Fəlakət və İnsan
Ürəyini yandıran fəlakətlər varsa, yanğınını söndürəcək möcüzələr də vardır...
Təbiətdə baş verən hər bir hadisənin səbəbi və hikməti var. İnsanın üzərinə düşən vəzifə bu hadisələr qarşısında düzgün nəticə çıxara bilməkdir. İnsan üzləşdiyi fəlakətlər əsnasında hadisənin sadəcə zahirinə baxarsa, ölümü, ayrılığı, göz yaşını və müflisliyi görər. Hadisənin batininə və verilmək istənən mənəvi mesaja nəzər yetirsə, bu zaman ilahi hikmətin şahidi olar. Allah quluna yüklənə bilməyəcəyi yükü yükləməz. İnsan sadəcə özünü hər zaman qüsursuz görür və başına gələn müsibətlərdə başqalarını günahkar hesab edir.
Zahiri nöqteyi-nəzərdən fəlakət kimi qiymətləndirdiyimiz zəlzələ, sunami, quraqlıq və daşqın kimi hadisələr Allahın bilgisi daxilində baş verir. Bu həqiqəti Allah-Təala Qurani-Kərimdə bu şəkildə ifadə edir: “Qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-Məhfuzda) olmasın”. (əl-Ənam, 6/59)
Bütün baş verən hadisələr Allahın elmi çərçivəsində baş verirsə, deməli, burada heç bir ədalətsizlikdən, zülmdən və haqsızlıqdan söhbət gedə bilməz. Sadəcə verilmək istənən mesajlar doğru oxunmalıdır. Zəlzələ nəticəsində bir evin içərisində 4 nəfər varsa, onlardan ikisi həyatını itirib, ikisi həyatda qalıb; elə ailələr var ki, ata sağdır, bütün ailəsini itirib. Və ya bütün ailə üzvləri dağıntılar altında qalıb fani dünyaya vəda ediblər. Dağıntılar altından çıxarılan elə insanlar da var ki, 13-14 gündən sonra sağ-salamat qurtulublar. Hətta bu müddət içərisində dağıntılar altında kimlərinsə gəlib onları yedirdiyini, içirdiyini və mütləq qurtulacaqlarını dediklərini deyənlər də var. Yəni sözün həqiqi mənasında möcüzələr də baş verir. Belə demək mümkündürsə; qismət etmişdirsə Mövla, əl gətirər, el gətirər, sel gətirər. Qismət etməmişdirsə Mövla, el götürər, əl götürər, sel götürər. Bu mənada zəlzələnin hikmət və səbəblərini bu şəkildə xülasə edə bilərik:
Birincisi, bu, ilahi bir xəbərdarlıqdır. İnsanın acizliyini hiss etdirəcək bir xəbərdarlıq. Güvənərək basdığı ayağının altındakı torpağın belə onun üçün güvənilən yer olmadığının hiss etdirilməsidir. Malın, mülkün, sevdiklərinin bir anın içində yoxa çıxa biləcəyi şüurunu aşılamaqdır. Yunus Əmrənin dili ilə desək:
Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi,
Mal da yalan, mülk də yalan, gəl bir az da sən oyalan...
Fanilik həqiqətini anlamaq və bundan sonrakı həyatı bu həqiqət çərçivəsində şükürlə, niyazla yaşamaqdır.
İkincisi, ilahi bir cəzadır: Allaha üsyan edənlərə, zülm edib məzlumları məhv edənlərə qarşı ilahi cəza. Klassik alimlərin fikirlərinə görə, cəmiyyətdə iki “z” ilə başlayan hadisə çoxalarsa, üçüncü “z” ilə başlayan hadisə baş verər. Bu iki “z” ilə başlayan hadisələr: zülm və zinadır. Bunlar çoxaldğı zaman üçüncü “z” ilə başlayan hadisə - zəlzələ qaçınılmaz olar. Bu fəlakət əsnasında zalımlarla birlikdə məzlumlar da dağıntılar altında qaldı. Ölənlər, yaralananlar, əzizlərini itirənlər və ömürlük şikəst qalanlar da oldu.
“Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir”. (əl-Ənfal, 8/25)
Mövlana Cəlaləddin Ruminin sözü ilə desək:
Qula bəla gəlməz, Haqq yazmadıqca,
Haqq bəla yazmaz, Qul azmadıqca...
“İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar”. (ər-Rum, 30/41)
Üçüncüsü isə, bu, saleh bəndələrə məğfirət və əcr vəsiləsidir. Allah bu vəsilə ilə saleh qullarını şəhadət mərtəbəsinə yüksəldər və əcrini çoxaldar. “Bəlkə də, xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz”. (əl-Bəqərə, 2/216)
Son olaraq, həyatı bir az qorxu, bir az da ümid içərisində Allaha təvəkkül edərək, davranışlarımızı qaydaya salaraq yaşamalıyıq. “Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər”. (əs-Səcdə, 32/16)
Unutmamalıyıq ki, başımıza gələn bütün hadisələr bir imtahandır və bizim üçün bir mesajı vardır: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyərlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (əl-Bəqərə, 2/155-157)
ŞƏRHLƏR