Ənsar olma zamanı

Ənsar olma zamanı

Ramazan ayının gəlişi coşqu və həyəcanın xəbərçisidir. Mərhəmət dolu könüllər bu ayın gəlişi ilə sevinclərinin artdığını, hüznlərinin bir riza halına döndüyünü hiss edərlər. Çünki bu ay təkcə özündə yox, əvvəlki və sonrakı aylarda belə öz müsbət və mənəvi təsirini qəlb və xarakter üzərində göstərməyə qabildir. Sanki bu hal inanan  qəlbin fitrətinə işləyir. Gəlişi ilə sevinilir, gedişi ilə üzüntü hiss edilir. “Mən bunları hiss etmirəm” deyənlərin imanlarının ziyadəsi üçün çalışmaları lazımdır. Yaxud, onların mərhəmətdən yoxsun qalmış olmaları bizi təccübləndirməməlidir. Əlbəttə, “iman hər qəlbdə yer tapacaq” deyə bir iddiamız yoxdur.

Bu iman ləzzətinin isbatı əliaçıq olmaq, comərd olmaq, məxluqata qarşı hissiyyatsız davranmamaqdır. İnfaq, yəni verilən nemətlərdən Allah yolunda xərcləmək Qurani-Kərimin öyrətdiyi tərbiyə metodudur. Hansı yaşda olursa olsun, insan ruhunu bu vasitə ilə təmiz, pak saxlamağa məcburdur. Əks halda mənfi xislətlər ruhunu boğar. Bu hal fitrətin ehtiyaclarından biridir. Dini şüura sahib olmayanlar belə ruhlarını zində saxlaya bilmək üçün həyat şərtlərinin tələbinə müvafiq sosial sferada xeyriyyə fəaliyyətlərində yer alır, qazanclarından ehtiyacı olanlara xərcləyirlər. Bu, ümumiyyətlə, insanı həyata bağlayan vasitələrdəndir. Qəlbin yumşalmasına, vicdanın rahatlamasına, həyat keyfiyyətinin artmasına səbəbdir. Belə olan halda xeyriyyəçi olmaq üçün mal-mülk sahibi olmaq kimi bir şərt vacib deyildir. Ən cəlbedici hekayələr zənginlərin yoxsullara xərclədiyi hekayələr yox, yoxsulların özlərinin ehtiyacı olduğu halda əllərindəkini başqalarına xərclədiyi həyat hekayələridir. İlahi mükafatı da cəlb edən məhz bu xüsusiyyətlərdir. İman kölgəsi altında edilən hər yaxşılıq, Allah azzə və cəllə tərəfindən qiymətləndirilir və mükafatlandırılır. Allah-Təalaya yaxın olmaq istəyənlər bundan geri durmazlar.

Münafiqun surəsinin 10-cu ayəsində Rəbbimiz peşman olmamağımız üçün bizi belə xəbərdar edir: Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin”. Vaxtında xeyrə və xeyir yollarına baş vurmayanlar “kaş ki” deyə-deyə nədamət hissini dadacaqlar.

Ancaq, dediyimiz kimi, Ramazan ayı bizi ilahi bərəkət ilə coşduracaq, bağlanan əllər açılacaq, sönən vicdanlar alovlanacaq, sıxılan duyğular genişləyəcək, beləcə, insanlar ilahi əmrləri yerinə yetirmənin həzzini dadacaqlar. Təbii ki, biz bu comərdlik və könül zənginliyinin ruhunu - ənsarın mühacirlərə qapı açdıqları kimi, mal-mülklərini Allah üçün fəda etməkdən çəkinmədikləri kimi - darda qalan, müsibətə uğramış dosta, qardaş Türkiyə xalqına zəlzələ nəticəsində çəkilən sıxıntıları azaltmaq üçün yardıma tələsən xalqımızın fədakarlığında da izlədik.

O an elə bir an idi ki, səfasını bir kənara qoyub qardaşı üçün cəfaya razı olan bir xalq gördük. Ağlayan qardaşının müsibətinə onunla bərabər ağlayan, itkisini öz itkisi sayan, əylənə biləcəyi halda sevincini yarıda kəsib qardaşı ilə həmhal olan bir millət gördük. Hər şeyi ilə qardaş Türkiyənin dərdinə ortaq olan, ülvi hisslərə sahib Azərbaycan elinin tək vücud olduğunu gördük. Əlində nəyi varsa, ənsarın mühacirlərə fəda etdiyi kimi, özünün ehtiyacı olduğu halda qardaşına uzatmış olduğu əlləri gördük. Dünyanın bir çox yerində müsibətlər, zəlzələlər olduğu zamankından fərqli olaraq, öz elində, öz ata yurdunda olmuş kimi gün-gün, an-an izləməyə çalışıb, ağlayanla-ağlayan, qurtulanla sevinən, yaşanan möcüzələrə “Ey Uca Rəbbim, əzəmətin nə böyükdür!” - sədalarını söyləyən dilləri, yaşaran gözləri gördük. Allah üçün gedib dağıntılar altında qalanları xilas etmək, üşüyənləri isitmək, əlsizlərə əl, ayaqsızlara dayaq, kimsəsizlərə yoldaş olmaq üçün can atanları seyr etdik...

Ölkənin hər tərəfindən insanların əllərində nələri varsa, mal, ya da pul olaraq Türkiyəyə çatdırılması üçün bir yerə topladığının şahidi olduq. Ölkə, dövlət, millət olaraq 44 günlük Zəfər savaşımızda olduğu kimi birlik və bərabərliyin mükəmməlliyini yaşadıq. Məscidlərdə dindarların, ocaqlarda ağbirçək və ağsaqqalların, kişi-qadın, böyük-kiçik hər kəsin dualarının səmaya yüksəlişini seyr etdik. Dəfələrlə oradakı kimsəsiz uşaq və körpələrə baxmaq, dayaq olmaq üçün, gələcəyə bizimlə yürüsün deyə müraciət edən hüznlü, mərhəmət dənizi kimi ailələri dinlədik. Peyğəmbərimizin (s.ə.s) bu hədisi-şərifinin möcüzəvi reallığına gözlərimizlə şahid olduq: “Bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət etməkdə və bir-birilərini qorumaqda möminlər bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olanda, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və hərarətli xəstəliklərə məruz qalar”. (Buxari, Ədəb, 27; Müslim, Birr, 66)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz