Allahın Əmanəti
Bir insanın cəmiyyətdəki qiyməti o cəmiyyətin ona olan etibarı ilə düz mütənasibdir. Etibarlılığı təmin edən ən əsas xüsusiyyətlərin başında məsuliyyət şüuru gəlir. Bir insan nə qədər məsuliyyət sahibi olarsa, bir o qədər ətrafındakıların ona olan etimadı yüksələr.
Əhzab surəsinin 72-ci ayəsində belə buyurulur: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və (məsuliyyətindən) çəkindilər. İnsan onu yükləndi”. Allah-Təalanın öz əmanətini məhz insanlara həvalə etməsi insana olan etimadı, güvəni göstərir. Bu eyni zamanda Allahın insanı şərəfləndirməsidir.
Təfsirçilərin izahlarına görə, əmanətdən məqsəd saysız maddi və mənəvi imkanlar bəxş edilən, ağıl və iradə sahibi insanın məsul tutulduğu “qulluq” dur. Qulluq namaz, oruc, həcc kimi ibadətlərlə birlikdə insanların bir-biriləri ilə olan münasibətlərini və eyni zamanda bütün canlı və cansızlara qarşı davranış qaydalarını əhatə edir. Allah bunlarla bağlı bütün əmr, qadağa və tövsiyələrini vəhylə bildirmişdir. Bu vəhyin sonuncusu, ən mükəmməli və ümumbəşəri olanı, şübhəsiz, son ilahi kitab olan Qurani-Kərimdir. Qurani-Kərimdə qeyd olunan bütün etiqadi, əməli, ictimai, siyasi, əxlaqi, iqtisadi və s. hökmləri Allah-Təala göylərə, yerə və dağlara təklif etmiş, ancaq onlar bunun məsuliyyətindən qorxaraq boyun qaçırmışdır. Bu barədə Həşr surəsinin 21-ci ayəsində belə buyurulur: “Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə biz insanlar üçün bu misalları çəkirik”.
Ayədən də anlaşıldığı kimi, Allahın əmanətini daşımaq böyük məsuliyyət tələb edir. Odur ki, Allah Qurani-Kərimdə təmsili misallar verərək işin ciddiyyətinə diqqət çəkmişdir. Ancaq bu o demək deyil ki, yerin, göyün, dağların daşıya bilmədiyi əmanəti insan əsla daşıya bilməz. Əksinə, Allah əmanətini insana yükləmişsə, deməli, ona bu yükü daşıya biləcək qabiliyyət də vermişdir. Hətta deyə bilərik ki, Allah insanı göylərdən, yerdən, dağlardan daha güclü və dəyərli yaratmışdır.
Ayənin sonunda Allah insanın bu əmanəti qəbul etmə səbəbini belə açıqlayır: “Həqiqətən, o, çox zalım və çox cahildir”. İlk baxışda insanın bu əmanəti qəbul etməsinin səbəbinin onun bilgisizliyi olduğunu düşünə bilərik. Yəni “bir az bilgisi olmuş olsaydı, o boyda göyün, yerin, dağların qəbul etmədiyi bu məsuliyyəti üstünə götürərək cahillik etməzdi” şəklində anlaya bilərik. Lakin ayəni bir az təfəkkür etdikdə işin əslinin fərqli olduğunu görürük. Hətta qeyd olunan ayə ilə Allah insana bu yükü necə daşıya biləcəyinin yolunu da göstərmişdir.
Bilindiyi kimi, “zalım” demək bir şeyi yerli-yerinə qoymamaq, ölçü-biçini düzgün etməmək, haqlının haqqını verməmək, “cahil” isə elmi, bilgisi olmayan şəxs deməkdir. Bu mənaların məfhumu-müxalifindən, yəni konsepsiyanın əks sübutundan yola çıxaraq anlayırıq ki, Allahın əmanətinə sahib çıxmaq üçün iki xüsusiyyətə malik olmaq lazımdır. Bunlardan birincisi zalımın ziddi olaraq ədalətli olmaq, ikincisi isə cahilin ziddi olaraq elm-irfan sahibi olmaqdır. Əks təqdirdə cahillik edərək Allahın əmanətinə sahib çıxmamış olarıq. Nəticədə ona xəyanət etdiyimiz üçün də zalım olarıq. Yəni haqqı, həqiqəti yerinə yetirməmiş sayılarıq.
Canlı və cansızlarla olan münasibətimiz də, heç şübhəsiz, “qulluq” məfhumuna daxildir. Dünyada olan canlı-cansız hər şey insan üçün yaradılmışdır. Bununla bağlı Qurani-Kərimdə bir çox ayələr mövcuddur. Nəhl surəsində insanların isinmək üçün onların yun və dərisindən, yemək-içmək üçün ətindən, südündən, balından faydalandığı bildirilir. Eyni zamanda onlardan bəzilərindən minik kimi istifadə olunduğu qeyd olunur. Bütün bunların insan üçün olduğu anladılır.
Odur ki, Hz. Peyğəmbər (s.ə.s) sadəcə Allaha və insanlara qarşı vəzifələrimizi bildirməmişdir. O eyni zamanda heyvanlara qarşı davranışlarımızın da necə olacağını bildirmiş, onları zərurət olmadıqca öldürməyi qadağan etmişdir. Bu barədə səhabələrinə: “Haqsız yerə bir sərçəni öldürən kəs Allah-Təala qarşısında qiyamət günü hesab verəcəkdir”, - buyurmuşdur. Yenə Hz. Peyğəmbər heyvanlara edilə biləcək yaxşılıqları sadaladıqdan sonra: “Hər canlı üçün bir savab var”, - deyərək möminləri bütün canlılara qarşı diqqətli olmağa, mərhəmətli olmağa, haqlarına riayət etməyə çağırmışdır.
Peyğəmbərimiz sadəcə canlılarla deyil, cansızlarla olan münasibətimizi də tənzimləmişdir. Bir gün heyvanlarına yarpaq tökmək məqsədi ilə ağacın budaqlarına vuran bir bədəviyə: “Ey bədəvi! Yumşaq şəkildə, ehtiyatla budaqları silkələ, vurub qırma!” - dedi. “Axan sudan belə dəstəmaz alarkən israf etməyin!” xəbərdarlığı başda möminlər olmaqla, bütün insanlıq üçün ətraf mühitə qarşı vəzifə borcumuzu yerinə yetirməyimiz baxımından möhtəşəm bir üfüq verir.
Bütün bu ayə və hədislər işığında anlayırıq ki, Allah-Təalanın insana ən böyük neməti ona verdiyi əmanət şüurudur. İnsanlığa düşən də bu əmanətin haqqına riayət edib ona sahib çıxmaqdır.
ŞƏRHLƏR