Quran ayı
Xoş gəldin, on bir ayın sultanı Ramazan!..
Xoş gəldin, məğfirət ayı Ramazan!..
Xoş gəldin, Quran ayı Ramazan!..
Dinimizdə zaman çox önəmlidir. Xüsusilə də insanın ömrü sayılı günlər olduğuna görə zaman onun üçün çox qiymətlidir. Bunun əhəmiyyətini, ciddiyyətini bizə öyrətmək və diqqətimizi çəkmək üçün Allah-Təala zamana və onu meydana gətirən parçalara and içərək belə buyurur: “And olsun əsrə” (əl-Əsr, 1), “And olsun ağarmaqda olan sübh çağına!” (əl-Müddəssir, 34), “And olsun səhərə!” (əd-Duha, 1), “And olsun işıqlanmaqda olan gündüzə” (əl-Leyl, 2), “And olsun dan yerinə!” (əl-Fəcr, 1), “And olsun keçib getməkdə olan gecəyə!” (əl-Fəcr, 4).
Hamısı da Quran ayəsi, ilahi vəhy olan bu yeminlərin məqsədi zamanın insana şahid olduğunu xatırlatmaqdır. Bu xatırlatmanın məqsədi də insanın zamanı yaxşı, doğru və faydalı istifadə etməsidir. Əks halda insan ona lütf edilən zaman nemətini əleyhinə şahid qılmış olacaqdır. Bu da iki cür ziyandır; birincisi zaman əmanətini hədər etmək, ikincisi də onu əleyhində şahidə çevirməkdir.
Dəyərləndirilməsi gərəkən beləsi qədir-qiymətli zamanlardan biri də rəhmət ayı Ramazani-şərifdir.
Ramazan ayından söhbət gedərkən ilk ağıla gələnlərdən biri də, əlbəttə, Qurani-Kərimdir. Çünki Ramazan Quran ayıdır. Qurani-Kərim Ramazanda endirilməyə başladığına görə bu ay Quranla qaynaşma, daha da yaxınlaşma ayıdır.
Peyğəmbərimiz (s.ə.s) və əshabı (r.anhum) Qurani-Kərimi ən çox oruc ayı olan Ramazanda oxuyar və bu ayda daha çox ibadət edərdilər. Rəsulullah (s.ə.s) hədislərinin birində belə buyurur: “Oruc və Quran qiyamət günü insana şəfaət edər. Oruc deyər ki: “Ey Rəbbim! Mən bu adamı gündüz vaxtı yemək-içməkdən və şəhvətdən uzaq tutdum. Mənə onun haqqında şəfaət etməyə icazə ver”. Sonra Quran belə deyər: “Ey Rəbbim! Mən onu gecələr yuxusuz qoydum (gecələri məni oxudu). Mənə də onun haqqında şəfaət etməyə icazə ver”. Beləcə, Allah-Təala hər ikisinə də (o qula) şəfaətçi olmağa icazə verər və onlar da insana şəfaətçi olarlar” . (Əhməd b. Hənbəl, Müsnəd c. 2, s. 174)
Əslində, bütün insanlar Ramazan ayına qovuşur. Ramazan ayından istifadə edə bilənlər isə möminlərdir. Çünki möminlər Quranla yaşayar, Quranla danışarlar.
Bəs biz Quran ayı olan bu mübarək Ramazanda Quranla nə qədər həmhal oluruq? Keçən Ramazandakı mən ilə bu Ramazandakı mən arasında bir fərq olacaqmı? Bu Ramazan Qurana uyğun olmayan söz və hərəkətlərdən qurtulma, Quranlı söz və davranışları yaşama fürsəti ola biləcəkmi?
Ramazan Quran ayı olması səbəbi ilə Peyğəmbərimizi də coşdurardı. Çoxlu dua edər və Quran oxumasını daha da artırardı, Quranla daha çox həmhal olardı.
Hz. Fatimənin (r.anhə) bildirdiyinə görə, Rəsulullah (s.ə.s) hər il Cəbrayıl (ə.s) ilə Qurani-Kərimi qarşılıqlı oxuyar, müqabilə edərdi. Vəfat edəcəyi il isə bunu iki dəfə etmişdi. (Müslim, Fəzailus-səhabə 98-99). Məqsəd Quranın Allah tərəfindən endirildiyi şəkildə qorunması, ayə və surələrin tərtibinin doğru olaraq təsbit edilməsi və buna nəzarət etmək idi.
Bütün bunlar bizə bunu öyrədir ki, müsəlman olan hər kəs Quranla həmhal ola bilməsi və bu dəyərlərdən istifadə edə bilməsi üçün Qurani-Kərimi oxumağı bacarmalıdır. Oxumağı bacarmayan, oxumağa vaxt ayırmayan kəslər də, müsəlman olaraq, bir an əvvəl Quran oxumağı öyrənməlidir.
Təbii ki, Quranla həmhal olmaq, Qurana hörmət etmək sadəcə yazıdan oxumaq, yaxud Müshəfə (Quran kitabına) təzim göstərmək deyil. Quranla bizdən istənən əsas məqsəd: Quranı oxuyub ibrət almaq, Qurana görə həyat qurmaq, əmrlərini yaşamaq, heç olmasa, yaşamağa çalışmaqdır. Peyğəmbərimizin (s.ə.s): “...Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdilər!..” (əl-Furqan, 30) şikayətindən özümüzü qorumalıyıq.
Bəli, Ramazan Quran ayıdır. Ramazan Quranı bizə gətirdiyi üçün “Ramazan”dır. Ona görə Ramazanımız Quranı oxuduğumuz, anladığımız, yaşadığımız və yaşatdığımız qədər mübarəkdir. Əlbəttə ki, Quranla əlaqə təkcə Ramazanla məhdudlaşmamalıdır. Ramazan vəhyin, Quranın enməyə başladığı aydır. İlin hər günündə və hər zamanında endiyi günkü kimi oxunmalı, həyata keçirilməli və məhəbbəti diri tutulmalıdır. Məhz Ramazandakı məqsədlərdən biri də bu aydakı mənəviyyatı bütün ömrə yaymaq və möminin ömrünü Ramazan kimi dəyərləndirməkdir. Çünki ömrü Ramazan olanın axirəti bayram olar. O bayram da cənnətdir, inşallah.
Elə isə bu aydan əlimizdən gəldiyi qədər istifadə edək. Keçən il bizimlə olub, bu Ramazanda aramızda olmayan neçə-neçə tanıdıqlarımız, qardaşlarımız var, bunu unutmayaq. Biz də çalışaq ki, əlimizdə fürsət var ikən rəhmət ayı Ramazandan və bu ayda enən Quranın feyzindən, bərəkətindən, rəhmətindən istifadə edək. Rəsulullahın (s.ə.s) bu aydan istifadə etməyənlərə qarşı xəbərdarlığından da özümüzü qoruyaq. Çalışaq ki, axirətdə şikayəti-Rəsulullaha deyil, şəfaəti-Rəsulullaha nail ola bilək.
ŞƏRHLƏR