“Qardaş Köməyi” çətin günlərin qardaşlığının sloqanıdır.
“Qardaş Köməyi” platformasının sədri Rəşad Cabirli:
“Qardaş Köməyi” çətin günlərin qardaşlığının sloqanıdır.
İrfan: Salam, Rəşad bəy! Bir aya yaxındır ki, müxtəlif media vasitələrində, sosial şəbəkələrdə, Türkiyə xalqına yardımlarınızın işıqlandırıldığını görürük. Tez-tez “Qardaş Köməyi” platformasının adını eşidirik. Bu platforma necə quruldu və bir cümlə ilə söyləsək, nədir “Qardaş Köməyi?”
Rəşad Cabirli: Sözə başlamazdan əvvəl mən də “İrfan” jurnalını və dəyərli oxucuları salamlayıram. Qeyd edim ki, zəlzələnin baş verdiyi gündən etibarən cənab İlham Əliyev istər dövlət, istər xalq olaraq bu ağır gündə qardaş ölkənin yanında olduğumuzu bildirdi. Eyni zamanda xalqımızı yardım səfərbərliyinə səslədi. Biz də vəziyyətin hədsiz dərəcədə ağır olduğunu, qardaş türk xalqı ilə həmrəyliyin vacibliyini nəzərə alaraq MÜSİAD Azərbaycan, ATİB, TUİB, Azərbaycan Sahibkarlar Konfederasiyası, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin səlahiyyətli nümayəndələri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində yığışdıq, dəstəkçi təşkilat olan KOBİA təmsilçisinin də iştirakı ilə “Qardaş Köməyi” platforması təsis olundu. Platformanın bu cür adlandırılmasında Birinci Dünya Müharibəsi ərəfəsində o zamankı Osmanlı Türkiyəsinə yardım üçün qurulan “Qardaş Köməyi” təşkilatından ilham aldıq. Bir əsr bundan əvvəl babalarımızın bizə miras qoyduğu ənənəni yaşatmaq üçün əlimizdən gələni əsirgəməməli, ülvi əqidəyə sədaqətimizi nümayiş etdirməliyik.
“Qardaş Köməyi” nədir deyə bir sual verdiniz. “Qardaş Köməyi” bir vəfa borcudur, yüzillərin sınağından çıxan qardaşlıq simvoludur. “Qardaş Köməyi” çətin günlərin qardaşlığının sloqanıdır.
- Həyata keçirdiyiniz yardım kampaniyası çərçivəsində bu günə qədər ümumilikdə nə qədər yardım toplanaraq qardaş ölkəyə yola salınmışdır?
- Əvvəla qeyd edim ki, fəaliyyət çərçivəsində Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi ilə müzakirə edərək bölgədən gələn yardım tələb siyahısına əsasən müəyyən olunmuş ləvazimatları toplayır və dövlətlərimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə zəlzələ bölgəsinə göndəririk. İlk gündən etibarən başlayan yardım kampaniyası hələ də davam etdiyi üçün qardaş ölkəyə göndərilən yardımların sayı hər gün, hətta hər saat dəyişir. Biz mütəmadi olaraq dəyişən sayla bağlı ictimaiyyətə məlumat veririk. Deməli, 24 fevral tarixinə olan məlumata əsasən Türkiyəyə göndərdiyimiz yardımın miqdarı belədir: 46 ev tipli konteyner, 120 çadır, 190 ədəd 2110 kv.lıq generator, 26 ton dərman və tibbi ləvazimat, 441 ton qida, 6507 adyal və yorğan, 120 ton su və meyvə şirəsi, 839 ədəd poverbank və batareya, 600 mindən çox geyim və müxtəlif yataq ləvazimatı. Saydığım əşyalar ümumilikdə 4 təyyarə və 133 tır ilə qardaş ölkəyə göndərilmişdir. Tırların sadəcə yeddisi ilə müxtəlif gigiyena vasitələri daşınmışdır. “Qardaş Köməyi” platformasının rəhbəri olaraq bütün təmsilçi təşkilatlarımıza, o cümlədən səsimizə səs verən xeyirxah xalqımıza öz təşəkkürümü bildirirəm.
Yeri gəlmişkən, ölkəmizdə bizim kimi fəaliyyət göstərən digər yardım platformalarına, xeyirxah iş adamlarına da təşəkkür etməyi özümə borc bilirəm. Kimliyindən, tutduğu vəzifəsindən, sosial durumundan asılı olmayaraq qardaş ölkənin yarasına məlhəm olmağa çalışan hər kəs bizim üçün əzizdir.
- Bir az da yardım səfərbərliyi çağırışınızın xalq üzərindəki təsirindən bəhs edərsinizmi?
- Əvvəla, bir daha yada salaq ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə hər zaman sevincini və kədərini bir-biri ilə paylaşan iki ayrılmaz qardaşdır. Zəlzələnin baş verdiyi gündən etibarən ölkəmizin bütün şəhər və rayonlarında qardaş ölkəyə yardım səfərbərliyinin başladığını gördük. Cənab Prezidentin xüsusi göstərişi ilə rəsmi səviyyədə başlayan yardım kampaniyası Qeyri-Hökumət Təşkilatlarını da hərəkətə keçirdi. Ölkəmizdə fəaliyyət göstərən QHT-lərin başlatdığı səfərbərlik çağırışı da xalq tərəfindən yüksək rəğbətlə qarşılandı. Hər kəs əlindən gələni etmək üçün sanki bir-biri ilə yarışa girdi. Qardaş ölkəyə getmək üçün müraciət edən yüzlərlə insanın varlığı, burada tırları yükləməyə gələn könüllülərin canfəşanlığı, imkanı daxilində bu xeyir işə dəstək olmaq üçün hər yaşdan, hər təbəqədən insanın əlində-ovcunda olanı yardımtoplama məntəqəsinə gətirməsi Azərbaycan xalqının Türkiyəyə, türk xalqına sevgisinin misligörülməmiş bir təzahürü idi.
- Bundan sonrakı günlərdə platformanın fəaliyyətini hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?
- Bir az əvvəl də qeyd etdiyim kimi, yardım fəaliyyətimiz hər iki ölkənin müvafiq rəsmi qurumları ilə qarşılıqlı müzakirələr əsasında həyata keçirilir. Bundan sonrakı fəaliyyətlərimiz də bizə verilən məlumata əsasən bölgədəki ehtiyacları qarşılamağa hesablanmışdır. Hazırda tələbata əsasən ev tipli konteyner, çadır, generator, adyal, quru qida və s. yardımlarımız davam edir. Təxmin edirik ki, bundan sonrakı mərhələdə zəlzələ bölgəsində yeni şəhərlərin salınması prosesinə, tikinti və abadlıq işlərinə də dəstək olmaq lazım gələcək. Hər nə olursa olsun, biz daima Türkiyənin yanındayıq, türk xalqı ilə bərabərik.
- Təşəkkür edirik, Rəşad bəy! Çıxdığınız xeyir marafonunda uğurlar arzulayırıq.
- Mən də öz növbəmdə “İrfan” jurnalına təşəkkür edirəm. Hər zaman milli-mənəvi, insani dəyərləri yaşatmaq üçün apardığınız maarifləndirmə işində sizə uğurlar arzulayıram.
ŞƏRHLƏR