On bir iş adamı ilə on bir milyonun könlünü hiss etdik

“Türkiyə Yüzyılı Birlik və Dayanışma Platforması”nın qurucu üzvlərindən Cengiz Aygör:

“On bir iş adamı ilə on bir milyonun könlünü hiss etdik”.

İrfan: Zəhmət olmasa, əvvəla özünüzü oxucularımıza təqdim edərdiniz.

Cengiz Aygör: Mən uzun illərdir Azərbaycanda yaşayan iş adamıyam. Plastik əşya və təmizlik maddələri istehsalı ilə məşğul oluram. Bir yandan da inşaatla bağlı işlərim var.

- Platformanın quruluşu haqda məlumat verə bilərsiniz, necə oldu ki, belə bir addım atdınız?

- Platformanı Azərbaycanda yaşayan on bir iş adamı ilə birgə qurduq. “Türkiyə Yüzyılı Birlik və Dayanışma Platforması” adı altında bir kampaniya başlatdıq. Əslində, bu platformanı yeddi-səkkiz ay əvvəl qurmuşduq. Platformanın qurulmasından əvvəl də bu iş adamları ilə Qarabağa yardım fəaliyyətində iştirak etmişdik. Bu yardımlarımızın daha sistemli şəkildə davam etməsi üçün belə bir platformada birləşmək qərarına gəldik. Türkiyədə zəlzələ baş verdiyini eşidəndə elə həmin gün, fevralın 6-da yenə yoldaşlarla yığışdıq ki, oraya yardım əlimizi uzatmaq üçün nələr edə bilərik? Yardım kampaniyamız ayın 7-i başladı. Doğtaş firmasının qarşısında geniş yer var, körpünün altında. Firma rəhbərliyinin razılığını alaraq buranı mərkəz kimi istifadə etdik, yardımları buraya topladıq. Yığılan malların göndərilməsinə növbəti gün, ayın 8-i başladıq.

- Bu günə qədər göndərdiyiniz yardım miqdarı haqda məlumat ala bilərik?

- Bu gün ayın 18-dir, bu günə qədər 147 tır dolusu yardımı yola salmışıq. Bundan başqa, 25 konteynerli, vaqonlu qatarı da yardım vasitələri ilə doldurub yola saldıq. Qatarımız artıq Qarsa çatıb, yaxın günlərdə yardımlarımız zəlzələ bölgəsinə çatdırılacaq. Həmçinin, təcili çatdırılmalı olan müəyyən paketlər var idi ki, bunları da təyyarə ilə beş parsel karqo paketi kimi göndərdik.

- Göndərdiyiniz mallar haqda məlumat verə bilərsiniz?

- İlk mərhələdə geyim əşyaları çox idi. Bu günlərdə daha çox çadır, istilik vasitələri, yorğan, yastıq, döşək, yerə salmaq üçün xalça, yataq kimi əşyalar göndəririk. Əlbəttə, bunların təzə olmasına diqqət edirik. İşlənmiş əşyalar uzun müddət bir yerdə qalanda bakteriya törədə bilər. Buna görə xüsusilə paltarların işlənmiş olanını göndərməmək tələb olunur. Qida olaraq da xüsusilə quru qidalar göndəririk. Düyü, mərci, çay, şəkər, makaron, uşaq qidaları... Bunlar arasında istifadə müddəti uzun olanları seçirik. Ən azı üç ay istifadə müddəti olmalıdır. Təmizlik vasitələri, uşaq bezləri və tibbi vasitələr də göndəririk.

- Bəs pul vəsaiti olaraq yardımlarınız necə?

- Platforma olaraq nağd pul qəbul etmədik. Bunun üçün səfirliyimizin elan etdiyi Ziraat Bank hesabı var. Kart hesabı da var, Ziraat Bankda AFAD adına açılan hesab da var. Nağd pul yardımlarını ora yönləndiririk.

- Başlatdığınız kampaniyaya dövlət və xalq dəstəyini necə dəyərləndirirsiniz?

- Çox qısa bir zamanda olduqca yüksək səviyyədə dəstəklə qarşılaşdıq. Kampaniyanı elan etdikdən sonra bir neçə saat ərzində insanların sel kimi yardım məntəqəsinə axışdığını gördük. Yardım üçün gətirilən əşyalar, qutular Doğtaşın qarşısına, körpünün altına sığmırdı. İnsanların bir çoxu buna yardım demirdi, “bizim borcumuzdur” deyirdilər. Sıxlıqdan yol bağlanmışdı. Hava da soyuq idi. Buna görə də növbəti günlərdə dövlət qurumlarının tövsiyəsi ilə toplama məntəqəsi olaraq Heydər Əliyev adına İdman-Konsert Kompleksinə keçdik. Oradakı çalışmalarda da həm dövlət rəsmilərinin, həm də xalqın necə canfəşanlıqla yardım səfərbərliyinə qoşulduğunun şahidi olduq. İşin rəsmi tərəfində - malların çeşidlənməsi, polis nəzarətində mühafizəsi, yoxlanması, gömrük üçün tırların möhürlənməsi, sərhəddən keçid icazəsinin alınması və s. bütün qurumlar işi sürətləndirmək və asanlaşdırmaq üçün əllərindən gələni etdi. Bu işdə on bir milyonun könlünü hiss etdik, yeddidən yetmişə səfərbər olduğunu gördük.

- Yardım fəaliyyətlərinizi hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?

- Bu zəlzələ çox ağır bir fəlakət olduğuna görə, bunun yardım fəaliyyətlərinin qısa bir zaman ərzində bitəcəyini zənn etmirəm. Məsələn, hazırda dərmanla bağlı istəklər var. Bundan başqa, qarşıdan isti günlər gəlir; yay vaxtı çadırlarda, konteynerlərdə qalanların ehtiyacı olacaq məhsulların, avadanlıqların siyahısını tərtib edirik. Bunları təsbit etdikdən sonra qarşıdakı aylarda bu istiqamətdə yardımların təşkil edilməsinə başlayacağıq.

- Çox təşəkkür edirik, Cengiz bəy.

- Mən də həm sizə, həm də bu işlərdə könüllü olaraq yardıma gələn insanlarımıza – hər gün 600, 700 nəfər könüllü köməyə gəlirdi, seçmə, paketləmə, daşıma işinə kömək edirdilər - təşəkkür edirəm. Evinə getməyib yardım mallarının yanında gecələyənlər belə var idi. Böyük bir canfəşanlığa şahid olduq. Bu işi heç kəsə pul ilə gördürə bilməzsiniz. Yanımızda könüllülər ordusu var idi. Onların da hamısına sizin vasitənizlə təşəkkürlərimi çatdırmaq istəyirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz