İnsan Tanima Sənəti

İnsan Tanima Sənəti

Hz. Muhammədin (s.ə.s) insan tanıma sənətində önə çıxan xüsusi bir metodologiyası var idi. Bunları bir neçə başlıq altında ələ ala bilərik:

Vəhy yoluyla tanıması. Qurani-Kərim vasitəsi ilə Allah öz elçisinə insanları tanıma mövzusunda bəzi prinsiplər öyrətmişdir. Məsələn, münafiqlərin bəzi əlamətlərini və xarakterlərini bir çox ayədə açıqlayan Rəbbimiz ondan münafiqləri yaxşıca tanımasını və cənazəsinə belə qarışmayıb ehtiyat etməsini istəmişdir.

İlham və fərasət (Allahdan verilən nur) ilə tanıması. Əslində ilham və fərasət ilə tanımaq bəzi hallarda vəhylə tanımaq kimi nəzərdə tutula bilər. Sadəcə fərq bu barədə Quran ayəsinin nazil olmamasıdır. Peyğəmbərimiz (s.ə.s) öz fərasəti ilə (bəlkə də, vəhylə) Əbu Bəkri (r.a) hicrət yolçuluğu üçün özünə yol sirdaşı seçmişdir (Təbəri, 2/245; İsfahani, Dəlail, s.278). Həyatda ikən cənnət əhli sayılan səhabələri insanlara tanıdan Peyğəmbərimizin açıq hədisi (Tirmizi, Mənaqib 25; Əhməd 1/193) də onun bu barədə ya vəhy aldığını, yaxud da öz fərasəti ilə bu nəticəyə gəldiyini göstərir. Peyğəmbər (s.ə.s) xanımlarını və səhabələri Allahdan gələn xüsusi xəbərlə tanımışdır:

- Hz. Xədicə barəsində; Cəbrayıl (ə.s) Peyğəmbərə belə demişdir: “Ey Allahın Rəsulu, Ona Rəbbindən və məndən salam ver və onu cənnətlə müjdələ". (Buxari, Mənaqibul-ənsar, 20)

- Hz. Aişə barəsində; “Cəbrayıl Allah Rəsulunun yanına gəldi və: “Bu (Hz. Aişə) dünyada və axirətdə sənin həyat yoldaşındır”, - dedi”. (Buxari, Fəzailus-səhabə, 30)

- Hz. Hafsa haqqında; Peyğəmbərimiz (s.ə.s) bəzi səbəblərə görə Hafsa anamızı boşamışdı. Sonra belə dedi: "Cəbrayıl yanıma gəldi və dedi: “Hafsaya qayıt, yenidən onunla evlən. Çünki o, çox oruc tutan, çox namaz qılan qadındır və sənin cənnətdəki arvadındır". (Hakim, Müstədrək 4/15)

- Hz. Zeynəb binti Cəhş haqqında; Hz. Aişə nəql edir: “Peyğəmbərimiz buyurdu: “Sizin aranızda mənə ən tez qovuşan əli ən uzun olandır”. Aramızda ən çox əli uzun olan, yəni ən çox sədəqə verən Zeynəb idi. Çünki o, öz zəhməti ilə pul qazanar və onu sədəqə verərdi”. (Buxari, Zəkat, 2)

- Harisə b. Numan haqqında: Hz. Aişə (r.a) anamız deyir: “Allahın Rəsulu (s.ə.s) buyurdu: “Cənnətə girdim, (başqa bir rəvayətdə yuxumda cənnəti gördüm) Bir (Quran) oxuyan insanın səsini eşitdim. Dedim ki, bu kimdir, dedilər, bu, Harisə b. Numandır”. Sonra Rəsulullah mənə iki dəfə dedi: “Bu, yaxşı əməlinin mükafatıdır”. Çünki Harisə b. Numan insanların anasına qarşı ən mərhəmətlisi idi”. (Əhməd, Müsnəd, 6/36)

Allahın Elçisi özünü öldürmək niyyəti ilə gələn Fədalə adında bir nəfərin yaxınlaşmaqda olduğunu görür və soruşur:

- Sən Fədaləsən, elə deyilmi?

-Bəli! - cavabını aldıqdan sonra Rəhmət Peyğəmbəri buyurur:

- Ey Fədalə! Tövbə et və zehnində planladığın şeyə görə bağışlanma dilə!

Mübarək əllərini onun sinəsinə qoyaraq dua edir. Beləliklə, o an Fədalənin ağlındakı Peyğəmbəri öldürmək fikri silinib gedir, qəlbi iman nuru ilə dolur və onun nəzərində Allah Rəsulu birdən-birə ən sevimli insana çevrilir (İbn Hişam, əs-Sirə, IV, 46).

Peyğəmbərin hicrət əsnasında Süraqə ilə qarşılaşması və ona “Get elə et ki, başqası arxamıza düşməsin” (Şifa, 1/687; Tabaqat, 1/232) deməsi də buna misaldır. Hicrət zamanı Büreydəni tanıması (İstiab, 4/471) və onun haqqında “Bir məmləkətdə yoldaşlarımdan biri öləcək. Qiyamət günü o ölkənin nuru və o ölkə xalqının rəhbəri olacaq” (Üsdül-Ğabə, 1/176) buyuraraq tərifləməsi də onu fərasəti ilə tanımasından xəbər verir.

İşarətlər və vəsflər ilə tanıması; “Qardaşlarım üçün darıxmışam, onlara qovuşmaq istəyərdim” hədisində (Müslim, Təharət, 39) ifadə edilən insanları Peyğəmbərimiz qiyamət günü dəstəmaz üzvlərinin parıltısından tanıyacaq (Müslim, Fədail, 26).  Rəbbimiz münafiqlər haqqında: “...Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan”, (Muhamməd, 30) deyərək Peyğəmbərin insanları danışıq tərzindən, bədən dilindən tanıya biləcəyini açıqlayır. “İndi cənnət əhlindən bir adam (Səd b. Malik əl-Ənsari) gələcək” dediyi hədisdə də (Əhməd, Müsnəd, 3/166) Peyğəmbərimizin insan tanıma fərasətinə şahid oluruq.

Zamanla, həyat şəraiti çərçivəsində tanıması; Peyğəmbərin xanımları barəsində Allahın nazil etdiyi: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?” ayələri (ət-Təhrim, 1) göstərir ki, Peyğəmbərimiz öz xanımlarının bəzi xüsusiyyətlərini onlarla yaşadıqca -zaman keçdikcə- öyrənmişdir (ən-Nur, 11-20).

Bütün bunlar ilahi bir yardımla bəxş edilən xüsusiyyətlərdir. Bunun yanında, özünün də bir bəşər olduğunu və yanıla biləcəyini ifadə edən (Buxari, Şəhadət, 27) Peyğəmbərimiz: “Mən, insanların qəlbini yarıb onların batininə baxmaqla əmr edilmədim!” (Buxari, Məğazi, 63) -deyərək insanları kamil mənada tanımağın mümkün olmayacağını ifadə etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz