Acılarıma qardaş olarsanmı?

Acılarıma qardaş olarsanmı?

Acılı bir atanın məktubu: 

“Əhmədimizi Allah yaratdı, bizə satmadı, hədiyyə də etmədi. Bir müddətlik əmanət etdi.

Biz bu müddəti bilmədiyimiz üçün həmişəlik əlimizdə qalacağını zənn etdik, amma buraya qədər imiş…

Uzun sözün qısası, Sahibi bu gün əmanətini almaq istədi.

Başqası almaq istəsə, etiraz edərdim, amma sahibi istədikdən sonra nə deyə bilərəm?!

Mənə aid olan bir mülkü başqası almaq istəsə, etiraz edər, buna yol verməzdim. Amma istəyən başqası deyil, sahibidir.

Rəbbim bizə bir gül əmanət etdi, altı il qoxusunu aldıq… Keçən altı ilin hər anı üçün minlərlə şükür borcum var…”

Nə böyük təslimiyyət!

***

Tarix boyu hər millətin başına müharibə, işğal, yanğın, sel, zəlzələ kimi təbii fəlakətlər gələ bilər. Bu kimi fəlakətlərə məruz qalan dövlətlər və millətlər, əlbəttə ki, çox böyük maddi-mənəvi ziyanla üzləşə bilərlər. Amma güclü millətlər və dövlətlər bu yaraları sarımağı və yenidən ayağa qalxmağı bacarırlar. Canımız Türkiyədə də belə bir fəlakət yaşandı, həm də “Əsrin Fəlakəti”. Mərkəzi  Qəhrəmanmaraş olan, doqquz saat fasilə ilə 7,7 bal gücündə yaşanan zəlzələ Hatay, Adıyaman, Osmaniyə, Malatya, Adana, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Elazığ və Kilis daxil on bir vilayətimizə ciddi zərbə vurdu. Bu böyük coğrafi ərazidə gecənin bir yarısı sanki qiyamət qopdu. Məhşər yaşandı, ürəyimizə qor düşdü.

Amma Türk dövləti və insanı güclüdür. Zəlzələnin ilk anından etibarən dövlətin bütün qurumları, QHT-lər və könüllülər hadisə yerinə axın etdi. Xilasetmə çalışmaları başladı. Zamanla böyük yarış vardı. Həqiqətən, imtahan böyük idi. Bir tərəfdən də qar, qış, soyuq hava ilə mücadilə edildi. Bu qarlı havada ürəyimiz yandı.

İlk andan etibarən Azərbaycan dövləti və xalqı da bu acını dərindən hiss etdi. Cənab Prezidentin təlimatı ilə xilasediciləri daşıyan təyyarələr dərhal havaya qalxdı. Qardaşlıq dastanımız yenidən yazılmağa başladı. Bu vəsilə ilə qardaşlıq tariximizə qısa bir baxış atmaqda fayda var.

XX əsrin əvvəllərində SSRİ-nin Azərbaycanı işğalı ilə yanaşı, Türkiyə ilə bütün Türk dünyasının və Azərbaycanın arası tikanlı məftillərlə ayrılmışdı. Eyni dilin, dinin, tarixin və eyni duyğuların paylaşıldığı bu geniş ərazi təxminən bir əsr boyu qardaşların bir-birinə həsrət acısına səhnə oldu. Nəhayət, uzun illərdən sonra Anadolu türklərinin Türk dünyası ilə, xüsusilə də Azərbaycanla arasındakı sərhədlərin aradan qalxması ilə birlikdə ayrılıq həsrəti artıq xoş bir vüsala döndü. Azərbaycan və Türkiyə qardaşlığının bir-birinə nə qədər möhkəm bağlı olduğunu “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir” “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə daha dərindən hiss etmək mümkündür. Bu iki cümlə xalqlarımızın ortaq düsturuna çevrilmişdir. Bütün baş verənlərdən sonra həsrətlə keçən illərin acısına məlhəm olmaq üçün iqtisadi, siyasi, sosial, mədəni və bir çox sahədə müştərək layihələr sürətlə həyata keçirildi. 

Xalqlarımız ən ağır zamanlarda belə çiyin-çiyinə verərək bir-birinə qardaş köməyini əsirgəməmişdir. İstər ötən əsrin əvvəllərində, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də əsrin sonunda, 1991-ci ildə istiqlalını qazanan Azərbaycan Respublikasını tanıyan ilk dövlətin qardaş və dost Türkiyə olduğu həqiqətini Azərbaycan xalqı bu gün də minnətdarlıqla yad edir. Bununla birlikdə, Anadolu türklərinin öz müstəqilliyini qorumaq üçün girdiyi Çanaqqala müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan azərbaycanlı könüllülər də xalqımızın yaddaşında ən müstəsna yeri tutmuş və sonrakı nəsillər üçün misligörülməmiş nümunə olmuşlar.

1918-ci ildə Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda edən Qafqaz İslam Ordusunun 1130 şəhid əsgəri bu gün müstəqil Azərbaycan torpağında, Türkiyə və Azərbaycan bayraqlarının kölgəsi altında azərbaycanlı şəhid qardaşları ilə eynilə cəbhədə olduğu kimi çiyin-çiyinə hüzur içində yatır. Türkiyə Cümhuriyyəti və Anadolu insanı ermənilərin Qarabağı işğalı ərəfəsində yüzlərlə şəhidimizin və bu işğal nəticəsində ev-eşiyindən ayrı düşmüş bir milyondan artıq didərginin acısını hər zaman ürəyində hiss etmişdir.

İşğal ərəfəsində qardaşların bir-birindən ayrı qaldığı illərdə elmi və fikri sahədə müəyyən qırılmalar olsa da, eyni tarixi bölüşən dostluqlara və qardaşlıqlara heç vaxt mənfi təsir göstərməmişdir. Məhz bu dərin tarixi dostluq və qardaşlığın ən mühüm təməl daşlarından biri də Azərbaycan türklərinin Birinci Dünya Müharibəsi əsnasında rus işğalına məruz qalan Türkiyə torpaqlarında “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və Qardaş Köməyi” vasitəsilə Anadolu türklərinə etdiyi yardımlardır. O günlərdə birlik və bərabərlik sərgiləyən Azərbaycan xalqının bütün fərdləri əllərindəki pulu-paranı, maddi və mənəvi dəyəri olan əşyalarını belə Osmanlıya göndərmişdir.

Azərbaycan və Türkiyə xalqının bir-birinə qarşı sevgisini və səmimiyyətini bir daha vurğulamaq həddən artıq əhəmiyyət kəsb edir. İkinci Qarabağ Müharibəsi zamanı Türkiyə hökumətinin xarici dövlətlərdən gələn bütün etiraz və təzyiqlərə baxmayaraq Azərbaycanın haqlı davasında onu müdafiə etməsi müharibənin 44 gün ərzində tamamlanmasına səbəb olan əsas amillərdən biridir. Məhz bu müharibədə şəhid olan Vətən övladlarına Anadoludakı analarımızın ürəyi yanmış, misilsiz zəfərimizin sevincini isə Türkiyə dövləti ilə türk xalqı ən səmimi duyğularla yaşamışdı.

Bölgənin və xalqlarımızın istiqbalını qorumaq və qurmaq naminə dövlətlərimiz arasında bağlanan sazişlər və Şuşa Bəyannaməsi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin kulminasiya nöqtəsini təşkil edir.

Əvvəlki illərdə yaşanan zəlzələ və meşə yanğınları zamanı dövlət və xalq olaraq birlik-bərabərlik göstərdiyimiz kimi, bu gün də Qəhrəmanmaraş mərkəzli zəlzələdə eyni səy və cəhdlərin şahidi oluruq. Şairin “Qardaşım, acılarıma da qardaş olarsanmı?” nidasına səs verən Azərbaycan qardaşlarının acısına qardaş olma səfərbərliyi etdi.

Qardaş Köməyi ruhu yenidən canlandı. Bu adla yenidən qurulan “Qardaş Köməyi Platforması” və “Türkiyə Yüzyılı Birlik və Dayanışma Platforması” ilə sanki Azərbaycan xalqının ürəyi Anadoluya uzandı. Azərbaycan dövləti və xalqı bu günü birlik-bərabərlik günü, qardaşının dərdinə dərman olma, birləşərək yaralara məlhəm olma günü kimi görür. Yoxsuldan zənginə, yaşlıdan gəncə, uşaqdan böyüyə, hər kəs səfərbərliyə qoşulub. Daima diri olan bu qardaşlıq ruhu dünya durduqca davam etməkdə və yeni nəsillərə ötürülməkdədir.

Birlik və bərabərliklə ən qısa zamanda bu yaralar sarılacaq. Türkiyə dövləti güclüdür. Güclü Türkiyəmiz qardaşlarının da dəstəyi ilə bu imtahanı keçəcək, tezliklə məşəqqətlərin öhdəsindən gələcək.

Azərbaycan dövlətinə və xalqına bu alicənablığa və göstərdiyi qardaşlığa görə təşəkkür edirəm. Rəbbimiz bu zəlzələdə şəhid olan bütün qardaşlarımıza rəhmət eləsin. Yaralılara tezliklə şəfa versin. Geridə qalanlara səbri-cəmil ehsan etsin!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz