HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 25
Hüdayi həzrətləri buyurur:
Bədri-düca, şəmsi-duxa,
Vərdi-gülüstani-Xuda,
Haqqın Həbibi Mustafa,
Doğduğu ay gəldi yenə…
“Şirk, küfr və cəhalət qaranlıqlarına nurlu ay kimi doğan və parlaq sübh günəşi olan hidayət gülüstanının qönçəsi, Haqq-Təalanın sevimli peyğəmbəri Muhamməd Mustafa r-in doğulduğu ay yenə gəldi…”
Allaha sonsuz həmd olsun ki, Hz. Peyğəmbər r-in dünyanı şərəfləndirdiyi Mövlud qəndilini qeyd etdiyimiz mübarək Rəbiuləvvəl ayına yenidən qovuşduq. Rəbbimizdən bu ayın vətənimiz, millətimiz və bütün İslam aləmi üçün rəhmət, bərəkət və xeyirlərə vəsilə olmasını niyaz edirik.
Ümməti-Muhamməd olaraq Allah Rəsulunun dünyaya gəldiyi bu mübarək ayın feyzindən istifadə edə bilmək üçün saleh əməllərimizi artırmalı, xeyir/həsənat yarışına girməliyik. Bunun üçün:
- Əlimizin uzandığı hər yerdəki çarəsiz, kimsəsiz, xüsusilə bəlaya düçar olmuş könüllərə əl uzatmalı,
- İmkanlarımız ölçüsündə sədəqələr verməli,
- Hədiyyələşməli,
- Qurani-Kərimi çox oxumalı,
- Rəsulullah r-in mümtaz həyatını və gözəl əxlaqını öyrənməli, öyrətməli, xüsusilə də Onu övladlarımıza sevdirməli,
- Allah Rəsuluna ümmət olmağın sevinc və həyəcanını yaşayıb yaşatmalı və,
- Bu qiymətli nemətin şükrünü əda etməyə çalışmalıyıq.
Mövlud qəndilində Həzrət Peyğəmbərin dünyaya təşrifinə sevinərək Onu məhəbbətlə yad etmək 124 min peyğəmbərin arasından Ona ümmət olmaqla şərəflənən hər bir müsəlman üçün mühüm bir vəfa borcudur. Rəbiuləvvəl ayını bu şüurla əhya etməmiz, əlbəttə ki, Həzrət Peyğəmbərə olan yaxınlığımızın təzahürüdür.
Bu gün kapitalist baxışla, yəni daha çox mal sata bilmək üçün “qadınlar günü”, “atalar günü”, “sevgililər günü” kimi bir çox günlər xüsusi qeyd olunur. Bütün bunların möminə qazandıracağı heç bir mənəvi dəyər yoxdur. Müsəlmanın etibar göstərib əhya edəcəyi ən özəl günlər mübarək bayram və qəndil günləridir.
Lakin onu da yaddan çıxarmayaq ki, Mövlud qəndilini əhya etmək ilin sadəcə bir gününə və ya bir ayına məxsus mərasimdən ibarət deyil. Mövlud qəndilini layiqincə əhya edə bildiyimizin ən böyük dəlili:
- Mövludi-Nəbidə yaşanan coşqumuzun ömür boyu qəlbimizin tükənməz xəzinəsinə çevrilməsidir;
- Rəsulullah sevgisini Onun sünnələrinə tabe olmaq həssaslığı ilə davranışlarımıza əks etdirə bilməyimizdir;
- Qar üstündə gəzən birinin ayaq izlərini təqib edirmiş kimi ciddi həssaslıq və sədaqətlə Peyğəmbərimizin mübarək izindən ayrılmamağa diqqət etməyimizdir;
- “Bu dəqiqə Rəsulullah yanımda olsa, halımdan razı qalardı, yoxsa məyus olardı?” sualı üzərində qurulan duyğu və düşüncəni həyat düsturumuza çevirməyimizdir;
Bu qəlbi hissiyyatla
اَلْمَرْءُ مَعَ مَنْ اَحَبَّ
“İnsan sevdiyi ilə bərabərdir”[1] hədisi-şərifi çərçivəsində həyat sürməyimizdir.
Bir sözlə, axirətdə Həzrət Peyğəmbərə qovuşmaq, Onun şəfaəti-uzmasına nail ola bilmək, Kövsər hovuzundan içə bilmək, Livaul-həmd adlı bayrağı altında toplanmaq, Onun hüsn-şəhadətinə nail olmaq istəyiriksə, bu gün gücümüz nisbətində Onunla:
- hal və əməl bərabərliyi,
- fikri və hissi bərabərlik,
- qayə və istiqamət bərabərliyi içində olmağa çalışmalıyıq.
Səhabeyi-kiram həzrətləri də Allah Rəsuluna bu cür tabe olaraq göydəki ulduzlar kimi mümtaz şəxsiyyətə çevrildilər.
Unutmayaq ki,
- Bu gün Rəsulullah r -i nə qədər yaxından tanıya bilsək, sabah Məhşər günündə O da bizi bir o qədər tanıyacaq;
- Könüllərimiz nə qədər Onu görəcək səviyyədə olsa, O da həmin nisbətdə bizə şəfqətlə nəzər edər;
- Onun könüllərə həyat verən çağırışını can qulağımızla nə qədər duysaq və nurlu yoluna nə qədər tabe olsaq, O da bir o qədər bizi himayəsinə alar, lütfünə məzhər edər.
Peyğəmbərlərin belə işlədikləri zəllələrin və təbliğ vəzifələrində baş verən qüsurların dərdinə düşüb Rəsulullah r-dən mədəd umduğu Məhşər günündə Onun şəfqət qanadları altında sükunət tapmaq istəyiriksə, bu gün halımızla, sözümüzlə, əxlaqımızla Ona bənzəməyə çalışmalı, beləliklə, mənəvi cəhətdən Allah Rəsuluna yaxın olmağa səy göstərməliyik.
Unutmayaq ki, qəlblər arasında səmimi məhəbbət bağı olduqdan sonra zaman və məkan nöqteyi-nəzərindən uzaqlığın heç bir zərəri yoxdur. Bunun əksinə, könüllər bir-birindən uzaq olduqdan sonra da zahiri mənada yaxınlığın heç bir faydası yoxdur. Məhz bu halı ifadə edən “Yəməndəki yanımda, yanımdakı Yəməndə” sözü məşhurdur.
Peyğəmbərimiz r də bir gün üzünü Yəmən tərəfə tutaraq Veysəl Qərani həzrətlərini qəsd edib:
“Yəməndən gələn nəfəsi-Rəhmanini hiss edirəm”, - buyurmuşdur. (Təbərani, Kəbir, VII, 52/6358)
Həmçinin xirqeyi-şərifini Yəməndəki Veysəl Qərani həzrətlərinə göndərib:
“Bunu geyinsin və ümmətimə dua etsin”, - buyurmuşdur. (Müslim, Fəzailus-Səhabə, 223-225)
Biz də Peyğəmbərimiz r-dən 14 əsr sonra dünyaya göz açan və uzaq diyarlarda yaşayan ümməti olsaq da, halımız və əxlaqımız baxımından Rəsulullahla bərabərliyimiz nisbətində Ona yaxın sayılırıq.
Necə ki, Peyğəmbərimiz r belə buyurmuşdur:
“İnsanlar arasından mənə ən yaxın olanlar kim və harada olmasına baxmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”. (Əhməd, V, 235; Heysəmi, IX, 22)
Həyatda heç bir şey bizə Peyğəmbərimizi unutdurmamalıdır. İnsan həqiqi mənada sevdiyi birini unuda bilərmi? Əksinə, hər fürsətdə onu yad edər. Vəfalı insan kiçik bir yaxşılıq gördüyü adama qarşı ömrü boyu məhəbbət hiss edər. Peyğəmbərimiz r isə bizə heç bir faninin edə bilməyəcəyi qədər böyük yaxşılıq etmişdir. Çünki O, bizim əbədi səadət rəhbərimiz, ən böyük könül sərvətimizdir.
Bu səbəblə Ona heç bitməyəcək bir şükran borcumuz olduğunu əsla yaddan çıxarmamalıyıq. Salavati-şərifəyə davam edərək Onunla qəlbi rabitəmizi daima canlı tutmalıyıq. Allah Rəsulu r:
“Hər kim mənə salətu-salam gətirməyi unudarsa, cənnətin yolunu tapmaz”, - buyurur. (İbn Macə, İqamət, 25)
Həmçinin Peyğəmbərimizin sünnələrinə tabe olaraq Onunla əməli rabitəmizi də sağlam tutmalıyıq. Bu barədə də Nəbəvi xəbərdarlığı unutmayaq:
Bir dəfə Rəsuli-Əkrəm r:
- Bütün ümmətim cənnətə girəcək; boyun qaçıranlar xaric, - buyurmuşdu.
Bu zaman əshabi-kiram heyrətlə:
- Cənnətə girməkdən kim boyun qaçırar ki? – dedilər. Allah Rəsulu r belə buyurdu:
- Mənə itaət edən cənnətə girər. Hər kim mənə asi olarsa, demək ki, cənnəti istəmir. (Buxari, Eʻtisam, 2)
Hüdayi həzrətləri fars dilində yazdığı şeirində belə buyurur:
Sərmayeyi-səadəti-aləm Muhammədəst,
Məqsud əz-in tinəti-Adəm Muhammədəst…
Dər surəti-Adəm amedə gərçi müqəddəma,
Dər ma‘ni pişva və müqəddəm Muhammədəst…
Gərçi Hüdayi əhli-risalət mükərrəməst,
Məhbubi-Haqq Muhamməd və xatəm Muhammədəst…
“Aləmin səadət sərmayəsi Həzrət Muhamməd r-dir. Həzrət Adəm u-ın yaradılışındakı məqsəd Həzrət Muhamməd r-dir.
Adəm u hər nə qədər surət olaraq öncə gəlsə də, məna aləmində öndə gələn Həzrət Muhamməd r-dir.
Ey Hüdayi, risalət əhli olanlar dəyərli olsalar da, Haqqın sevimlisi Həzrət Muhamməd r-dir və nəbilər silsiləsinin möhrü olan son peyğəmbər də Odur”.
Allah-Təala Həzrət Peyğəmbər r-ə “Həbibim” buyurmuş, beləliklə, O, Allah qatındakı dəyəri baxımından yaradılmış bütün varlıqların zirvəsinə yüksəlmişdir. Üstəlik elə bir zirvəyə ki, Allah-Təala Onun adını ta əzəldə öz ismi-şərifi ilə birlikdə zikr etmiş və Lövhi-Məhfuza “لَا اِلهَ اِلَّا اللّهُ مُحَمَّدٌ رَسُولُ اللّهِ” şəklində nəqş etmişdir.
Necə ki, Həzrət Adəm u cənnətdə işlədiyi zəllə səbəbi ilə dünyaya göndərildikdən sonra vaxtilə Ərşin sütunlarında gördüyü bu yazını xatırlayıb, Həzrət Muhamməd Mustafa r hörmətinə əfv olunmağı istəmiş və bağışlanmışdır. Haqq-Təala ona belə buyurmuşdur:
“Ey Adəm! O, Mənim üçün məxluqatın ən sevimlisidir. Mənə Onun haqqı üçün dua et! (Çünki hazırda Onun haqqı üçün etdiyin dua səbəbi ilə) səni bağışladım. Əgər Muhamməd olmasaydı, səni yaratmazdım”. (Hakim, Müstədrək, II, 672; Beyhəqi, Dəlail, V, 488-489)
İbn Abbas v-dan da belə nəql olunur:
“Allah-Təala İsa u-a belə vəhy etdi:
“Ey İsa! Muhammədə iman et və ümmətindən Ona yetişənlərə iman etmələrini əmr et! Əgər Muhamməd olmasaydı, Adəmi yaratmazdım! Muhamməd olmasaydı, cənnəti də, cəhənnəmi də yaratmazdım. Ərşi su üzərində yaratdığım zaman sarsılmağa başladı, üzərinə “لَا اِلهَ اِلَّا اللّهُ مُحَمَّدٌ رَسُولُ اللّهِ” yazandan sonra sakitləşdi”. (Hakim, II, 672)
Haqq dostu olan ariflərin nəzərində kainatın yaradılış səbəbi Rəsulullah r-in mənəvi şəxsiyyətini təmsil edən və yaradılışda ilk olan Nuri-Muhammədiyə Allahın bəslədiyi məhəbbətdir.
Mövlana həzrətləri bunu necə də gözəl ifadə edir:
“İki dünya bir könül üçün yaradılmışdır! “Sən olmasaydın, Sən olmasaydın, bu kainatı yaratmazdım!..” ifadəsinin mənasını yaxşı düşün!..
Gəl, ey könül! Həqiqi bayram Həzrət Muhammədə vüslətdir. Çünki dünyanın aydınlığı o mübarək varlığın camalının nurundandır”.
Şair Yəhya Kamal bu xüsusda söylənə biləcəkləri necə də gözəl xülasə etmişdir:
Zaman o gül kimi gül görməmiş zaman olalı,
Gülün gözəlliyi dillərdə dasitan olalı!..
Həqiqətən, bu dünya Onun kimi müstəsna bir könül görmədi. Yer üzü Onun kimi möhtəşəm bir əxlaq abidəsinə şahid olmadı…
Hüdayi həzrətləri buyurur:
Ey mənbeyi-lütfü-cud,[2]
Yerin məqami-Mahmud,[3]
Yaradılmışdan məqsud,
Sənsin ya Rəsulallah!
Haqq-Təala İslamla murad etdiyi kamil insan modelini Peyğəmbər r-in şəxsində sərgiləmiş, Onu əmsalsız örnək şəxsiyyət olaraq, qiyamətə qədər gələcək bütün insanlığa ərməğan etmişdir. Bir sözlə, insanlığın kamalı Peyğəmbərimizə bənzəyə bildiyi nisbətdədir.
Haqq-Təala:
وَاِنَّكَ لَعَلى خُلُقٍ عَظيمٍ
“(Ey Rəsulum!) Həqiqətən, sən uca bir əxlaq sahibisən”, (əl-Qələm, 4) buyuraraq Onun əxlaqını şəxsən mədh etmişdir.
Peyğəmbərimiz r də:
“Mən ancaq ən uca əxlaqı tamamlamaq üçün göndərildim”[4] hədisi-şərifi ilə vəzifəsinin qayəsini bəyan etmişdir.
Biz də Onun uca əxlaqını təfəkkür edib öz halımızı Ona bənzətməyə çalışmalıyıq. Özümüzü Nəbəvi əxlaq güzgüsündə seyr edib qüsurlarımızı düzəltməyə və halımızın islahına çalışmalıyıq.
Məsələn, Hüdayi həzrətlərinin ifadəsi ilə Peyğəmbərimiz r “mənbeyi-lütfü-cud”, yəni “lütf və comərdlik mənbəyi”dir.
Həqiqətən, Peyğəmbərimiz r yaşama zövqünü arxa plana ataraq yaşatma sevdasına könül vermişdi. Ümmətin aclarını doyurmağın mənəvi həzzi ilə sanki öz aclığını unudurdu. Bəzən ehtiyac sahibinə vermək üçün heç nə tapmayanda borca girir, lakin yenə də infaq etməkdən geri qalmırdı. Yoxsullaşmaq qorxusu hiss etmədən sevinərək infaq edirdi.
Üstəlik Onun lütf və səxavəti sadəcə mal-dövlətdən edilən fədakarlıqdan ibarət deyildi. O, hər bir imkanı comərdlik vəsiləsi bilirdi.
Ondan nümunə götürməklə mükəlləf olan bir mömin də Allahın nəsib etdiyi hər cür imkandan comərdliklə infaq etməlidir. Dini nöqteyi-nəzərdən zəngin sayılan bir mömin malının zəkat və sədəqəsini verdiyi kimi, elm və irfan sahibi olan mömin də bunun zəkatını və sədəqəsini verməli, yəni təbliğ və irşadla məşğul olmalıdır. Yəni mömin canı, malı, vaxtı, qələmi, kəlamı, bədən gücü, mövqeyi, sahib olduğu nüfuzu, bir sözlə, bütün imkan və qabiliyyətləri ilə Allah yolunda səxavətlə və fədakarcasına xidmət etməlidir.
Bütün bu imkanları Allah üçün sərf etmək səxavət təzahürü olduğu kimi, bunun əksi olan hal və davranışlar da xəsislik qəbilindəndir.
Bu xüsusla əlaqəli olan hədisi-şərif könüllərimizə nə qədər həssas ölçülərə riayət etməli olduğumuzu təlqin edir:
Həzrət Aişə c anamız səhərin alatoran vaxtı əlində nə isə tikirdi. Bu əsnada iynəsini itirdi, çıraq da söndü. Bu zaman Rəsulullah r içəri girdi və ev Onun nuru ilə aydınlandı. Həzrət Aişə də itirdiyi iynəni tapdı. Bunun üzərinə:
– Ya Rəsulallah, üzünüz necə də nurludur! - dedi.
Allah Rəsulu r:
– Qiyamət günü məni görə bilməyənin vay halına! - buyurdu.
Həzrət Aişə c:
– O gün sizi kim görə bilməyəcək? – deyə soruşdu. Rəsulullah r:
– Xəsis (görə bilməz)! - buyurdu.
Həzrət Aişə c:
– Xəsis kimdir? – deyə soruşduqda Peyğəmbərimiz r:
– Adımı eşitdiyi halda mənə salavat gətirməyən kəs! - buyurdu.[5]
Səxavət və xəsislik bəhsindəki bu nəbəvi baxış tərzini digər saleh əməllərə də şamil etmək mümkündür. Bu çərçivədən baxanda deyə bilərik ki:
- İmkanı ola-ola Allah üçün saleh əməl işləməyə gücü yetdiyi halda hər hansı xeyir əməldən uzaq qalmaq bir növ xəsislikdir;
- Sağlığı və gücü yerində olduğu halda nəfsinə uyaraq qulluqdan uzaq qalmaq da xəsislikdir;
- Haqqı və xeyri söyləyəcək mövqedə olduğu halda zülm və haqsızlıqlar qarşısında susmaq da xəsislikdir;
- Qabiliyyət və istedadı olduğu halda İslamın yayılması yolunda təbliğ və irşad xidmətlərindən geri qalmaq da böyük xəsislikdir.
Əbu Hüreyrə t-ın nəql etdiyi bu hadisə sözünü etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:
Rəsulullah r-in əshabından bir nəfərin yolu yaxınlığında içməli bulaq suyu olan vadidən keçmişdi. Buranı çox bəyənərək:
“İnsanlardan uzaqlaşıb bu vadidə məskunlaşsam, çox yaxşı olar. Amma Rəsulullahdan izin almadan belə bir şey edə bilmərəm”, - dedi. Sonra bu arzusunu Rəsulullah r-ə açdı.
Həzrət Peyğəmbər r:
“Əsla, belə bir şey etmə! Çünki hər hansı birinizin Allah yolunda çalışıb zəhmətə qatlanması evində oturub yetmiş il namaz qılmasından daha fəzilətlidir. Allahın sizi bağışlayıb cənnətinə qoymasını istəməzsinizmi? Elə isə Allah yolunda cihada çıxın. Hər kim dəvə sağılacaq qədər azacıq müddətlik də olsa, Allah yolunda cihad edərsə, mütləq cənnətə girər”. (Tirmizi, Fəzailul-Cihad, 17)
Düşünməliyik ki, Rəsulullah r Allah yolundakı səylərindən heç vaxt bezmədi, yorulub istirahətə çəkilmədi. “Tətildəyəm, bir müddət yanıma gəlməyin…” demədi. Əksinə, göstərdiyi səylərlə və həyata keçirdiyi fədakarlıqlarla, xüsusilə də hidayətlərə vəsilə olaraq cəhənnəmdən insan qurtarmaqla dincəlib hüzur tapdı.
Belə olan halda bir mömin Allah yolunda göstərdiyi səyləri necə qənaətbəxş saya bilər? Axirəti üçün əbədi səadət sərmayəsi hazırlamaq imkanı olduğu halda necə bir kənara çəkilib otura bilər?!
Biz də Həzrət Peyğəmbərlə axirətdə bərabər olmaq istəyiriksə, əməllərimiz kimi duyğu, düşüncə, təlaş, qayə və gündəmimizi də Rəsulullah r ilə eyni hala gətirməyə çalışmalıyıq.
Bu rəvayət Həzrət Aişə anamızın timsalında bütün ümmətə verilən ibrət dərsidir:
Aişə c anamız buyurur ki:
“Bir gecə ayılıb Rəsulullah r-i yanımda görmədim. Xanımlarından birinin yanına getdiyini zənn etdim. Axtarsam da, tapa bilməyib geri qayıtdım. Gördüm ki, rüku və səcdə halındadır və belə deyir:
سُبْحَانَكَ وَ بِحَمْدِكَ لَا اِلهَ اِلّا اَنْتَ
“Allahım, Səni bütün nöqsan sifətlərdən tənzih edirəm, Sənə həmd olsun. Səndən başqa ilah yoxdur”.
Dedim ki:
“Atam-anam Sənə fəda olsun! Mən nə ilə məşğulam, sən nə ilə məşğulsan?!” (Müslim, Salət, 221)
Biz də indi öz halımızı düşünək:
‒ Allah Rəsulunun qəlbində nə vardı, bizim qəlbimiz nələrlə məşğuldur?
‒ Peyğəmbərimizin dərdi-düşüncəsi nə idi, bizim dərdimiz nədir?
‒ O, ömrü boyu nə üçün çırpındı, biz nəyin ardınca düşürük?..
Xülasə, Həzrət Ömər t-ın:
حَاسِبُوا اَنْفُسَكُمْ قَبْلَ اَنْ تُحَاسَبُوا
“İlahi məhkəmədə hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”[6] xəbərdarlığına qulaq verərək tez-tez mənəvi vəziyyətimizi gözdən keçirməli, Nəbəvi əxlaqa görə halımızı ölçüb-biçməliyik.
Allah-Təala lütf-kərəmi ilə Rəsulullah r-in könlündən feyz alaraq gücümüz nisbətində Onun halı ilə həmhal olmağı, əxlaqı ilə əxlaqlanmağı, Ona layiq ümmət ola bilməyi hər birimizə nəsib etsin.
Amin!..
[1] Buxari, Ədəb, 96.
[2] Mənbeyi-lütfü-cud: Lütf və səxavət mənbəyi.
[3] Məqami-Mahmud: Öyülməyə və tərifəlayiq məqam. (Bax. əl-İsra, 79) Gəlmiş-keçmiş bütün insanların qibtə etdiyi, Hz. Peyğəmbərə məxsus olan, məhşərdə insanlara şəfaət etmə məqamı.
[4] Muvatta, Hüsnül-Xulq, 8.
[5] Şəmsəddin Əbul-Xayr Muhamməd bin Abdurrahman əs-Səxavi, əl-Qövlül-Bədi fis-Saləti aləl-Habibiş-Şəfi (Darur-Reyyan lit-Turas, ts.), 153. Həmçinin bax. Tirmizi, Dəavat, 100.
[6] Tirmizi, Qiyamət, 25.
ŞƏRHLƏR