Nəbi və Rəsul

Nəbi və Rəsul

Peyğəmbərlərə iman etmək tövhid əqidəsinin əsaslarından biridir. “Peyğəmbər” sözü fars dilində bir kəlmə olub “xəbərçi”, “xəbər verən”, “xəbər gətirən” mənalarına gəlir. Ərəb dilindəki “nəbi” və “rəsul” kəlmələrinin mənasını ifadə etmək üçün istifadə edilir. Bir termin kimi “peyğəmbər” Allah-Təalanın qullarına istəklərini bildirmək və onlara haqqı, doğrunu və səhvi açıqlamaq üşün seçdiyi və vəzifələndirdiyi kəsi ifadə edir. Dini terminologiyada yeni bir kitab və şəriət gətirmiş olan peyğəmbərə həm nəbi, həm də rəsul deyilir; yeni bir kitab gətirməyib özündən əvvəlki peyğəmbərin şəriətini davam etdirən, onunla əməl edən peyğəmbərə isə sadəcə nəbi deyilir. Nəbi Allahın vəhy etdiyi sözləri olduğu kimi öz qövmünə çatdıran adamdır. Qurana görə, peyğəmbər tərəfindən gətirilən xəbərlər digər insanlar üçün qeybi (görünməyən dünyaya aid) xəbərlərdir. Hz. Peyğəmbərin (s.ə.s) fəaliyyəti Allahın buyruqlarını insanlara eşitdirməkdir (təbliğ). Baxmayaraq ki, Qurandakı cənnət və cəhənnəm təsvirləri də gələcəyə dair xəbərlərdir. Amma bu, ibrani kəhanətlərindəki kimi müəyyən bir şəxsin və ya müəyyən bir hadisənin nə vaxt baş verəcəyini əvvəldən söyləməkdən çox fərqlidir. Peyğəmbərin vəzifəsi də, əslində, bu deyil.

Nəbi sözü Quranda peyğəmbərləri bildirmək üçün işlədilmişdir: “Onlar özlərinə gələn hər bir nəbiyə (peyğəmbərə) istehza edirdilər”. (əz-Zuxruf , 7)

Rəsul sözü də eyni şəkildə peyğəmbəri ifadə edir: “Rəsul (peyğəmbər) və möminlər Rəbbindən ona nazil edilənə (Qurana) iman gətirmişlər...”. (əl-Bəqərə, 285)

Rəsulun cəmi “rusul”, nəbinin cəmi isə “ənbiyadır”. Ayə və hədislərdə rəsul əvəzinə “mürsəl”  sözündən də istifadə edilmişdir.

Peyğəmbərlərə inanmaq iman əsaslarındandır. Uca Allah insanlardan bəzilərini digər insanlara müjdələyici və əzabı xəbər verici elçilər olaraq göndərmişdir. Bu elçilər insanların ehtiyac duyacaqları hər şeyi onlara açıqlamışlar.

Allah-Təala hər millətə peyğəmbər göndərmişdir: “Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha qulluq edin, tağutdan uzaq durun!” - deyə peyğəmbər göndərdik”. (ən-Nəhl, 36) Buna görə də haqq və batil hər ümmətin önünə bir elçi vasitəsi ilə sərilmiş, Allah əmr və qadağalarını onlara çatdırmışdır. Ayələrdə belə buyurulur: “Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun” (əl-Fatir, 24); “Hər ümmətin bir elçisi  vardır” (Yunus, 47). Bu elçi bəzən bir peyğəmbər, bəzən də peyğəmbərin o qövmü irşad üçün vəzifələndirib göndərdiyi elçidir. Yasin surəsində bəhs edilən, İsa (ə.s) tərəfindən göndərilən elçilər və Hz. Muhammədi (s.ə.s) dinlədikdən sonra qövmlərinə gedərək İslam dinini təbliğ edən cinlər bunlardan sayıla bilər.

Peyğəmbərlərə iman əqidəsinin bütün peyğəmbərləri əhatə etməsi lazımdır. Peyğəmbərlərdən birinə belə inanmamaq insanı dindən çıxardar. Buna görə də iman nöqteyi-nəzərindən heç bir peyğəmbəri digərindən ayırmamaq lazımdır (əl-Bəqərə, 285). Lakin peyğəmbərlər arasında rəsul və ya nəbi olması, daha fəzilətli sayılması kimi səbəblərlə fərqlilik ola bilər. Hər rəsul nəbidir, lakin hər nəbi rəsul deyil. Qurani-Kərimdə Hz. Muhamməd (s.ə.s) və Hz. İsmayıl əleyhissalamın həm rəsul, həm də nəbi olduqları bildirilir: “Muhamməd  adamlarınızdan heç birinin atası deyil. Lakin o, Allahın rəsulu və nəbilərin sonuncusudur”. (əl-Əhzab, 40); “Kitabda İsmayılı da an. Həqiqətən o, sözündə duran idi. O həm rəsul, həm də nəbi idi”. (Məryəm, 54)

Peyğəmbərlərin ən üstünü Hz. Muhamməddir (s.ə.s), ondan sonra ulül-əzm olan digər dörd peyğəmbər, onlardan sonra da rəsullar və nəbilər gəlir. Əzm və səbat sahibi peyğəmbərlər Allahın əmrlərini gerçəkləşdirmək xüsusunda ən çox diqqət göstərən peyğəmbərlərdir.
Əslində, bütün peyğəmbərlərin səbat sahibi olduğunda İslam alimləri ittifaq etmiş olsa da, alimlərin çoxu aşağıdakı ayələrdə isimləri qeyd edilən peyğəmbərlərin bir dərəcə daha üstün olduğunu qəbul etmişdir:

“Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün də şəriət (qanun) etdi”. (əş-Şura, 13)

“Bir zaman biz peyğəmbərlərdən əhd (söz) almışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musa ilə Məryəm oğlu İsadan da möhkəm bir əhd almışdıq”. (əl-Əhzab, 7)

Əzm sahibi peyğəmbərlərin ən önəmli özəlliklərindən birisi də səbir sahibi olmalarıdır. Qurani-Kərimdə bu hal belə bildirilir: "Əzmkar (ulül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35)

Ümumiyyətlə, Allah dərgahında hər hansı bir peyğəmbər, peyğəmbər olmayan bütün insanlardan, mələk və cinlərdən daha üstündür. Ayeyi-kərimədə belə buyurulur: “Onların hamısını aləmlərdən üstün etdik”. (əl-Ənam, 86)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz