Qardaşlıq tariximizdən
2012-ci il 6-7 noyabr tarixlərində “Keçmişdən günümüzə Azərbaycan və Türkiyədə xeyriyyəçilik ənənəsi Qardaş Köməyi” adlı beynəlxalq simpozium təşkil edilmişdi. Proqramın katibi olaraq bütün məruzəçilərin görüş və məruzələri ilə yaxından tanış olma imkanım olmuşdu. Ən son bu qənaətə gəlmişdim ki, tarixən Azərbaycan və Türkiyə arasında var olan bu münasibətlərin əsası nə iqtisadi, nə siyasi, nə də gəlib keçici olan şəxsi maraqlar üzərində qurulmuşdur. Bu əlaqələr xalqlarımız arasında var olan tarixi, dini, mədəni bağlar üzərində qurulmuş və onun mayası da ortaq milli-mənəvi dəyərlərimiz olmuşdur. Çox da uzaq olmayan tarixi keçmişimizə nəzər saldığımız zaman bunun canlı şahidi oluruq.
Bu bir həqiqətdir ki, ən çətin vaxtlarda belə xalqlarımız çiyin-çiyinə olub, qardaş kimi bir-birinə kömək ediblər. 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda törədilən qırğınlar zamanı Nuru Paşanın komandirliyində göndərilən Osmanlı ordusunun köməyi ilə xalqımızın məruz qaldığı soyqırımın qarşısı alınmışdı. O günlərin canlı şahidi olan rəhmətlik nənəm hər zaman “Türklər bizi qurtardı” deyər və onlar üçün dua edərdi. Nənəm deyirdi ki, o zaman uşaq idim, kəndin bütün kişiləri kimi mənim də atam kəndin giriş yollarında erməni hücumlarının qarşısını almaq üçün getmişdi. Lakin o evdən gedərkən anamı və üç qızını həyətimizdəki təndirə qoyaraq anama bu tapşırığı vermişdi: “Məni burada gözləyin, əgər yad insanların səsini eşitsəniz, mənim orada olmadığımı bildiyiniz anda bu nefti üzərinizə töküb yandırın. Qoymayın o imansızlar, qansızlar sizə əllərini vursunlar!” Nənəm deyir ki, atam son dəfə üzümüzə baxırmış kimi baxıb təndirin ağzını bağladı... O saatlar onun həyatında ən ağır anlar olmuşdu. “Bir neçə saat sonra ayaq səsləri eşitdik. Anam bir əlində nefti, digər əlində kibriti hazır vəziyyətə gətirdi. Ayaq səsləri yaxınlaşdıqca anamın ürək döyüntüsü və gözlərindəki həyəcan daha da artırdı. O anda atam təndirin ağzını açdı və ölümdən xilas olan birisi olaraq, mənim bundan sonra heç vaxt unutmayacağım bu cümləni söylədi: “Türklər bizi qurtardı”.
Nənəm son nəfəsinə qədər onu və onun kimi minlərlə insanı xilas edən Türk xalqına dua etdi. Millət olaraq o günü unutmadıq. Elə buna görədir ki, bu gün zəlzələdən zərər çəkən qardaşlarımıza yardım payını göndərən biri qutunun üzərinə: “Nuru paşam, səni unutmadıq!” deyə yazmışdı.
Anadolu türklərinin istiqlaliyyətini qorumaq üçün Çanaqqala döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olan Azərbaycanlı könüllülər də xalqımızın yaddaşında ən müstəsna yerlərini tutaraq, gələcək nəsillərə son dərəcə nəcib bir örnək oldular. Hətta Məmməd Əmin Rəsulzadə o hadisələrdən bəhs edərkən “Azərbaycan əsgəri Çanaqqala döyüşlərinə uçaraq getdi” demişdi.
Bu dərin tarixi dostluq və qardaşlığın ən mühüm nümunələrindən biri də I Dünya müharibəsi zamanı Azərbaycanda təşkil edilən yardım səfərbərliyidir. Rus işğalına məruz qalan Şərqi Osmanlı torpaqlarında xalq ağır vəziyyətdə idi. Yardım üçün “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” və “Qardaş Köməyi” dərgisi vasitəsi ilə yığılan ianələr Anadoluya çatdırılırdı. Həmin dövrdə tək yumruq kimi səfərbər olan Azərbaycan xalqının bütün təbəqələri əllərində var olan pullarını, maddi vəsaitləri və hətta mənəvi dəyəri olan zinət əşyalarını belə Osmanlıya göndərirdi. Hətta o gün Bakı küçələrində dilənən dilənçilər belə bir günlük topladıqları bütün pulları xeyriyyə cəmiyyətinə bağışlamışdılar.
Bu qardaşlığın növbəti böyük təzahürlərindən birini İkinci Qarabağ Müharibəsi zamanı müşahidə etdik. Türkiyə hökumətinin bütün xarici etiraz və təzyiqlərə baxmayaraq, Azərbaycanı öz haqlı davasında müdafiə etməsi və dəstəkləməsi müharibənin 44 gün ərzində başa çatmasına səbəb olan əsas səbəblərdən idi. Həmçinin Elazığ zəlzələsi və güclü meşə yanğınları zamanı dövlət və xalq olaraq göstərdiyimiz birlik və bərabərlik də bu qardaşlığın əsəri idi. Bu fədakarlıq anlayışını yaxın günlərdə baş vermiş Qəhrəmanmaraş mərkəzli zəlzələ sonrasında davam etdiririk. Gün birlik və bərabərlik günüdür. İndi qardaşın dərdinə məlhəm olmaq, yaraları birlikdə sarımaq vaxtıdır. Qarşılıqsız və daima canlı tutulan bu qardaşlıq ruhunu dünya var olduqca davam etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin tarixi vəzifəsidir.
Sarıqamış əməliyyatında birlikdə donduq, Çanaqqala savaşında çiyin-çiyinə savaşıb işğalçı orduları geri otuzdurduq, Birinci Dünya müharibəsində əsir alınıb Bakı yaxınlığındakı Nargin adasında saxlanılan Türk əsirlərə yardıma tələsdik, Qurtuluş savaşında əli silah tutanlarımızla, nişan üzüklərimizlə iştirak etdik! Ona görə də, zəlzələdən zərər çəkənlərə yardım üçün yumruq kimi birləşməyimiz heç kimi təəccübləndirməməlidir!
ŞƏRHLƏR