Əmanətə riayət etməyən kəs kamil mömin ola bilməz

Əmanətə riayət etməyən kəs kamil mömin ola bilməz

Müsahibə

Türkiyə səfirliyinin Din xidmətləri müşaviri İhsan Açık:

“Əmanətə riayət etməyən kəs kamil mömin ola bilməz”.

 İrfan: Əfəndim, jurnalımızın buaykı mövzusu “Müsəlman və əmanət”dir. Əmanət deyəndə, ümumiyyətlə, nə başa düşməliyik?

İhsan Açık: Əmanət məfhumu ərəbcə “əmn” kökündən törəyib. “Əmn” isə qorxu və narahatlıqdan arxayın olmaq mənasına gəlir. Əmanət xəyanətin ziddi mənasında isim kimi, etibarlı olmaq mənasında isə məsdər halında işlənir. Bundan başqa, etibarlı bir şəxsə müvəqqəti olaraq verilən əşyanı da ifadə edir. Xalq arasında ən çox bu mənada işlənir. Əmanət kəlməsi ayə və hədislərdə müxtəlif mənalarda yer alır. İnsanın Allaha, ailəsinə, cəmiyyətə və hətta bütün məxluqata qarşı vəzifə və məsuliyyətləri də, mühafizə edilməsi üçün müəyyən müddətə kiməsə verilən əşya da əmanət möhtəvasına daxildir. Qısaca desək, insanın məsuliyyət dairəsinə daxil olan hər şeyə əmanət deyilir.

- Qurani-Kərimdə göylərə və dağlara təklif edilən əmanətdən bəhs edilir. Həmçinin o əmanəti insanın yükləndiyi bildirilir. İnsanın məsuliyyətində olan bu əmanət nədir?

- Bəhs etdiyiniz ayeyi-kərimədə yerin və göylərin daşımaqdan imtina etdiyi əmanətin dini məsuliyyətlər olduğuna şübhə yoxdur. Burada Allahın saysız nemət və lütflərinə məzhər olan insanın o nemətləri verənə qarşı bəzi məsuliyyətləri olduğu xatırladılır. Allahın əmr və qadağalarına, göndərdiyi son peyğəmbərin sünnə və tövsiyələrinə riayət etməyən şəxs yükləndiyi bu əmanətə qarşı vəzifəsini yerinə yetirməmiş olar.

Şübhəsiz ki, insanın birinci növbədə məsuliyyəti onu yaradan və ağıl kimi üstün qabiliyyətlər bəxş edən Allaha qarşı məsuliyyətidir. İnsan olaraq, Allahın yaratdığı ən seçkin varlıq olaraq bundan başqa da bir çox əmanətlərimiz var. Bunların hamısını saymağa gücümüz çatmaz. Təkcə ən mühüm olanlarına diqqət çəkmək istəyirəm.

Ailəmiz və uşaqlarımız başda gələn əmanətlərdəndir. Uşaqlarımızın təhsili, hər cür zərərli təsirlərdən qoruyaraq dinimiz, vətənimiz və millətimiz üçün faydalı bir fərd kimi yetişdirilməsi bizim vəzifələrimiz arasındadır. Necə ki, Qurani-Kərimdə belə buyurulur:

“Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır”. (ət-Təhrim, 6)

Müsəlman ata-ana uşaqlarının dini tərbiyəsinə diqqət yetirməli, inanc əsaslarını, ibadət və əxlaq qaydalarını onlara öyrətməlidir. Bu vəzifələrə laqeyd yanaşan valideynlərin peşmançılıq çəkməsi qaçılmazdır. Tez-tez mətbuata, televiziya ekranlarına çıxan, oxuyanları və izləyənləri kədərləndirən hadisələr bu öhdəliyə ehmalkar yanaşmağın nəticəsidir. Uşaqlarımıza buraxacağımız ən dəyərli miras, şübhəsiz ki, onları vətən və millət sevgisi ilə dini dəyərlərinə bağlı yetişdirməkdir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Heç bir ata övladına gözəl tərbiyədən daha üstün bir hədiyyə vermiş olmaz”. Bizə əmanət olan uşaqlarımıza qarşı öhdəliklərimizi yerinə yetirmədiyimiz zaman təkcə biz deyil, toplum da onlardan narahat olacaq və zərər görəcək. Bundan başqa, Allahın əmrinə uymadığımız üçün də Onun uca dərgahında məsul vəziyyətə düşmüş olarıq.  

Səhhətimiz də bir növ əmanətdir. Sağlamlığa zərər verən hər şeydən qorunmalıyıq. Həyatın ləzzəti, ibadətin zövq və nəşəsi bədənin sağlam olmasına bağlıdır. Səhhəti qaydasında olmayan bir müsəlman Allaha, ata-anasına, ailəsinə, vətənə və millətinə qarşı məsuliyyətlərini layiqli şəkildə yerinə yetirə bilməz. Buna görə də uca dinimiz sağlamlığa böyük əhəmiyyət vermiş, onu təhlükəyə atan hər növ uyuşdurucu maddəni qadağan etmişdir. Həmçinin, bu məqsədlə Peyğəmbərimiz (s.ə.s) sağlam, güclü möminin zəif mömindən daha xeyirli olduğunu bildirmişdir. Peyğəmbərimizin (s.ə.s) bu xəbərdarlığına hər bir mömin qulaq verməlidir: “Ölümdən əvvəl həyatın, xəstəlikdən əvvəl sağlamlığın, məşğuliyyətdən əvvəl boş vaxtın, qocalıqdan əvvəl gəncliyin, yoxsulluqdan əvvəl zənginliyin qədrini bil”.

Malımız, var-dövlətimiz də əmanətdir. Bir gün müvəqqəti dünya həyatına əlvida deyərkən malımızı və hər şeyimizi burada qoyub gedəcəyik. Lakin Allahın hüzurunda hesab verərkən malımızı haradan qazanıb haraya xərclədiyimizin hesabını verəcəyik. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Heç kəs qiyamət günü (beş şeydən): ömrünü harada və necə keçirdiyindən, gəncliyini harada və nəyə sərf etdiyindən, malını necə qazandığından və haraya xərclədiyindən, əldə etdiyi elmlə nə iş gördüyündən hesaba çəkilmədikcə Allahın uca hüzurundan ayrılmayacaqdır”.

Vətən də əmanətdir. Vətən bir torpaq parçası olsa da, hər torpaq parçası vətən deyildir. Vətən, uğrunda şəhidlərin qanlarını axıtdıqları torpaq parçasıdır. “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” sözü bunu çox gözəl ifadə edir.

Vətən müsəlman üçün hər şeydir. Çünki din, namus, şərəf və müstəqillik kimi müqəddəs dəyərlər ancaq vətən sayəsində yaşadıla bilər. Atalarımız da bu cənnət vətənin uğrunda şəhid olaraq, canlarını fəda edərək bizə əmanət ediblər. Bu əmanəti qorumaq bizim vəzifəmizdir. Vətəni bir tərəfdən düşməndən qoruyarkən, bir tərəfdən də inkişaf etdirib gözəlləşdirməli və bizdən sonrakılara təslim etməliyik.

Əlbəttə, əmanət təkcə bu saydıqlarımızdan ibarət deyil. Biz ən mühüm olanlarına diqqət çəkməyə çalışdıq.

- Əmanət şüuruna sahib bir cəmiyyətlə bu şüura laqeyd yanaşılan cəmiyyət arasında nə kimi fərqlər var? Yəni əmanət şüuru fərdi və ictimai həyatımıza necə təsir göstərir?

- “Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir”. (ən-Nisa, 58)

Peyğəmbərlərin sifətlərindən birinin “əmanət” olması da əmanətin əhəmiyyətini ifadə edir. Bu sifət peyğəmbərlərin hərtərəfli güvənilən insanlar olduqlarını ifadə edir. Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) hələ peyğəmbər kimi vəzifələndirilmədən əvvəl içində doğulub boya-başa çatdığı toplum tərəfindən Muhammədül-əmin olaraq tanınmışdı. Xalq öz adından daha çox onu bu ləqəbi ilə tanıyırdı. Peyğəmbər olaraq vəzifələndirilib insanları Allahı tanımağa və yalnız Ona ibadət etməyə çağırdığı zaman Məkkə müşrikləri düşmən kəsildilər. Hətta düşmənlikləri onları peyğəmbərin həyatına qəsd etməyə sövq etdi. Onu öldürmək üçün bir yerə yığışan bu insanlar, əslində, bir-birilərindən daha çox ona etibar edir, dəyərli əşyalarını, qızıl və qiymətli daş-qaşlarını ona əmanət edirdilər.

Əmanəti olmayan, yəni boynuna götürdüyü əmanətə riayət etməyən kəs kamil mömin ola bilməz. Çünki Qurani-Kərimdə möminin xüsusiyyətləri sayılarkən əmanətə də yer verilmişdir: “Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər”. (əl-Muminun, 8)

Peyğəmbərimiz (s.ə.s) də belə buyurmuşdur: “Əmanəti olmayanın imanı yoxdur (yəni kamil mömin deyil)”.

Əmanətə xəyanəti Peyğəmbərimiz (s.ə.s) nifaq əlaməti saymışdır: “Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar, söz verəndə sözündə durmaz, ona bir şey əmanət veriləndə xəyanət edər”.

- Əmanət şüurunu gələcək nəsillərə aşılamaq üçün nə edə bilərik?

- Bunu əsla yaddan çıxartmamalıyıq ki, Peyğəmbərimiz (s.ə.s) ümmətinə də etibarlı olmağı, əmanətə yiyə durmağı tövsiyə etmişdir. Hər nə olursa olsun, xəyanətdən uzaq durmalıyıq. O (s.ə.s), mömini etimad verən, etibar edilən, şərindən əmin olunan şəxs deyə tərif etmişdir.

“Mömin” adını bizə Qurani-Kərimdə Uca Rəbbimiz özü vermişdir. O bu adı da, bütün nemətləri də bizə əmanət etmişdir. Heç şübhəsiz, ən qiymətli əmanət imanımız və İslamımızdır. Biz dünya və axirət səadətimizi ancaq iman neməti sayəsində əldə edə bilərik. Bu mənada bizim vəzifəmiz bu uca əmanətə əsla xəyanət etməməkdir. Ona hər bir halda sahib çıxmalıyıq. Kəlmeyi-şəhadətlərimizlə, kəlmeyi-tövhidlərimizlə Rəbbimizə verdiyimiz sözə, bağladığımız əhdə sadiq qalmalıyıq. İmanın tələbi olaraq həyatımızı saleh əməllərlə və gözəl əxlaqla bəzəməliyik.

İmanımızı və İslamımızı zədələmək, ləkələmək və istismar etmək istəyənlərə qarşı oyaq olmalıyıq. İman və İslam sahəsində mənəviyyat fürsətçiliyi edənlərə, dini alət edərək insanları aldadanlara, xəyanət edənlərə imkan verməməliyik. Rəbbimizin bu ayəsini unutmamalıyıq: “Ey iman edənlər! Allaha və Peyğəmbərinə xəyanət etməyin. Əgər Allaha və Peyğəmbərinə xəyanət etsəniz, sizə verilən əmanətlərə bilə-bilə xəyanət etmiş olarsınız!”

Kitabımız və Rəsulullah (s.ə.s) əfəndimizin möhtəşəm mirası olan sünnəsi möminlər olaraq hamımıza əmanətdir. Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu həqiqəti belə xəbər vermişdir: “Sizə iki əmanət buraxıram; onlara möhkəm sarıldığınız müddətdə yolunuzu azmayacaqsınız. Bunlar Allahın Kitabı və Peyğəmbərinin sünnəsidir”.

Bu gün bizə düşən vəzifə Quran və sünnənin həyat verən mesajları ilə könlümüzü əhya etməkdir. Möminə yaraşan həyatın ancaq Quran və sünnənin açdığı cığırda getməklə mümkün olduğunu unutmamalıyıq. Quran və sünnə ilə yoğrulmuş on dörd əsrlik nəhəng elm və irfan təcrübəmizi yaxşı dərk etməliyik. Bu iki əmanətdən ilham alaraq insanlığa yeni mədəniyyətlərlə töhfə vermək üçün səy göstərməliyik.

Hz. Adəm və Həvvanın övladları olaraq hamımız bir-birimizə əmanətik. Bu əmanət sevgi, sayğı və anlayış içində yaşamağı labüd edir. Bu əmanət qardaşımızı özümüz kimi görməyi, qardaşımızın sevincini sevincimiz, kədərini kədərimiz bilməyi tələb edir.

“Müsəlman müsəlmanın qardaşıdır. Ona xainlik etməz, yalan danışmaz, onu çətin vəziyyətdə üzüstü tərk etməz...” hədisi hər bir vəziyyətdə sədaqət və vəfanı tələb edir. Paylaşmağı, yardımlaşmağı və həmrəyliyi zəruri edir.

Saylı nəfəslərimiz, axıb gedən vaxtımız, bu çox qısa ömrümüz əmanətdir. Ağlımız, qəlbimiz, dilimiz, bütün bədənimiz əmanətdir. Səadət və məhəbbət ocağı ailəmiz, gözümüzü aydınladan uşaqlarımız, külünə möhtac olduğumuz qonşularımız, var-dövlətimiz, elmimiz, nailiyyətlərimiz əmanətdir. Bizim borcumuz bu əmanətlərlə Rəbbimizin rizasına nail olmağa çalışmaqdır.

Şəhid qanlarıyla sulanmış vətən torpağımız, müstəqilliyimizin rəmzi olan bayrağımız, İslamın şüarı azanımız, xülasə, bütün müqəddəs dəyərlərimizin hər biri əmanətdir. Bu əmanətləri canımız kimi əziz bilib qorumaq vəzifəmizdir.

Uca Rəbbimiz bizi əmanətə riayət edərək izzətini mühafizə edənlərdən etsin. Əmanətə xəyanət edərək zillətə düşənlərdən etməsin. Uca Rəbbimiz bizi Firdövs cənnəti ilə mükafatlandıracağı sadiq, əmin, bəxtiyar qullarından etsin.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz