Tarixin sınağından çıxan “Qardaş Köməyi”

Tarixin sınağından çıxan “Qardaş Köməyi”

Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində Rusiya ilə savaşan Osmanlı hökumətinin qarşılaşdığı bir sıra çətinliklərə dəstək olmaq, eləcə də savaş qurbanı olan sivil insanlara yardım etmək məqsədi ilə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nəzdində bir təşkilat yaranır: “Qardaş Köməyi”. Nargin adasında əsir tutulan türk zabit və əsgərlərin qaçırılmasından tutmuş, yetim və kimsəsiz qalan azyaşlı uşaqların himayəsinə qədər geniş fəaliyyət çərçivəsi olan bu təşkilat əlindən gələn heç bir yardımı Osmanlı Türkiyəsindəki qardaşlarından əsirgəmir. Məhz həmin ərəfədə - 1917-ci ildə təşkilatın beyin təbəqəsini təşkil edən ölkə mühərrirləri bir jurnal çıxarmaq qərarına gəlirlər. “Qardaş Köməyi” adlı həmin məcmuənin iki əsas məqsədi vardı: birinci məqsəd o idi ki, jurnalın ilk səhifəsində də yazıldığı kimi, satışdan əldə olunacaq bütün gəlir hərbzədələr mənafeyinə xərclənəcəkdi. Haşiyə çıxaraq qeyd etməliyik ki, dükanları qapı-qapı gəzərək yardım toplayan qrupun içərisində məşhur xeyriyyəçi H.Z.Tağıyevin qızının da iştirakı məsələnin nə qədər xüsusi əhəmiyyət daşıdığını göstərən amillərdəndir. Jurnalın ikinci və əslində daha mühüm məqsədi isə Azərbaycan mühitində Osmanlı türklərinə qarşı qardaşlıq tellərini daha da gücləndirmək, məsələni gündəmdə saxlamaq və dili, dini, əqidəsi bir olan xalqlarımızın bir-birinə vəfasını canlı tutmaq idi.

Hələ ötən əsrin əvvəlində - 1917-ci ildə nəşr olunan jurnal sözə belə başlayırdı:

“Qardaş Köməyi” fevralda çıxacaq idi. Fəqət bir çox səbəblərə görə təxir edilə-edilə bu günə qədər qaldı. “Xeyirsiz şər olmaz” deyirlər. Bu deyişdəki hikmət, ehtimal ki, əllərinizi öpməkdə olan bu məcmuənin keyfiyyəti təxirindəki qədər heç bir zaman zühur etməmişdir...”[1]  

***

Aradan 106 il keçib. Tarix təkərrür edir. Hər gün televiziya ekranlarında izlədiyimiz acı bir səhnə var: Qardaş ölkədə baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirən minlərlə insan, evsiz-eşiksiz qalan on minlərlə ailə, qohum-əqrəbasını itirən və bunun nəticəsində bir gecədə tənha qalanlar, atasız-anasız qalan yetimlər, bütün var-dövlətini itirərək yoxsullaşan, işini-gücünü itirən biçarə insanlar...

Məhz belə bir ağır gündə müşahidə etdiyimiz başqa bir mənzərə də var. Bu mənzərə bir anda bütün Azərbaycanın Türkiyə üçün tək ürək oluşudur. Dövlətin ən ali məqamını təmsil edən prezidentdən tutmuş ən sıravi vətəndaşına qədər hər kəs sevə-sevə yardım səfərbərliyinə qoşulub. Bir gecədə bütün yardım toplama məntəqələrini dolduran minlərlə insanı görüb qürur hissi keçirməmək mümkün deyil. Əlində-ovcunda nə varsa, Türkiyədəki qardaşlarına yardım üçün gətirən fədakar insanlar: cehizini qucağına alıb gətirən gənc qızlar, aylıq təqaüdünü yardım kampaniyasına köçürən qəlbi zəngin qocalar, cibxərcliyini göndərən məktəblilər, göndərdiyi geyimlərin cibinə qoz-fındıq dolduran incə düşüncəli xanımlar, yazı yaza bilmədiyi üçün atasına məktub yazdıraraq həmyaşıdlarına göndərdiyi oyuncağın üstünə sancaqlayan dünya boyda ürək daşıyan beş-altı yaşlı uşaqlar...

Biz bu gün qardaşlıq borcumuzu yerinə yetiririk. Mənsubu olduğumuz mədəniyyət, qəbul etdiyimiz İslam bizdən bunu tələb edir. “Yer üzündə üşüyən bir qardaşım varsa, isinməyə haqqım yoxdur” deyən Şəmslər, Mövlanalar yetişdirən ənənə bizə bunu təlqin edir. İndi yaralara məlhəm olmaq vaxtıdır. Dindaş və soydaşımız olan türk qardaşlarımız üçün əlimizdən gələni etmək ən ümdə borcumuzdur. Və şükürlər olsun ki, xalqımız bu gün tarixdə nadir görülən vəfakarlıq nümunələrindən birini göstərir. Nə qədər qürur duysaq, yenə də azdır.

***

Bir əsr sonra tarix təkərrür edir. Yenidən “Qardaş köməyi dastanı” yazılır. Ruzigarın şahid olduğu bu dastanda İrfan jurnalı da bütün əməkdaşları ilə öz töhfəsini verməyə çalışır. Müxtəlif sahələrdə yardım səfərbərliyinə qoşulmaqla yanaşı, jurnalımızın bu sayını da məhz qardaş köməyinə həsr etdik. Eynilə bir əsr əvvəl olduğu kimi, çıxardığımız jurnalla da bu ruhu canlı tutmağa, qardaşlığımız üzərinə formalaşmış ictimai fikri dəstəkləməyə çalışırıq...

Və mən qürurla yazıram:

“İrfan jurnalı mart buraxılışını Ramazana həsr edəcək idi. Fəqət mühüm bir səbəbə görə - darda qalan qardaşlarımıza millət olaraq yanlarında olduğumuzu hiss etdirmək üçün mövzumuzu deprəmzədələrə həsr etdik. “Xeyirsiz şər olmaz” deyirlər. Bu deyişdəki hikmət, ehtimal ki, əllərinizi öpməkdə olan bu məcmuənin qardaşlıq salnaməmizə şahidlik etməsidir...”

 

 

 

 

[1] Məqalənin davamında Çar Rusiyasında baş verən bir sıra siyasi hadisələrin hürriyyət və söz azadlığı kimi müsbət nəticələri diqqətə çatdırılaraq milli məfkurəni formalaşdıran yazıların çarlıq senzurası tərəfindən maneə ilə qarşılaşmaması müsbət hal kimi ifadə edilir. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz