Orucun Fəziləti

Orucun Fəziləti

Uca Allahın biz imanlı bəndələrinə olan əfv və məğfirəti, rəhməti bizim təsəvvürümüzə gəlməyəcək qədər böyük və genişdir. Rəhməti geniş olan Rəbbimiz bu səbəblə hər il bizi bərəkət və fəzilət mövsümü olan Ramazan ayından istifadə edərək mənəvi duyğular əldə etməyə dəvət etməkdədir. Bu ayda səma qapıları açılar və ilahi rəhmət və bərəkət hər tərəfə yayılar. Edilən ibadət və gözəl əməllərə digər aylardan daha çox savab verilər, daha çox günahlar əfv olunar və müsəlmanlar toplum halında ibadət iqliminə daxil olarlar. İl boyu maddi qidalarla bəslənən vücudumuzun tamamilə maddiyyat aləminə bağlı qalmaması, axirəti unudub dünyəviləşməməsi üçün müsəlmanlar bu ayda daha çox mənəvi duyğular əldə etməyə çalışarlar.

Ramazan ayını oruclu keçirməyin bir çox hikmətləri və faydaları var. Çünki Uca Allah faydası və hikməti olmayan hər hansı bir şeyi əmr və ya tövsiyə etməz. Bizim hiss edə bildiyimiz hikmətlərdən biri də budur ki, bəndələr oruc sayəsində nəfsinə daha çox hakim olmağı bacarar və bir ay boyunca iradə təlimindən keçirilmiş olarlar. Uca Allahın haram buyurduqlarına əl uzatmamaq, sahib olmadığımız dünya malına göz dikməmək, bütün varlıqların bir Sahibi olduğu şüuruna varmaq, bir sözlə, Allaha layiq bir bəndə ola bilmək əsas məqsəddir.

Uca Allah iman əhli bəndələrini ilahi rəhmət süfrəsi olan oruca dəvət etdiyi ayəsində belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”. (əl-Bəqərə, 183) Əgər ayəyə diqqət etsək, oruc tutmağımızın əsl səbəbinin orada aydın bir şəkildə verildiyini görərik. Bəli, oruc ona görə vacib buyurulmuşdur ki, bəndələr pis əməllərdən çəkinərək təqva duyğusuna yetişsin və bununla da, Allahın razılığını və cənnət nemətlərini əldə etsinlər. Məhz bu səbəbdən deyirik ki, Ramazan əfv-məğfirət və rəhmət iqlimidir.

Ramazan ayı eyni zamanda çox fəzilətli bir aydır. Onun fəzilətli olmasının səbəbləri bunlardır:

Hidayət rəhbərimiz Qurani-Kərim bu ayda endirilməyə başlamışdır. Bu haqda nazil olan ayədə belə buyurulur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır …” (əl-Bəqərə, 185)

Uca Allahın “min aydan daha xeyirli” olduğunu xəbər verdiyi Qədr gecəsi bu aydadır. Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”. (əl-Qədr, 1)

Bu fəzilətin ən mühüm amillərindən biri də Uca Rəbbimizin bəndələrinə lütf edərək hər il, ilin bir ayını mənəvi qazanc mövsümü halına gətirməsidir. Bəxş edilən bu fürsətləri dəyərləndirən möminlər Quran və sünnəni, fəzilətli əməlləri bir ay boyunca gündəlik həyatlarına tətbiq edər, beləliklə də, böyük mükafatlar qazanar və günah kirlərindən arınaraq sevinclə Bayram səhərinə oyanarlar.

Oruc tutmağın dünyada tibbi, sosial, iqtisadi bir çox faydaları olmaqla yanaşı, axirət həyatında da Allah tərəfindən böyük mükafatlar və müjdələr vəd edilməkdədir. Bir hədisində Allah Rəsulu (s.ə.s) belə buyurur: “Adəm oğlunun işlədiyi hər yaxşılıq (xeyir və ibadətin mükafatı yönündən) 10 mislindən 700 mislinə, Allahın dilədiyi saya qədər artırılar. Allah-Təala buyurur ki: Amma oruc belə deyildir. Çünki oruc mənim üçündür. Və onun mükafatını mən verəcəyəm. Oruclu kimsə şəhvətini və yeməyini mənim üçün tərk edir. Oruclu üçün 2 sevinc anı vardır. Birinci sevinci iftar vaxtındakı sevincidir. Digər sevinci də Rəbbinə qovuşduğu zamandakı sevincidir. (And olsun ki) oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir”. (Buxari, Oruc, 2)

Allah Rəsulu (s.ə.s) başqa bir hədisində belə buyurmuşdur: “Cənnətdə Rəyyan adlı bir qapı var. Qiyamət günü həmin qapıdan ancaq (dünyada ikən) oruc tutan şəxslər daxil olacaq, onlardan başqa heç kim girməyəcək. O gün: “Oruclular hardadır?” deyə səslənəcəklər. Onlar da həmin qapıdan daxil olacaqlar. O qapıdan onlardan başqa heç kim girə bilməz. Oruclular daxil olduqdan sonra həmin qapı bağlanacaq”. (Buxari, Oruc, 4)

Səhabələrdən Əbu Ümamə belə rəvayət edir: Bir gün Allah Rəsulundan (s.ə.s) soruşdum: “Ya Rəsulallah, mənə xeyirli bir əməl tövsiyə edə bilərsinizmi?” Allah Rəsulu (s.ə.s) cavabında belə dedi: “Oruc tut, çünki oruca bərabər bir ibadət yoxdur”. Təkrar bir də soruşdum: “Mənə gözəl bir əməl tövsiyə edə bilərsinizmi?” Yenə belə dedi: “Orucuna fikir ver. Çünki Allah qatında onun qədər savablı bir ibadət yoxdur”. (Nəsai, Oruc, 43)

Uca Allah hər birimizə əfv, məğfirət və bərəkət ayı olan Ramazan ayını feyzinə doya-doya keçirməyi nəsib etsin! Amin!

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz