Vətəni Əmanət Bilənlər
Üstündə yaşadığımız torpağa adi torpaq parçası kimi yanaşmaq haqsızlıqdır. Bu torpaq parçası bizim üçün böyük əhəmiyyət kəsb edir. Ona “Vətən” deyirik. Vətən bineyi-qədimdən bu günə qədər uğrunda şiddətli çarpışmaların, ölüm-dirim mübarizələrinin baş verdiyi, hər qarışı şəhid qanı ilə sulanmış, milli kimliyimizin təşəkkül tapdığı müqəddəs torpaqdır. Vətən, uğrunda canını, qanını, bütün varlığını fəda edərək şəhadət mərtəbəsinə ucalan və qazi olan igidlərin bizə miras buraxdığı müqəddəs bir əmanətdir. Abbas Səhhətin dediyi kimi: “Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir!”
Vətəni qorumaq təkcə yadelli işğalçıların hücumu zamanı əlinə silah götürüb vətənin müdafiəsinə qalxmaq deyil. Vətəni qorumaq və inkişaf etdirmək hər zaman ən ümdə vəzifədir və hər bir vətəndaşın borcudur. Bu vəzifələri yerinə yetirmək üçün bəzi prinsiplərə əməl etmək lazımdır:
- Vətəndaşlıq və qarşılıqlı hörmət: Özümüzü bu vətənin vətəndaşı kimi görməli və bu kimliyə hörmət etməliyik. Vətənimizin dilinə, mədəniyyətinə və ənənələrinə hörmət etməli, digər mədəniyyət və millətlərlə birgəyaşayışa əhəmiyyət verməliyik. Çeşidlilik və birgəyaşayış ölkənin zənginliyini artırır.
- Qanun və qaydalara riayət: Ölkəmizin qanun və qaydalarına əməl etməliyik.
- Təhsil və mədəniyyət: Özümüzü, cəmiyyətimizi daha yaxşı anlamaq və inkişaf etdirmək üçün təhsil almalıyıq.
- Vətənin inkişafı: Bacarıqlarımızı inkişaf etdirməli, ölkəmizin iqtisadi və sosial inkişafında iştirak etməliyik.
- İctimai fəaliyyət: Sosial və siyasi fəaliyyətlərdə iştirak etməli və ölkəmizin ictimai məsələlərinə müsbət təsir göstərməliyik.
- Vətənə dəstək: Təbii fəlakətlər, müharibə və digər çətinliklər zamanı vətənimizə yardım etməliyik.
- Əmanətlərin qorunması: Vətənin sərvətlərini, təbii resurslarını, tarixi abidələrini, mədəniyyətini, dilini və adət-ənənələrini qorumalı və gələcək nəsillərə ötürməliyik.
- Təhlükəsizlik və müdafiə: Vətənimizin təhlükəsizliyinin təmin edilməsində və müdafiəsində iştirak etməliyik.
Vətənə sahib çıxmaq bir insanın öz ölkəsinə olan bağlılığını və məsuliyyətini ifadə edir. Antiterror əməliyyatlarının aparıldığı bu günlərdə vətən əmanətinə sahib çıxmaq mövzusu daha da rəvac qazanıb. Bizim borcumuz bu müqəddəs əmanətə layiqincə sahib çıxmaq, onu göz bəbəyi kimi qorumaq, lazım gələndə canımızı sevə-sevə fəda etmək, gələcək nəsillərə xoşbəxt, firavan yaşayacaqları vətən əmanət etməkdir. Vətən yüzilliklər, minilliklər boyu nəsildən-nəslə əmanət edilərək bu günlərə gəlib çıxmışdır. Bu gün bu əmanətə sahib çıxmaq, qorumaq, gələcək nəsillərə ötürmək vəzifəsi bizim öhdəmizdədir. Səməd Vurğunun dediyi kimi: “Duysun ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən!”
44 günlük Vətən müharibəsi zamanı, ondan əvvəl və sonrakı dövrdə, həmçinin bu son günlərdə vətən övladları vətənin müdafiəsində dayandılar, igidlik göstərdilər, canlarından keçərək şəhidlik mərtəbəsinə ucaldılar. Onlara əmanət edilmiş bu müqəddəs vətəni əbədi yaşatmaq üçün vətənin yaddaşına həkk oldular. Qəhrəman şəhidlərimizi rəhmətlə yad edərkən, onlardan bəzilərinin son sözlərini bir də xatırlayaq:
Allahyaroğlu Şahin: “... 30 ildir gözləyirik, mütləq almalıyıq torpaqlarımızı, inşaallah, nəsə olsa, mənə heç vaxt ağlamayın, oğluma mənim adımı qoyarsınız”,
Həsənov Aydın: “... Bizə nəsə olsa, Vətən bu videoya baxanlara əmanət olsun!”,
Vüsal Allahverdiyev: “... Ağlayıb eləməyin ha, arxamca”,
Xudafərinə bayraq asan Elsevər Paşayev həyat yoldaşına yazdığı mesajda: “... Sən çox güclüsən, uşaqlar sənə əmanət”,
Pulemyot canavarı Orxan Şirinovun yaralı vəziyyətdə komandirinə tapşırdığı son sözü: “... Atama deyin, oğlun kişi kimi şəhid oldu”,
İlk dəfə rayonundan kənarda olan Vəlizadə Anar: “... Şəhid olsam, bu videonu atama göndərərsiz, həm gülər, həm ağlayar”,
Məmmədəli Muradoğlu: “... Şəhid olmaq istəyirəm”,
Səid Rəşidzadə: “... Səhər yuxudan duranda, anam, qorxma, amma deyəsən, xəbər var”,
Əliyev Tamerlanın hər dəfə əminliklə, israrla hər şeyin yaxşı olduğunu bildirən səsi: “... Şükür Allaha, hər şey yaxşıdır, canınıza dua edirəm”,
Aprel döyüşlərinin iştirakçısı, səngərdə ermənilərə dərs verməyə gedən Elgün Quliyev: “...Tarix müəllimi işləyə bilməsəm də, tarix yazacağam”,
Yaralı komandirini xilas edən Vüsal Məmmədov: “... Gedişimiz var, dönüşümüz yoxdur”,
Aqşin İbadov: “... Narahatam, hər şey o qədər mükəmməldir ki, bu məni narahat edir. Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram”.
Əsir düşməmək üçün səsini çıxartmayan, dörd saat ölümünü gözləyərək son çarə kimi özünü videoya çəkən yaralı Elvin Abdurrəhmanlının son baxışları onun donan arzuları və son sözləri idi... O, telefonda özünə deyil, bizə baxırdı... Bu naməlum baxışların sükutunda Ana Yurdu bizə əmanət edirdi.
Allah bütün şəhidlərimizin məqamını ali etsin!
ŞƏRHLƏR