Vətən əmanəti

Vətən əmanəti

Bizim inancımızda və mentalitetimizdə bayraq sancılan yerə, şəhid qanı tökülən yerə yurd deyilir, vətən deyilir. Bir müdrik sözdə: “Torpaq su ilə qarışınca palçıq, qanla qarışınca vətən olur”, - deyilir.

İslam dinində “şəhidlik”lə yanaşı, “vətən” məfhumu da əvəzolunmaz müqəddəslərdəndir. İnsanların azad yaşamaq üçün uğrunda mübarizə apardıqları torpaq parçasıdır, vətən. Vətən həm dünyəvi baxımdan, həm də dini baxımdan önəmlidir. Dünyada güc sahibi olmaq, firavan yaşamaq kimi ehtiyaclar üçün önəmli olduğu kimi, dini vəzifələri azad şəkildə yerinə yetirmək və adət-ənənələrə sahib çıxmaq baxımından da vətən önəmlidir.

Ulularımız: “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”, - deyiblər. Vətən müqəddəs sayılan dəyərlərin qorunması, dinin yaşanması, insanların özlərini müdafiə etməsi üçün əvəzedilməz bir vasitədir. Hz. Peyğəmbər (s.ə.s): “Hər kim özünü (canını), dinini, namusunu və malını mühafizə edərkən öldürülərsə, şəhiddir”, (Buxari, Məzalim, 33) - buyuraraq vətən əmanətinin müdafiə və mühafizəsinin əhəmiyyətinə diqqət çəkmişdir.

Hədisdə sadalanan dəyərlərə sahib çıxmaq ancaq azad və sülhün bərqərar olduğu vətən torpaqlarında mümkündür. Dinin bir çox hökmü də vətən torpaqlarında icra edilir. Odur ki, vətən də dini, əxlaqi və milli dəyərlər qədər önəmlidir. Qərargahsız ordu, camaatsız məscid, tələbəsiz məktəb təsəvvürü mümkün olmadığı kimi, vətən olmadan vətənpərvərlik və dindarlıq da mümkün deyildir.

Vətən sevgisi ən ülvi sevgilərdən biridir. Dinimizdə vətən sevgisi imandan sayılmışdır. Çünki iman olmadan vətənin, vətən olmadan da varlığımızın heç bir məna və qiyməti yoxdur. Bu səbəblə, bir insanın həyatda qarşılaşa biləcəyi ən böyük çətinlik vətənsiz qalmaqdır.

Vətən, uğrunda canını, sevdiklərini, bütün varını fəda edib şəhidlik zirvəsinə yüksələnlərin, varlığından keçib qazi olanların bizə miras qoyduğu müqəddəs bir əmanətdir. Buna görə də biz vətən müdafiəsini heç vaxt təkcə bir ovuc torpaq parçasını qorumaqdan ibarət görmürük. Bu vətəndə yaşayan hər fərdin canını, dinini, malını, nəslini, şərəf və namusunu qoruyuruq. Azad vətənimizin və gələcəyimizin simvolu olan bayrağımızın göylərdən enməməsi üçün mübarizə aparırıq. Şəhadətləri dinin təməli olan əzanlarımızın susmaması üçün hər cür fədakarlığa sinə gəririk. Və bu torpaqları vətən edən müqəddəs dəyərlərimizi mühafizə etmək üçün hər cür səyi göstəririk.

Millətləri həm ayaqda tutan, həm də cəmiyyətin birlik və bərabərliyini təmin edən əxlaqi dəyərlərdən biri də, əlbəttə ki, vətən sevgisidir. Yəni məsələ təkcə vətənin varlığının zərurət  olması deyil. Vətən sevgisinin də əxlaqi bir məziyyət olaraq mənimsənməsi vacibdir.

Vətəni sevmək və qorumaq hər müsəlmanın vəzifəsidir. Düşmən qarşısında döyüşə hər yöndən hazır vəziyyətdə olmaq da dinimizin əmridir. Allah-Təala bu barədə Ali-İmran surəsinin 200-cü ayəsində buyurur ki: “Ey iman gətirənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”

Hz. Peyğəmbərimiz (s.ə.s) isə haqq və həqiqət yolundakı bu dəyərli mübarizə haqqında belə buyurur: “Əllərinizlə, dillərinizlə və mallarınızla cihad edin”. (Nəsai, Cihad, 48)

Üzərində yaşadığımız bu əziz vətən təkcə xoşbəxt günlərimizin və rahat zamanlarımızın torpağı deyil, çətin günlərimizin də vətənidir. Biz bu ölkənin torpağında yalnız nemətindən faydalanmaq üçün deyil, eyni zamanda yükünü də çəkmək, hətta uğrunda canımızı fəda etmək üçün də yaşayırıq. Çünki bu ölkənin gündüzləri bizim olduğu kimi, gecələri də bizimdir!..

Ata-babalarımız bu gözəl və bərəkətli torpaqları vətən olaraq seçmiş və bizə əmanət etmişdir. Bu vətəni yüzlərlə il əcdadımız canları və qanları bahasına qorumuş və üzərində bir mədəniyyət qurmuşdur. Çünki vətən olmadan millət, millət olmadan da dövlət ola bilməz. Bir millətin varlığı vətənin varlığına və eyni zamanda azad və müstəqil olmasına bağlıdır.

Odur ki, doğulduğumuz, yaşadığımız və gələcək nəslimizin də həyatını davam etdirəcəyi bu vətən əmanətinin qədrini bilməli, yolunda nə lazımdırsa, fəda etməyi vicdan borcu saymalıyıq. Şairin dediyi kimi:

Sahibsiz olan bir vətənin batması haqdır,

Sən sahib olarsan, bu vətən batmayacaqdır!

Bəli, bu gün müstəqilliyimizi borclu olduğumuz şəhidlərimizi də ayrı bir nemət və əmanət olaraq görməliyik. Onlar millətimizin haqq səsini dünyaya eşitdirmək üçün, üçrəngli bayrağı vətən səmasında dalğalandırmaq üçün şirin canlarından keçərək özlərini bu yolda qurban etdilər.

Rəbbimiz xalqımızı, ölkəmizi hər cür təhlükədən mühafizə etsin. Xalqımızı əlavə qırğınlara məruz qalmaqdan, gözüyaşlı vəziyyətə düşməkdən qorusun!

Vətən əmanəti və müqəddəs dəyərləri uğrunda canını fəda edib qara torpağın bağrına düşən, vətəni bizlərə əmanət edən bütün şəhidlərimizə rəhmət, yaralı olan qazilərimizə şəfa, qəhrəman əsgərlərimizə güc-qüvvət diləyirik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz