Bir Hədis
عَنْ الزُّبَيْرِ بْنِ عَدِيٍّ، قَالَ: دَخَلْنَا عَلَى أَنَسِ بْنِ مَالِكٍ فَشَكَوْنَا إِلَيْهِ مَا نَلْقَى مِنَ الحَجَّاجِ، فَقَالَ: مَا مِنْ عَامٍ إِلَّا وَالَّذِي بَعْدَهُ شَرٌّ مِنْهُ حَتَّى تَلْقَوْا رَبَّكُمْ، سَمِعْتُ هَذَا مِنْ نَبِيِّكُمْ صلى الله عليه وسلم
Zübeyr ibn Ədi belə demişdir: "Biz Ənəs ibn Malikin yanına gedərək Həccacın bizə etdiklərindən ona şikayət etdik. Ənəs ibn Malik belə dedi: "Elə bir il yoxdur ki, ondan sonra gələn növbəti il ondan daha pis (şərli) olmasın. Bu, Rəbbinizə qovuşacağınız günə qədər (qiyamətə qədər) belə davam edəcək". Mən bunu sizin Peyğəmbərinizdən eşitmişəm". (Tirmizi, Fitən, 35)
Bu rəvayət tabeun nəslindən olan Zübeyr ibn Ədidən rəvayət olunmuşdur. O, İraq valisi Həccacın müsəlmanlara etdiyi zülmlərdən Ənəs ibn Malikə şikayət etmiş və ondan bu məsələyə dair onlara yol göstərməsini istəmişdir. Ənəs (r.a) ona qarşılaşdıqları zülm və şiddətə qarşı səbirli olmalarını tövsiyə etdikdən sonra buna dəlil olaraq Allah Rəsulundan (s.ə.s) eşitdiyi hədisi nəql etmişdir.
Yuxarıda qeyd etdiyimiz hədisə yaxın mənada bir hədis də səhih bir sənədlə Təbərani tərəfindən rəvayət olunmuşdur. Həmin hədisdə Allah Rəsulu (s.ə.s): "Dünən bu gündən, bu gün isə sabahdan daha xeyirlidir", - buyurmuşdur. (Təbərani, "əl-Möcəmül-kəbir", IX, 154) Heç tərəddüd etmədən demək olar ki, İkinci Dünya müharibəsində bəşəriyyətin tarixdə bir bənzərinə rastlanmayan müxtəlif müsibətlərə düçar olması dünənin bu gündən daha xeyirli olduğunu göstərən bir nümunədir. Kütləvi qırğın silahlarının gün keçdikcə yayğınlaşması, bu silahların günahsız insanların ölümü ilə nəticələnməsi kimi halları nəzərə alsaq, sabahın da bu gündən daha yaxşı olmayacağı nəticəsinə gəlməyimiz təbiidir. Bəzi rəvayətlərdə İslamın gələcəyi ilə bağlı da mənfi fikirlərin olması sabahın bu gündən daha pis olacağı fikrini dəstəkləyir. Məsələn, hədislərdə keçən paltar naxışının silinib getdiyi kimi İslamın da silinib gedəcəyi, insanların namazın, orucun, həccin, sədəqənin nə olduğunu bilməyəcəklərinə dair məlumatlar buna misal verilə bilər (İbn Macə, Fitən, 26).
Ənəs ibn Malikin nəql etdiyi hədisdə qiyamətə yaxınlaşdıqca mənfi halların çoxalacağına diqqət çəkilsə də, bu bütün yaxşılıqların yox olacağı kimi başa düşülməməlidir. Çünki tarix boyu hər dövrdə mənfi hallarla yanaşı, yaxşılıqlar da olmuşdur. Elə zalımlığı ilə məşhurlaşmış Həccacın dövründən sonra öz ədaləti, mərhəməti, təqvası ilə tarixə iz qoymuş Ömər ibn Əbdüləzizin gəlməsi bunun bir nümunəsidir. Lakin bu bir həqiqətdir ki, yaxşılıqlar pisliklərin qarşısında həmişə qısa ömürlü olmuşdur.
Nəticə olaraq, bu hədis qiyamətə yaxınlaşdıqca mənfiliklərin çoxalacağına diqqət çəksə də, inanclı möminlərin bu mənfiliklər qarşısında səbir edərək öz inanclarını qorumaları axirəti qazanmaları üçün ən önəmli şərtdir.
ŞƏRHLƏR