Sual? - Cavab!
Dinimizdə intihar etməyin hökmü nədir?
İntihar insanın öz canına qəsd edərək həyatını sonlandırmasıdır. Bu gün cəmiyyətimizdə və bütün dünyada tez-tez rast gəlinən intihar hadisələri getdikcə böyüyən bir problem halına gəlmişdir. İnsanları intihara sürükləyən müxtəlif səbəblər ola bilər. Bunların başında maddi sıxıntılar, ailə daxili problemlər, müalicəsi mümkün olmayan xəstəliklər, cinsi zorakılıq və başqa travmalar gəlir. Bütün bu problemlər intihar edən şəxslərin psixologiyasında aşılmaz bir müşkülə çevrilməkdə və insan çarəni həyatına son qoymaqda görməkdədir. İntihar, ümumiyyətlə, insanın psixologiyasında yaşadığı təlatümlərin bir nəticəsi olduğundan, intiharların önlənməsi üçün hər şeydən öncə fərdlərin psixologiyasının gücləndirilməsi lazımdır. Bu isə sağlam bir imanla mümkündür. Dünya həyatının müvəqqəti bir sınaq olduğuna inanan, xeyir və şərin də bir imtahan vasitəsi olduğunu bilən və əsas həyatın axirət həyatı olduğunu dərk edən bir kimsə Allahın razı olmayacağı bir işə təşəbbüs etməz. Bir müsəlman canını Allahın əmanəti olaraq görər və başqasının canına qıymaq necə haramdırsa, öz canına qıymağın da eyni şəkildə haram olduğuna inanar. Başına gələn müsibətlər nə qədər böyük olursa olsun, səbir edər və bunun onun üçün bir savab və mükafat vəsiləsi olduğunu düşünər. İnsanların Allaha ən yaxın və ən dəyərli qulları olan Peyğəmbərlərin də bir insanın qarşılaşa biləcəyi ən ağır imtahanlara tabe tutulduqlarını yadına salar. Qurani-Kərim möminlərin sıxıntı və müsibətlərlə necə sınandıqlarını və həqiqi möminlərin bu sınaqlara necə reaksiya verdiklərini belə anladır: “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır”. (əl-Bəqərə, 155-157) Hz. Peyğəmbər (s.ə.s) bir hədisində intiharın böyük bir günah olduğunu və intihar edənin qarşılaşacağı cəzanı belə xəbər vermişdir: “Hər kim özünü bir dağdan aşağı ataraq intihar etsə, bu kimsə cəhənnəm atəşi içində əbədi olaraq özünü yüksək bir yerdən aşağı atmaqla cəzalandırılacaqdır. Zəhər içərək özünü öldürən kimsə də, cəhənnəmdə daim o zəhəri içəcəkdir. Yenə hər kim özünü kəsici bir alətlə öldürərsə, o da cəhənnəmdə o alətlə özünü daim yaralamağa davam edəcəkdir”. (Buxari, Tibb, 55; Müslim, İman, 175)
İntihar etmək böyük günah və intihar edəni cəhənnəmə aparan bir yol olsa da, alimlər intihar edənin bu günahı halal saymadıqca kafir sayılmayacağını qəbul etməkdə və cənazə namazının qılına biləcəyini ifadə etməkdədirlər.
Namazda oturuşda “əttəhiyyatu” duası yerinə səhvən Fatihə surəsini oxumağın hökmü nədir? Səhv səcdəsi etmək lazımdırmı?
Namazda unudaraq bir fərzin gecikdirilməsi, təkrarlanması, önə alınması, ya da bir vacibin tərk edilməsi, gecikdirilməsi və ya dəyişdirilməsi hallarında yol verilən nöqsanı aradan qaldırmaq üçün səhv səcdəsi etmək vacibdir. Namaz oturuşlarında “əttəhiyyatu” duasını oxumaq vacibdir. Bu dua yerinə Fatihə surəsini oxumaq səhv səcdəsini vacib edir. Fatihə surəsini oxuduqdan sonra “əttəhiyyatu” oxunsa da, yenə hökm eynidir. Çünki vacib əməl vaxtında icra edilməyib və gecikdirilib. “Ətəhiyyatu” duası oxunduqdan sonra Fatihə surəsi oxunarsa, səhv səcdəsinə ehtiyac yoxdur. Çünki burada vacib öz vaxtında və yerində icra edilib.
Qibləyə doğru yönəlmədən qılınan namazın hökmü nədir?
Bilərək qiblə yönündən başqa bir yönə doğru qılınan namaz keçərsizdir. Çünki qibləyə tərəf dönmək namazın fərzlərindəndir. Qiblə yönünü bilməyən kimsə isə qibləni təyin etmək üçün araşdırma edər və nəticədə onda hasil olan qənaət və məlumata əsaslanaraq namazını qılar. Əgər namazı bitirdikdən sonra xətalı olduğunu anlayarsa, namazı keçərlidir və yenidən qılmasına ehtiyac yoxdur. Qiblə yönünü araşdırdığı halda xətalı yönə durduğunu namaz əsnasında anlayarsa, namaz əsnasında doğru yönə tərəf çevrilər və namazına davam edər. Heç bir araşdırma etmədən və heç kimə soruşmadan hər hansı bir yönə tərəf dönüb namaz qılan kimsə isə, əgər döndüyü yön xətalı olarsa, namazını təkrar qılmalıdır.
ŞƏRHLƏR