Bir Ayə

Bir Ayə

بسم الله الرحمن الرحيم

اَلَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

“Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” deyərlər”. (əl-Bəqərə, 2/156)

İslamın ilk dövrlərində müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərək müşriklərin zülmündən qismən xilas olmuşdular. Lakin hicrətin ilk illərində qorxu, əndişə və maddi çətinliklər hələ də davam edirdi. Hətta Həzrət Peyğəmbər (s.ə.s) və ailəsi də maddi çətinliklərlə üzləşir və günlərlə ac qalırdılar. Yuxarıdakı ayənin də içində yer aldığı bir neçə ayədə məhz bu çətinliklərə işarə edilmiş və ümumi olaraq bütün bunların dünya imtahanı olduğu, bu məşəqqətlərə səbir edən möminlərin isə böyük bir mükafat əldə edəcəkləri vurğulanmışdır. Bu ayələrdə bir tərəfdən Həzrət Peyğəmbərlə (s.ə.s) birlikdə olan möminlərin sahib olduqları güclü iman, gözəl əxlaq və yüksək əhvali-ruhiyyə əks olunur, bir yandan da əsl müsəlmanda olmalı olan əxlaqi məziyyətlər təsvir edilir. Bu məziyyətlərin ən əsası Allah-Təalaya şəksiz iman, təvəkkül və təslimiyyətdir. Eləcə də, Uca Allaha aid olduğumuzun və ən sonunda Ona dönəcəyimizin şüuru içində olmaq, müvəffəqiyyəti və qurtuluşu yalnız Allahdan gözləmək, düşmən qarşısında isə mətanətli dayanmaq da bu yüksək məziyyətlərdəndir.

Bu ayə ilə əlaqəli olaraq mənbələrdə qeyd olunan bir rəvayətə görə, Həzrət Peyğəmbərin (s.ə.s) zövcələrindən Ümmü Sələmə (r.anhə) demişdir: “Allah Rəsulunun belə dediyini eşitdim: “Bir bəndə çətinliyə düşər və “Biz Allaha məxsusuq və Ona qayıdacağıq! Ey Allahım, başıma gələn müsibətin əcrini ver və mənə bundan daha xeyirlisini lütf eylə!” – deyə dua edərsə, Allah-Təala onu başına gələn müsibətdən ötrü mükafatlandırar və ona itirdiyi şeydən daha xeyirlisini verər”. (Müslim, Cənaiz, 4)

İnsanın düçar olduğu fəlakət və çətinliklər bir növ dünya imtahanı olaraq görülməlidir. İnsan oğlu canın da, malın da Uca Allaha məxsus olduğunu dərk etməlidir. Ona görə də bundan əvvəlki ayədə: “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!” (əl-Bəqərə, 2/155) – buyurularaq bu həqiqətə diqqət çəkilir.

Digər tərəfdən, İslam ənənəsində belə bir adət formalaşmışdır ki, bir müsəlmanın vəfat xəbəri eşidildiyi zaman bu ayənin إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ /Biz Allaha məxsusuq və Ona qayıdacağıq” hissəsi oxunur. Çünki bu ayədə ölümün son olmadığı, əksinə, yeni bir başlanğıc olduğu xəbər verilir. İnsan oğlunun aid olduğu yer Rəbbinin yanıdır. Biz Ondan gəldik və sonunda Onun hüzuruna qayıdacağıq. Bu dünya isə fani bir imtahan diyarıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz