Əhdinə Sadiq Qalanlar

Əhdinə Sadiq Qalanlar

Verilən söz, yüklənilən əmanət haqqıyla daşınmazsa, insanın dünyası ucuz, axirəti hədər olar. İman bizim söz verib təsdiq etdiyimiz əhd, onun bizə yükləmiş olduğu məsuliyyətlər isə müqəddəs əmanətlərdir. İlahi qadağalar sərhəddir, ilahi əmrlər isə əmanət. Allah yolunda şəhid və ya qazi olmaq sözünə sadiq qalaraq əmanəti mühafizə etmək, vədinə əməl etməkdir. Dini dəyərlərimizdən məhrum qalmamaq üçün, gələcək nəsillərimizə İslamı ən dəyərli miras olaraq buraxmağımız üçün ilahi əmrləri yerinə yetirmək və qadağalarını tərk etməklə əsl əmanəti gələcəkdəki sahiblərinə çatdırmış olarıq.

Peyğəmbərlərin əsas vəsflərindən biri əmanətdir. Hər bir peyğəmbər əhdinə sadiq qalmaqla vəzifəlidir və hər biri bunu tam olaraq icra etmişdir. Qurani-Kərim əhdinə sadiq qalanları və onu pozanları tək-tək izah edir, nümunələrlə göstərir. Maraqlısı odur ki, müqəddəs kitabımız keçmiş ümmətlərin sədaqətini nəql etdiyi kimi, üzərlərinə Quran enən səhabə toplumunun yerinə yetirdiyi əhdləri də bildirir, bu ümmətin ilklərini sonrakılara nümunə göstərir. Dünən şəhid olanı bu gün Allah tərif edir, onu isə qiyamətə qədər hər kəs oxuyur. Bu, Rəbbimizin hər yaxşılığı dərhal qiymətləndirdiyini göstərir. Ayeyi-kərimədə belə buyurulur:

“Möminlərin arasında elələri var ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuşdur, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər”. (əl-Əhzab, 23)

Bu ayə iman etdikdən sonra əhdlərinə sadiq qalan peyğəmbər dostlarının uca Allah tərəfindən təqdir edilməsinin bariz nümunəsidir. “Anam, atam sənə fəda olsun”, “Səni canımdan və malımdan çox sevirəm”, “Canım yoluna fəda olsun, ey Allahın elçisi” kimi ifadələri söyləyib, davranışları ilə də təsdiqləyən səhabələr Allah-Təalanın sevgisinə və rizasına nail olmağın sevincini həyatda ikən hiss etdilər.

Yüksək mənəvi duyğularla, ali hisslərlə ibadət edən, Allaha və Rəsuluna itaətdə son həddi yaşayan, halal-harama təqva və vəra[1] ilə yanaşan səhabələr, içərisində olduqları zamanı və əllərinə düşən bu fürsəti ən mükəmməl şəkildə qiymətləndirir, çox bəxtiyar insanlar olduqlarını bilirdilər. Allaha verilən sözü yerinə yetirməyə çalışır, bu uğurda hər çətinliyi özləri üçün yüksəlişə gedən yol olaraq görürdülər.

Səhabələrdən Muaz ibn Amr Bədr döyüşündən bir xatirəsini anladarkən belə deyir: “Əbu Cəhlə qılınc zərbələri vurduğum zaman onun oğlu İkrimə gəlib qılıncla qolumu kəsdi. Əlim arxamda dərimdən sallandığı halda sürünərək vuruşmağa davam etdim. Belə halda döyüşmək çətin idi. Mənə daha çox mane olmağa başlayanda əlimi ayağımın altına basdım və onu qopardaraq atdım”. (İbn Hişam, II, 275-276)

Qazi olan səhabələr cihad zamanında çəkilən əziyyətləri bəzən anladaraq nümunə olmasını istəyər, çox vaxt da anlatmaqdan imtina edərdilər. “Biz bu əməli Allah üçün işlədik, Onun bilməsi kifayətdir”, - deyərək axirət qazanclarını itirməkdən çəkinərdilər. Şəhid olanlarda isə çox maraqlı hallar baş verirdi. Yərmuk müharibəsində Haris ibn Hişam, İkrimə ibn Əbu Cəhl və Ayyaş ibn Rabiə ağır yaralandıqları yerdə idilər. Haris içmək üçün su istədi. Əsgərlərdən biri ona su apardı. Haris İkrimənin ona tərəf baxdığını görüb: “Bu suyu İkriməyə apar”, - dedi. İkrimə suyu içmək istəyəndə Ayyaşın ona baxdığını gördü: “Suyu apar, ona ver”, - dedi. Ancaq su Ayyaşa çatmadan dünyasını dəyişdi. Hal belə ikən suyu İkriməyə gətirdi, lakin İkrimə də dünyadan köçmüşdü. Dərhal Harisin yanına qaçdı, Haris də digərləri kimi şəhid olmuşdu”.[2]

Dini, imanı, dəyərləri uğrunda yaralanıb son halını yaşayarkən belə fədakarlıq göstərmək ilahi əmanətə sahib çıxmağın mükəmməl bir nişanəsidir. Onlardan sonrakılar da onlar qədər əhdlərinə sadiq qalaraq ya qazi, ya da şəhid olmaqdan əsla çəkinməmiş, Allaha verilən sözün əhəmiyyətini əməlləri ilə isbat etmişdir.

Bu gün Azərbaycanın torpaq bütünlüyünün təmin edilməsi və Vətən torpaqlarındakı terror ünsürlərinin təmizlənməsi məqsədi ilə həyata keçirilən əməliyyatlarda şirin canından keçərək şəhidlik zirvəsinə ucalan qardaşlarımız da məhz əsrlərdir iman sahibi dədə-babalarımız tərəfindən aşılanan və bu gün zirvəyə yüksələn Allah yolunda cəsarət, şücaət və sədaqət kimi dəyərlərin təqdirəlayiq təzahürləridir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyərkən, bizim üçün də onların bizə əmanət qoyub getdiyi ailə üzvlərinə və bütün dəyərlərə sahib çıxmaq yolunda əzm və səbatkarlıq diləyirəm.

 

 

[1] Haram və günah olub-olmadığı şübhəli olan şeylərdən şiddətlə çəkinərək halal və mübahların bəzilərindən istifadə etməmək.

[2] Həyatüs-səhabə, cild 2, səh 313.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz