Allahın Sevgili Qulu
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ey Rəsulum!) Gözəl davranıb yaxşılıq edən ehsan sahiblərini (Allahı görürmüş kimi qulluq edənləri Cənnətlə) müjdələ!” (əl-Həcc, 37)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Allah-Təala (c.c) Yəhya əleyhissalama belə vəyh etdi: “Ey Yəhya! Qullarımdan Məni sevmək istəyənin bu muradını Mən öncədən bilməkdəyəm. Bunu açıq olaraq bilməyini istəyirəm ki, Məni sevənin sevgisinin şiddətindən dolayı onun eşidən qulagı, görən gözü və danışan dili olaram. Kainatdakı hər şey ona (sevgimdə qeyb olduğu üçün) əhəmiyyətsiz gəlməyə başlayar". Bu incə məqamı, yəni Allahı (c.c) görürmüş kimi hüzur ədəbinə sarılıb qəflət pərdəsini yırtan və tam bir oyanıqlıq halına sahib olan kəslərlə bu böyük nemətdən məhrum olanların fərqini açıqlayan Abdulkərim Çili həzrətləri belə buyurur:
“Haqq-Təala tərəfindən aləmlərin əhli üzərinə çəkilən qəflət pərdəsinin bir adı da yuxudur. Bu şəkildə aləmlərin hamısının əsli xəyaldır. Məsələn, dünya əhli dünyəvi keçimin xəyalı ilə, axirət əhli də axirət işlərinin xəyalı ilə əhatələnmişdir. Bu cəhətdən istər dünya, istərsə də axirət əhli olsun, hər ikisi də məşğuliyyətlərindən dolayı Haqq-Təala ilə hüzurdan qəflətdədir. Yalnız Allahın hüzurunda olduğunu duyanlar Allah (c.c) ilə olan hüzurları nisbətində oyanıqlıq hasil edərlər!” Yəhya əleyhissalama olan vəhyin davamında Allah-Təala (c.c) bunları bildirir:
“Sevgimi bütün gözəlliyi ilə yaşaması üçün onu dünya ləzzətlərindən məhrum edərəm. Dünyanın dadı və gözəllikləri ona haram kimi olar. Hər gün yetmiş dəfə ona təcəlli edərəm. Hər təcəllimdə sevgim artar. Ünsiyyətimin dadını alar və qəlbi Nurumla dolar. Bu halı ilə o hər an Mənə baxar. Başını Qüdrət təcəllimlə sığalladığım o qulumun qəlbindəki acıya məlhəm olaram. Artıq o, Məndən şikayət etməz. Onun qəlbindəki Mənə qovuşma istəyini və sevgidən hasil olan (ağır imtahan) yükünü Mən bilərəm. “Ya Rəbbi! Sənə vüslət (qovuşma) nə zamandır?” - deyərək etdiyi fəryadları Mən duyaram. O daima bu münacatını təkrarlayaraq Mənə yönələr: “Ya Rəbbi! Mənim üçün həqiqət bundan ibarətdir ki, Sənə qovuşmadan rahat üzü görməyəcəyəm!” Ya Yəhya! Müştaqlarımın qəlbi heç rahatlıq taparmı?! Onların bütün əməli Mənəm! Son mənzilləri də Mənə varmaqdır. Halbuki mənim nə sonum var, nə də əvvəlim! Qulum Mənə yaxınlaşınca Mən də ona yaxınlaşaram. Sözlərini duyaram, hüznünü bilərəm. Onun ağlamalı səsini sevərəm. İzzət və Cəlalıma and olsun, belə qulumu elə bir yüksək dərəcəyə çıxardaram ki, gəlmiş və gələcək olan hər kəs ona qibtə ilə baxar. Onun halına heyran olan hər kəs onun kimi olmaq istəyər. Qiyamət günü onu belə çağıraram: “Bu isimdəki filankəs oğlu filankəs qulum gəlsin!” O Allahın (c.c) sevgilisi, vəlisi və seçmiş olduğu bir kimsədir. Uca Allah (c.c) onu dəvət edər! Qul da Rəbbini görməklə inanılmaz bir həyəcana bürünər. Pərdələr qalxar və Haqqın cəmalına tamaşa etməyə başlayar. Rəbbimiz buyurur ki, bundan sonra o qulum gələr və Mənə doya-doya baxar. Ona belə deyərəm: “Salam olsun Mənim vəli quluma! Sənə müjdələr olsun! Çəkdiyin o qədər əziyyətlərdən sonra sənə könül rahatlığı və xoşluq verən o məqama yetişdin!”. Yəhya əleyhissalam bunları dinlədikdən sonra özündən gedərək yıxıldı və üç gündən sonra ayıla bildi. Ayıldığı zaman da bunları söyləməyə başladı: “Ya Rəbbim! Sən Sübhansan! Sevgili qullarına nə qədər də çox sevgin var! Onların ümidi yalnız Sənsən, Ya Rəbbi! Ey xeyir və ünsiyyət Sahibi, Sən necə də gözəl bir Mövlasan! Necə də gözəl bir yardımçısan!”
Dostlarından biri Məruf Kərxi həzrətlərinə: “Səni bu dərəcədə ibadətə təşviq edən nədir? Ölümü xatırlamaqmı? Qəbir və bərzəx aləmini düşünməkmi? Yoxsa cəhənnəm qorxusu ilə cənnət ümidimi?” - deyə soruşduğunda Həzrət bir müddət sükut etmiş, sonra da belə buyurmuşdu: “Bu dediklərin nədir ki? Bu saydığın şeylərin hamısını qüdrətində tutan Allah (c.c) elə bir uca Rəbdir ki, əgər Ona qarşı qəflətdən uzaq, dərin bir məhəbbət və təzimə sahib ola bilsən, bu dediklərinin hamısını sənə unutdurar. Allah (c.c) ilə aranda tam bir mərifət və məhəbbət rabitəsi meydana gələr və bu sayədə də O, saydığın məşəqqətli məqamların hamısından səni qurtarar!”
Haqqa müstəsna bir yaxınlıq məqamının eşqi ilə alışıb yanan Mövlana həzrətlərinin vüslətə yetişmə sevdası bu məqamın qiymətini necə də gözəl açıqlamaqdadır: “Görmədən Səni istəyən könlüm görüncə necə dayansın? Ey Sevgili! Hüzuruna almasan da məni, mən Səni könlümdə daşıyaraq vüslət sevdası ilə yaşayaram!”
ŞƏRHLƏR