Əmanət

Əmanət

Yaşadığımız dövrdə ən çox gözardı edilən xüsuslardan biri əmanətdir. “Əmn” kökündən gələn əmanət güvənmək və güvən verməklə eyni mənaya gəlir. Etibar sahibi olan birinə qoruyub saxlaması üçün müəyyən müddətlik verilən hər hansı bir əşyanın əmanət adlandırılmasının səbəbi də məhz bu prosesdə güvən ünsürünün vacib məqam olmasından xəbər verir. Mömin Allaha iman edən, eyni zamanda Ona güvənən insandır. Həmçinin bu imanın tələbi üzrə ətrafına güvən verən, əmanətə sədaqət göstərəndir. əl-Mumin olan Allah imanı bəxş edəndir, güvəniləndir. Eyni zamanda quluna verdiyi əmanətin əsl sahibidir. Əslində sahib olduğumuz, əhatə dairəmizə girən hər şey bizə verilən bir əmanətdir. Hətta bir az dərinə getsək, yoxluğun özü də bir əmanətdir.

Hər şeydən əvvəl bilməliyik ki, yaşadığımız həyat əmanətdir. Allahın bizə verdiyi nəfəslə bu dünyaya gəlirik. Nəfəslərin sayı məhdud, verilən həyatsa müvəqqətidir. Elə isə ən böyük əmanətlərdən biri məhz elə yaşadığımız həyatın özüdür, ömürdür. Ömrü gərəksiz yerə sərf edərək əmanətə xəyanət etməməliyik. Dünyaya gələrkən bizə verilən tərtəmiz vücudumuzu və ən əsası qəlbimizi imansızlıq və günah kimi ünsürlərlə zay etmədən yaşamaq ömür əmanətinə riayətdir.  

Bizimlə eyni dünyanı bölüşən hər bir insan əmanətdir. Bəli, ətrafımızda yaşayan hər kəs bir gün ölüm gerçəyi ilə ayrılacağımız əmanətdir. Rəbbimiz insanı insana əmanət etdi. Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şəriflərinin birində çox qısa müddətlik də olsa, birlikdə vaxt keçirən möminlərin bu zamanın hüququna riayət edib-etmədiklərindən hesaba çəkiləcəyini bildirir. Deməli, ən yaxınlarımızdan tutmuş varlığından xəbərdar olduğumuz uzaqdakılara qədər bütün insanlar bizə əmanətdir. Ailə əmanətdir. Ər arvada, arvad də ərə əmanətdir. Uşaqlar valideynə əmanətdir, valideyn övlada, bacı qardaşa, qardaş da bacıya əmanətdir. Bu dünyada yaşayan möminlər də, dinsizlər də inanan insan üçün əmanətdir.

İnsan üçün hər tərəfdən əhatəsində olduğu ekoloji sistem əmanətdir. Allah-Təala insanı yer üzünün xəlifəsi edərək bu dünyanı ona əmanət etdi. İnsanın dünyada xəlifə olması ona bütün varlıqlara qarşı məsuliyyət şüuru yükləyir. Bu şüurda olan bir insan sırf öz istəyini həyata keçirmək üçün bir ağacı, otu, bitkini qopara bilməz. Keyfinə görə heyvanları, həşəratları belə öldürə bilməz. Suyu, havanı kirlədə bilməz. Çünki hər şeyin bir nizam içində yaradıldığı bu dünyada Rəbbimiz bizə mizanı pozmamağı əmr edir: “Günəş və ay müəyyən bir ölçüyə görə hərəkət edir. Bitkilər də, ağaclar da Allaha səcdə edir. O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu. Əsla mizanı pozmayın!” (ər-Rəhman, 5-8)

Bu fani dünyada əldə etdiyimiz hər nemət əmanətdir. Sahib olduğumuz var-dövlət, sərvət, güc-qüvvət, sağlamlıq, elm və təfəkkür qabiliyyəti, bir sözlə, gözlə görülən və görülməyən nəyimiz varsa, hər biri bizim üçün bir imtahan vəsiləsidir. Sahib olduğumuz nemətlərə görə Rəbbimizə şükür etməli, məhrum qaldıqlarımız üçünsə səbrə sarılmalıyıq. Çünki insan bu dünyada yoxluqla da, varlıqla da imtahan olunur və ayeyi-kərimədə belə buyurulur: “Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olunacaqsınız”. (ət-Təkasür, 8) Bu ayeyi-kərimə nazil olduğu zaman heç nəyi olmayan möhtac bir səhabə ayağa qalxaraq:

- Mənim boynumda (hesabı veriləcək) hər hansı bir nemət varmı? - deyə soruşmuşdu.

Rəsulullah (s.ə.s) isə:

“(Daldalandığın) kölgə, (ayağına geyindiyin) bir cüt nəleyn və (içdiyin) soyuq su”, cavabını vermişdi. (Bax. Süyuti, VIII, 619)

Ona görə də, unutmamalıyıq ki, sabah sorğuya çəkilib hesabını verəcəyimiz hər nemət bu gün bizə əmanətdir. Dünyalıq olaraq heç bir şeyi olmayan bir insan belə qiyamət günü alıb-verdiyi nəfəsin, içdiyi suyun hesabını verəcəyini yaddan çıxarmamalıdır.      

Göz açıb boya-başa çatdığımız, üzərində gəzdiyimiz Vətən torpağı əmanətdir. Ona sahib çıxmaq, düşmən tapdağına düşməməsi üçün keşiyini çəkmək, Vətənə layiq olmaq hər bir vətəndaşın ülvi borcudur. “Vətən sevgisi imandandır” sözü məhz mədəniyyətimizdə Vətən anlayışının hansı dərəcədə olduğunu göstərən ən bariz nümunələrdəndir.

Əlbəttə ki, buraya qədər qeyd etdiyimiz və bizdə məsuliyyət şüurunu formalaşdıran din  əmanətdir. Dinimizin iki əsası olan Kitab və Sünnəyə sahib çıxmaq, Allahın əmr və yasaqlarına riayət etmək də ən böyük məsuliyyətlərimizdəndir. Allah Rəsulunun Rəbbindən aldığı bu dini biz ümmətinə əmanət etdiyini əsla unutmamalıyıq. Dinimizi öyrənməli və gələcək nəsillərə, eləcə də ondan xəbərsiz olanlara öyrətməliyik. Həm yaşamalı, həm də yaşatmalıyıq. İslamı gözəl təmsil edərək insanlara nümunə olmaq da əmanətə sahib çıxmağın bir göstəricisidir. Bir sözlə, sahib olduğumuz hər şey bizə əmanət verilmişdir. Elə isə əmanət aldıqlarımıza qarşı qulluq həssasiyyəti ilə yanaşaq ki, hesab günündə xainlər cərgəsində həşr olunmayaq.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz