir gün Hz. Musaya (ə.s) bunları vəhy etdi: “Ya Musa, quluma əmrimi təbliğ eylə! Günahlarına tövbə etdiyi halda bir daha bu tövbəsini pozmamaq əhdinə riayət etsin. Əgər tövbəsini pozarsa, onun tövbələrini qəbul etmərəm və özünə də şiddətli bir əzabla cəza verərəm!” Hz. Musa (ə.s) ilahi əmri o qula təbliğ etdi. Lakin qul bir müddət sonra tövbəsini pozub yenə də günahlara qurşandı. Rəbbimizin fərmanı gecikmədi və Hz. Musa əleyhissalama belə buyurdu: “Quluma de ki, bu, son xəbərdarlığımdır. Günahlarına tövbə etsin və tövbəsində sadiq olsun. Yoxsa ona qəzəb edərəm və bundan sonra əsla bağışlamaram!” Hz. Musa əleyhissalam bu əmri də qula təbliğ etdi. Qul fövqəladə şəkildə pərişan olaraq çöllərə üz tutdu. Günlərlə bir şey yemədi. Nəhayət, tənha bir yerdə əllərini Rəbbinə açaraq belə dua etdi: “Ya Rəbbi! Əmrini bildirdilər, lakin bu əmrini anlamaqda çətinlik çəkdim. Rəhmətinmi tükəndi, ilahi? Bu acizin işlədiyi günah zatına zərər, sifətlərinə nöqsanmı gətirdi? Mən aciz tövbələrimi Sənin əfvinə, məğfirətinə, Rəhman, Rəhim və Qaffar sifətinə sığınaraq, güvənərək poza bilərəm. İlahi xəzinəndə əfvinmi tükəndi? Hansı günah Sənin əfvindən və rəhmətindən böyük ola bilər? Məni əfv etməyəcəyini təbliğ buyurmusan. Sənə sığınan, Sənin qapına gələn qulunu necə olur ki, əfv etməzsən? Qula yaraşan xəta və günah, Sənə layiq olan da rəhmət və məğfirətdir. Rəhmət və məğfirət Sənin qədim (əbədi var olan) sifətlərindir. Günah isə qulun hədis (sonradan xəlq edilmiş fani) sifətidir. Mənim sonradan xəlq edilmiş fani sifətim Sənin qədim olan sifətinə qalibmi gəldi? Qullarını rəhmətindən qovar və məyus buraxarsansa onlar kimin qapısına sığına bilər ki? İlahi! Bu aciz quluna əzab edəcəksənsə, bütün günahkar qullarının günah və üsyanlarını mənə yüklə. Sonsuz rəhmətinə ehtiyacım olmasına rəğmən bütün günahkar qullarına nəfsimi fəda edirəm. Onlara əzab etmə, mənə əzab et! Onları yandırma, məni yandır!” Günahkar qulun bu duası, bu fəryadı Rəhməti-İlahini cuşa gətirdi və Ərşi-Rəhman titrəməyə başladı. Şanı uca Allahın (c.c) qullarına olan sonsuz mərhəmətini və bu mərhəmətin qulların imtahan gərəyi maddi və mənəvi əziyyətlərlə sınandıqdan sonra üzə çıxan ülvi təbiətini yaşama və bizlərə də yaşatma eşqini açıqlayan bu hadisənin ibrət və ümid verici bir sonluqla bitməsi dua mədəniyyətinin ehtişamını sərgiləməkdədir. Şanı uca Allah (c.c) Hz. Musa əleyhissalama əmr buyurdu:

 “Ya Musa! O quluma söylə ki, Mən qullarımın hamısına mərhəmətliyəm. Bu günahlar yerlə göy arasını doldursa belə, mərhəmətim hər şeydən ziyadədir. O, Mənim əfvimə iman etdiyi və böyük bir qüdrət sahibi olduğumu haqqı və layiqi ilə bildiyinə və Mənə sarı döndüyünə görə onu məğfirətimə layiq etdim və bağışladım!”                      

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz