Hədislər Peyğəmbər Əanətidir!
İslam dininə görə, əmanət anlayışını vəfa, namus, şəxsiyyət kimi xüsusiyyətlər şəkilləndirir. Əmanətin və ona sahib çıxmağın nə demək olduğunu Hz. Peyğəmbərin (s.ə.s) həyat fəlsəfəsini tədqiq etməklə tam başa düşmək olar. Ən qəddar düşmənləri belə onu əmanət əhli saymış, ona ən dəyərli əmanətlərini etibar etmişlər. Odur ki, əmanətə riayət etmək əqidə və şəxsiyyətlə birbaşa əlaqəlidir. Məhz buna görə də müxtəlif rəvayətlərdə əmanətə riayət etmək müsəlmanlığın ən əsas əlamətlərindən biri sayılarkən, əmanətə xəyanət də münafiqliyin ən seçkin xüsusiyyətlərindən qəbul edilmişdir.
Bir müsəlman üçün ən əsas əmanət onun mənəvi dəyərləri və əqidəsidir. Bunların başında, əlbəttə, Qurani-Kərim gəlir. Qurani-Kərim əmanətinə sahib çıxmaq onun kitab halını mühafizə etmək kimi başa düşülməməlidir. Quranı-Kərimi əmanət kimi görən hər bir müsəlman onu oxumağı öyrənməklə yanaşı, təlqin etdiyi həyat tərzini mənimsəməli, tələblərini insanlara çatdırmalıdır. Onun mühafizəsi isə birbaşa Allaha məxsusdur.
Müsəlmanlar üçün ən dəyərli əmanətlərdən biri də, heç şübhəsiz ki, Hz. Peyğəmbərin (s.ə.s) dini tövsiyə və izahları, yəni hədis və sünnələridir. Bir hədisi-şərifdə bu məsələ öz əksini belə tapır: “Sizə sıx bağlandığınız müddətcə əsla doğru yoldan sapmayacağınız iki şey buraxıram. Bunlar Allahın kitabı və Peyğəmbərinin sünnəsidir”. (İmam Malik, Muvatta, Qədər, 3) Hədislərə bağlılığı onları saxtalarından və saxtakarlardan mühafizə etmək, eyni zamanda həyata tətbiq etməklə izah etmək mümkündür. Bu və bu səpkidə yüzlərlə ayə və hədislər, eyni zamanda İslam alimlərinin izahları İslam dininin Qurani-Kərim və hədislərdən ibarət olduğunu şəksiz-şübhəsiz ortaya qoyur.
Hədis və sünnələr İslam qalasının qapısıdır. Bu qapıdan keçərək Quranın əsaslarına çatmaq mümkündür. Tarix boyunca sözü gedən qapıları insanlara bağlamaq üçün müxtəlif addımlar atılmış, tələlər qurulmuş, əks təbliğat işləri aparılmışdır və təəssüf ki, hələ də aparılır.
İslam düşmənləri Müsəlmanlara qala qapılarını açdırmamaq üçün külli miqdarda finans ayırır, qərəzli və elmi əsaslarla səsləşməyən tədqiqat mərkəzləri quraraq öz məkrli əməllərini dünyaya yayırlar. Ən təhlükəli tərəfi də ondan ibarətdir ki, bu mərkəzlərdə və yaxud mərkəzlərin dəstəyi ilə fəaliyyət göstərən yerlərdə müsəlman övladlarına öz məfkurələri çərçivəsində təhsil verirlər.
Son dövrlərdə populyarlaşan məsələlərdən biri də insanlara İslam dininin sadəcə Qurani-Kərimdən ibarət olduğunu söyləyərək, İslamın ən əsas mənbələrindən biri olan hədislərdən tamamilə imtina etmək və etdirməkdir. Bu fikrin aşılanması üçün bütün informasiya vasitələrindən istifadə edilir. Məqsəd ictihadı, məzhəbi, hədisləri aradan qaldırmaq və guya “Quran İslamı”nı cəmiyyətə çatdırmaqdır. Bu fikri mənimsəyənlər o qədər Qərb fəlsəfəsinin və qərbli şərqşünasların təsirində qalmışlar ki, qarşılarındakı insanları tamamilə “özgə”ləşdirirlər. Özlərini müsəlman, “digər”lərini isə əhli-bidət və əhli-şirk hesab edirlər. Nəticədə “hər kəsin din anlayışı yanlış, mənimki doğrudur” fikrini müsəlmanlar arasında yayaraq vəhdət ruhunu aradan qaldırmağa, sonra da müsəlmanlığı bir həyat tərzi olmaqdan çıxardaraq yalın ideologiyaya çevirməyə çalışırlar.
Hələ hicrətin ikinci əsrindən etibarən müxtəlif şəkillərdə özünü büruzə verən sünnə düşmənçiliyi XVIII əsrdə Hindistanda avropalı şərqşünaslar tərəfindən dirçəldilmiş və “Qurançılar” adı ilə sistemli şəkildə fəaliyyətə başlamışdır. Əfsuslar olsun ki, cazibədar ifadə və üslublardan istifadə edən bu qrupun təmsilçiləri get-gedə artmaqda və bütün dünyaya yayılmaqdadır. Əsas dini bilikləri olmayan insanlar bu tələyə çox rahat düşürlər. Unutmamaq lazımdır ki, məfkurənin təməli qərbli şərqşünaslar tərəfindən atılmışdır və əsas məqsədləri söz və fikir sahibi olmayan müsəlman cəmiyyəti formalaşdırmaqdır.
Əminliklə deyə bilərik ki, sünnə qapısını açmadan Quran qalasına girməyə çalışan oraya daxil ola bilməz, ancaq o qalanı uzaqdan izləyə bilər. Hər bir müsəlmanın borcudur ki, sünnə əmanətinə sahib çıxsın və səhih hədisləri, sünnələri yaşatsın. Bu, “namus” məsələsidir. Hədislərdən təcrid edilən müsəlmanın şəxsiyyəti İslam əsasları çərçivəsində formalaşmaz, adı müsəlman, fikri və nəzəri isə Qərb olar.
Hədislərə kölgə düşürmək istəyənlərin əsas məqsədi dindarlığı aradan qaldırmaqdır. Çünki hədislər olmasa, Qurani-Kərimi məqsədinə uyğun anlamaq mümkün deyil. Unutmayaq ki, namazın qılınma şəkli, cümə namazının rükət sayı və günorta namazı vaxtında qılınması, bəzi namazların səsli, bəzilərinin isə səssiz qılınması, zəkat miqdarının müəyyənləşdirilməsi, qadınlara məxsus bəzi incəliklər, həcc ibadətinin forması və s. kimi bir çox mühüm xüsuslar məhz hədislərlə təyin edilir. Bunların heç biri Qurani-Kərimdə yer almadığı halda, məhz Allahın əmri ilə Peyğəmbərimiz tərəfindən izah edilmişdir.
Elə isə hər bir müsəlman bunun şüurunda olmalıdır ki, bir çox müqəddəs dəyərlərimiz kimi, hədis və sünnə də Hz. Peyğəmbərin (s.ə.s) ümmətinə həvalə etdiyi dəyərli əmanətlərdəndir.
ŞƏRHLƏR