Dəyərlərin Keşiyində
Son zamanlarda “dəyər” sözü harada gəldi işlədilir; yaman dəbə minib. İnsani dəyərlər, milli dəyərlər, Avropa, Şərq, Qərb dəyərləri və s. Hətta bu sıraya “mənəvi dəyərləri” də qatıb sayı bir az da artırmaq olar. Amma bu dəyərlərin “əlində” çaşbaş qaldığımız halda, burada məqsədimiz bütün dəyərlərdən danışıb məsələni daha da mürəkkəbləşdirmək, növbəti bir çaşqınlıq yaratmaq deyil. Eləcə milli dəyərlərin ətrafında fikir və mülahizə səyahətinə çıxmağa çalışacağıq. Əlbəttəki, bu səyahətin də qərbsiz və şərqsiz, şimalsız və cənubsuz olacağını demək mümkün deyil. Amma mənim hansı dəyərlərə səyahətimdən asılı olmayaraq son nöqtə və əsas düşərgə məhz milli dəyərlər ünvanı olacaq. Bu gün baş verən qloballaşma, günümüzün istilası - inteqrasiya artıq o səviyyəyə çatmışdır ki, məhz milli dəyərlərimizi araşdırmaq, təbliğ etmək, qorumaq mərhələsini geridə qoyub. Torpağın, bayrağın, sərhədin keşiyində dayanıldığı kimi, artıq, məncə, milli-mənəvi dəyərlərimizin də keşiyində dayanmaq lazımdır.
Milləti millət, dövləti dövlət edən ən əhəmiyyətli amillərdən biri məhz milli-mənəvi dəyərlərdir. Bir xalqın keçmişi və mədəniyyəti nə qədər qədim olsa da, unutmamalıyıq ki, milli və dini dəyərlərinin zəifləməsi cəmiyyətdə anarxiyanın meydana gəlməsinə və geniş vüsət tapmasına, parçalanmasına və yox olmasına gətirib çıxardar.
Unutmayaq ki, milli dəyərlərə bağlılıq elə böyük bir gücdür ki, xalqın siyasi çətinliklərin öhdəsindən gəlməsini, daxili və xarici təhlükələri sovuşdurmasını, dözümlülüyünü və mövcudluğunu təmin edir. Xüsusən bu günlərdə yaşadığımız regionda və dünyada Azərbaycanın mövqeyinin möhkəmlənməsi, milli dəyərlərin sağlam dayaqlar üzərində qərar tutması ölkənin müstəqilliyinin birbaşa nəticəsidir.
Bütövlükdə milli dəyərlərimiz böyük mədəniyyətimizin bir hissəsidir. Hansı ki, xalqımızın tarix boyu əldə etdiyi nə varsa, bütün bunların kökündə, əsasında mənəvi dəyərlərimiz durur. Milli dəyərlər adət-ənənələrlə nəsildən-nəslə ötürülən yazılmamış qayda-qanunlardır. Onların mənfi ünsürlərdən qorunmasının keşiyində dayanmaqda və təbliğində təkcə dövlətin deyil, hər bir kəsin üzərinə böyük məsuliyyət düşür.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda mövzu ilə bağlı çıxışlarından, söylədikləri nitqlərdən hər bir vətəndaş nəticə çıxardır, vətənpərvər kimi yetişir, qəhrəmanlığı, mətinliyi, qorxmazlığı həyat amalına çevirir.
Ümummilli lider Heydər Əliyevin: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”, - müdrik sözləri, dəyərli fikirləri gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələnməsinin vacibliyini bir daha vurğuladığı proqram xarakterli çıxışlarından sadəcə biridir.
Azərbaycançılıq həyat tərzimizin, əxlaqımızın, mənəviyyatımızın, dil, din və ədəbiyyatımızın - mənəvi mədəniyyətimizin bütün sahələrində əsas istiqamətləndirici meyar olmalıdır. Heç tərəddüd və ləngimə etmədən şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında tək yumruq kimi birləşməlidir.
Əsrlərdən bizə miras qalmış milli dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilmişdir. Unutmayaq ki, milli-mənəvi varlığımızın qorunub saxlanması hər birimizin vətəndaşlıq borcudur.
Ümumiyyətlə, milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli dəyərlər, bütövlükdə, milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, din, əxlaq və ailə, bir sözlə, milli olan bütün mənəvi sərvətlər əsasında formalaşır. Milli dəyərlər hər bir millətin özünüdərk konsepsiyasından meydana çıxan mühüm amillərdir. Hər bir xalqın milli dəyərləri eyni zamanda onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə onun milli ədəbiyyatı və tarixən inandığı din, milli tarix və onun gerçəklikləri, milli mədəniyyət və incəsənət, milli adət və ənənələrdir.
Bu gün mədəni-mənəvi köklərimizə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə elm, təhsil və mədəniyyət ocaqlarının, xüsusilə də elm mərkəzlərinin oynadığı rol nəzərə çarpacaq dərəcədə əhəmiyyətlidir. Buna görə də bu gün milli-mənəvi mühitin qorunması problemi aktual olaraq ortaya çıxır. Həyat, zaman bir yerdə dayanıb gözləmir və davam edir. Qloballaşma dövründə ümummilli mənafeyə xidmət edən ümumbəşəri sivilizasiyadan bəhrələnmək labüddür. Bunun yanında, biz həm də ənənələrimizə sədaqət prinsipindən, yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik. Çünki həqiqi özünütəsdiq milli-tarixi köklərə arxalanır.
ŞƏRHLƏR