Möhtərəm könül insanı Mehmet Topçunun əziz xatirəsinə
“Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır”. (Məryəm, 96)
1940-cı ildə Konyanın Kadınhanı bölgəsində dünyaya gələn, hamının Topçu əmi deyə tanıdığı Mehmet Topçu əfəndi hər kəsin sevgisini qazanmış, naz məqamında olan Allah dostu deyə biləcəyimiz biri idi. Allahın lüft-ehsanı ilə yanında olmaq və xidmətində dayanmaq imkanım oldu, çox şükür. Nə dərdimiz olsa, rahatlıqla danışar, xeyir-duasını alardıq. Onun yanında özümüzü bəxtəvər və hüzurlu hiss edərdik. Zahidə Topçu xanımla evləndikdən sonra İstanbula köçmüş və qalan ömrünü Ərənköydə keçirmişdir. Ömrü boyunca çox sevdiyi ustadları Mahmud Sami Ramazanoğlu (q.s), Musa Topbaş (q.s) və möhtərəm Osman Nuri Topbaş xoca-əfəndinin yanında yer aldı. Osman əfəndi ilə xüsusi bir yaxınlığı var idi; gənclik illərindən etibarən çox yaxşı dost idilər. Bir-birilərini çox sevərdilər. Möhtərəm ustadımız onu heç yanından ayırmamış, nə hüznü, kədəri, çətinliyi varsa, daim dəstək olmuşdur.
Topçu əmi 15-20 il əvvəl ürək əməliyyatı keçirmişdi və belə deyərdi: “Səhər tezdən ilk ziyarətimə gələn Osman əfəndi ustadımız oldu, əlhamdulillah”. Bir neçə il əvvəl ayağından bir-iki dəfə əməliyyat olunmuşdu. Möhtərəm ustadımız həm xəstəxanada, həm də evə buraxıldıqdan sonra evində dəfələrlə ziyarət etdi, biz də şahid olduq. Təkcə ustadımız deyil, balacasından böyüyünə bir çox insan ziyarətinə gəldi, xeyir-dua etdi. Çünki Topçu əmimiz sevgi dolu biri idi. Hər kəsə gözəl isimlərlə xitab edər, hər kəsin könlünü xoş edər, kimin nə dərdi varsa, çarə olmağa çalışar, əlindən gələni əsla əsirgəməzdi.
Deyək ki, kimsə narahatdır; əməliyyat olunmalıdır, lakin bunun üçün imkanı yetmir. Bunu öyrənən Topçu əmi mütləq işi düzüb-qoşar, o şəxsin əməliyyat olunub sağalmasına kömək edərdi. Təqaüdə ehtiyacı olan bir tələbənin olduğunu öyrənsə, imkanlı şəxslərlə əlaqə saxlayar və o tələbənin təqaüdlə təmin edilməsi üçün əlindən gələni edərdi.
Qiymətli həyat yoldaşı Zahidə ananı da çox sevərdi. Çox mehriban münasibətləri var idi. Bəzi günlərdə mən özüm Topçu əmini evinə aparardım. İLAM-dakı vəqf mərkəzindən çıxan kimi dərhal Zahidə anaya zəng edər, Osman əfəndi ilə görüşdüyünü deyib “Sənə də salam söylədi, dua etdi” deyərək könlünü xoş edərdi. Özü ilə aparılan bir müsahibədə belə demişdi: “Əlhamdulillah, həyat yoldaşım çox təmiz ürəkli, gözəl əxlaqlı biridir. Bu illər ərzində məhəbbətimizi necə belə tər-təzə saxlamağımızın sirri bir-birimizə qarşı hörmətlə və anlayışla davranmağımızdır!.. Yersiz bir tələbim olmayıbsa, mənə, əlindən gəldiyi qədər heç vaxt “xeyr” deməməyə səy göstərib. Mən də onunla eyni şəkildə davranmağa çalışdım. İstədiyi hər şeyi, əlimdən gəldiyi qədər, gözəl şəkildə yerinə yetirməyə çalışdım...”
Ömrünün son dəmlərində tez-tez Yusuf (ə.s) peyğəmbərin: “Təvəffəni muslimən və əlhiqni bis-salihin! – Allahım, müsəlman kimi canımı al və məni saleh qullarının arasına qat!” – duasını təkrarladığını demişdi, Zahidə anamız.
Topçu əminin dediyi bu misralar da ondan qalan xatirələr arasında xüsusi yer tutdu:
Dərdimin dərdi ilə giriftar olmasın kimsə,
Qoy mən dərdimlə yanayım, xəbərdar olmasın kimsə.
Mehmet Topçu əmimiz 9 sentyabr 2023-cü il tarixində şənbə günü Ərənköydə vəfat etdi. İzdihamlı bir camaatın iştirakı ilə qılınan cənazə namazının ardından nəşi çox sevdiyi ustadı Musa Topbaş (q.s) əfəndinin yanında dəfn edildi. Rəbbimiz rəhmət etsin, cənnətində sevdiklərimizlə qovuşdursun, hər birimizlə birlikdə Camalullahı seyr etmək nəsib olsun! Bütün yaxınlarının və sevənlərinin başı sağ olsun!
ŞƏRHLƏR