Aşurədən Daha Çoxu

Aşurədən Daha Çoxu

Şəkildə skuter ilə dayanan uşağın olduğu yerdə vaxtilə mən var idim. Skuterim yox idi, yol asfalt deyildi. Saçım da o uşağınkı kimi bərbər məharəti ilə kəsilməmişdi. Atamın əl gücü ilə qırç-qırç işləyən saçqırxanı hər tərəfi eyni ölçüdə götürərdi. Atam böyük qardaşımın, mənim və balaca qardaşımın başını keçəl qırxdıqdan sonra dayanmaz, əli soyumadan gördüyü yetim-yesir uşaqların da başını qırxardı.

Avqust ayında ata evimin tam qarşısında qonşuların aşurə qazanı asdıqlarını gördüm. Xalalardan icazə alaraq şəklini çəkdim. Səbəbini bilməsəm də, ata evimin qabağındakı aşurə mərasimi məni həyəcanlandırdı. Qırx dərəcəni keçən bu qızmarda ocaq qalamaq!.. Bu xalalar niyə küçədə otururlar?! İllər əvvəl də belə idi; evin içində istidən oturmaq olmur. Yatmaq üçün ya dama çıxırsan, ya da balkona. “Mən balkonda yatmaram, damda yatmaram” deyən varsa, başından böyük söz danışmasın.

Aşurə Nuh tufanından sonra gəmidə qalan qida qalıqlarından hazırlanmışdı. Əsasən buğda, qarğıdalı, lobya, kişmiş, noxud və qoz ləpəsi kimi məhsullardan ibarət olsa da, sonralar nar, banan, avokado, hind qozu, badam, portağal, yerkökü kimi fərqli ləzzətlər də əlavə olundu. Bu yaxında “pivəli yoqa” deyə xəbər çıxmışdı. Minlərlə illik yoqaya innovasiya edərək pivə əlavə ediblər. Axmaqlığın, səhv iş tutmağın adı “innovasiya” oldu. Tibdə, təhsildə o qədər çox danışan, yazan, yeni-yeni ixtiralar edən adamlar var! Nə dəyişdi? Daha sağlam və daha təhsilli ola bildikmi? Həzrət Əlinin “Elm bir nöqtə idi; cahillər onu çoxaltdı” sözü hər zaman aktual qalacaq. Nöqtəni itirən kəs çoxaldılan şeylərin arasında itib gedər.

Uşaqlıq illərimin küçəsi... Bir az irəlidə mandarin bağları var idi. Palçıqlı gölməçələrdə qurbağalar kimi azad üzərdik. Uşaqlıq cənnətindən çoxdan çıxmışıq. Bu qədər çox insan xəstə, bikef və cahil qalıbsa, ya uşaqlığına qayıtmalı, yaxud da uşaqlıq illərindəki sevinci yenidən əldə etməyə çalışmalıdır.

Uşaqlıq dövrünə qayıtmaq, əlbəttə, imkansızdır. Geriyə qalan tək yol uşaq kimi saf olmaqdır. Uşaq kimi saf olsan da, artıq o dövrün orqanik/təbii dünyası yoxdur. O vaxt insanlar da, qarpızlar da orqanik idi. Anamın tikdiyi, şalvara oxşayan bir tumanda küçədə oynayarkən Həsən əmi: “Gəlin, qarpız yeyin”, - deyə çağırmışdı. Dilimlənən qarpızı əlimizlə, ağzımızdan suyu axa-axa yemişdik. Və qaldığımız yerdən oyuna davam... Yediyimiz qarpız elə şirin idi ki, barmaqlarımız bala, mürəbbəyə batmış kimi yapışırdı. Oyunu saxlayıb, gedib əllərimi yumaq məcburiyyətində qalmışdım. “Yaxşı insanlar yaxşı atlara minib getdilər” deyirlər. Bəli, yaxşı insanlar iri, qara tumlu qarpızlarla birlikdə getdilər. Bişkekdə, Oşda və Almatıda da, Adanada və İstanbulda da elə eyni ölçüdə, eyni rəngdə, tumları  eyni olan hibrid toxumlu qarpızlar görürəm. Məncə, indi qarpızı çəngəllə yeməyə ehtiyac yoxdur; suyu kran suyu kimidir, yapışmır, iylənmir.

Bir də meşəbəyi Həsən əmi var idi, rəhmətlik. Əlində əsası, beş vaxt taqqataq yanımızdan keçib məscidə gedərdi. At arabası ilə gəzərək parça satan Duran abi var idi; çox vaxt əlində təsbehi ilə arabanın yanınca gedərdi. Duran abinin də dodağı dayanmazdı; daim dua, zikr və şükür ilə tərpənərdi.

Həsən əmilər, Duran əmilər ayaqqabı ipindən daha yaxın olan yerə - axirətə köçdülər. At arabaları yoldan çəkildi. Yollar asfalt oldu. Uşaqlar diyircək qoyaraq taxtadan hazırladıqları “samokat”lara yox, Çin malı skuterlərə minməyə başladı. Kaş təkcə işlətdiyimiz əşyalar Çin malı olaydı. Duyğu və düşüncələrimiz, həyat tərzimiz rus, alman, amerikan kimi olmağa başladı.

Adananın istisində, üstündə yumurta bişiriləcək asfaltda ocaq qalayıb aşurə bişirən qadınlara baxan uşaq; Sən də böyüdüyün zaman aşurəni anladarsan. “Mənim uşaqlıq illərimdə xalalar aşurə bişirər, paylayardılar”, - deyərsən. İldə bir dəfə bişirilən aşurənin qırxda doqquzu paylanır. Qırxda biri isə bişirənə qalır. Aşurə paylamaq üçündür, evdə eqoistcəsinə yemək üçün deyil. İldə bir dəfə verilən zəkatın isə qırxda biri verilir, qırxda otuz doqquzu sahibinə qalır.

Yıxılıb dizimi qanatdığım bu küçədə aşurə bişirilir. Bayram namazlarının geniş meydanlarda qılınması kimi, aşurə də göy qübbə altında bişirilsin ki, quşlar, pişiklər və Günəş də şahid olsun. Toy və yas yeməkləri də meydanda bişirilərdi. Onlar da divarların arxasında gizləndi. Meydanda bişirmək comərdlikdir, dörd divar ardında bişirmək isə xəsislik.

Fotoşəklə düşən uşağın/uşaqların şüuraltına aşurənin bişməsi və paylanması yerləşsin. Qaynayan aşurəyə oxunan azanların gur səsi qarışsın. Azan səsini eşidəndə qulağını tıxayıb qaçan şeytanlar aşurə qazanını görüb “Adəm oğlunun ağzı şirinləşəcək, Adəm oğlu aşurə paylayıb sədəqə savabı qazanacaq” deyə qəzəbindən qaçıb getsin uzaqlara. Adəm oğlunun ağzını şirin etməkdən, könlünə hüzur verməkdən, acısını dindirməkdən, göz yaşını silməkdən bizi ayırma, Allahım! Aşurənin dadından daha çoxu hər zaman könlümüzdə olsun!..

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz