Bir Ayə
بسم الله الرحمن الرحيم
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
“Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!” (Ali-İmran, 3/139)
Bu ayənin enmə səbəbinə nəzər saldıqda, müsəlmanların Uhud döyüşündəki məğlubiyyətindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə böyük zəfərlər əldə edə biləcəklərinə işarə etdiyi görülür. İslam tarixindən də məlum olduğu kimi, müsəlmanlar Bədr döyüşündəki zəfərdən sonra Uhud döyüşündə məğlub olmuş və yetmiş şəhid vermişdilər. Buna görə də onlar psixoloji cəhətdən böyük bir ruh düşkünlüyü yaşamışdılar. Müsəlmanlara təsəlli vermək üçün nazil olan bu ayə məğlubiyyətin də, qalibiyyətin də Allah-Təalanın yer üzünə qoyduğu qanunlardan olduğunu vurğulayır. Çünki haqq uğrunda mübarizədə ruh düşkünlüyü, laqeydlik və ehmalkarlıq müsəlmana heç bir şey qazandırmaz. Eləcə də bu ayədə güclü iman, əzm və qərarlılıq nəticəsində neçə-neçə zəfərlər əldə etməyin mümkün olduğu müjdələnmişdir. Ayədəki “Əgər inanırsınızsa, üstün olan sizsiniz!” ifadəsində buna diqqət çəkilmişdir. Başqa bir ayeyi-kərimədə də: “Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, kafirlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır”, (əl-Ənfal, 8/65) – buyurularaq bu həqiqətə işarə edilmişdir. Yəni zaman-zaman çətinlik və problemlər yaransa belə, nəhayətdə zəfər və gözəl aqibət mütləq möminlərin olacaqdır. Çünki Uca Allah bu dinə, onu gətirən Peyğəmbərinə (s.ə.s) və möminlərə kömək edəcəyini “Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik” (Ğafir, 40/51) ayəsində də müjdələmişdir. Nəticə etibarilə, hər hansı bir məsələdə kim iman gətirib, səbir edib, laqeyd yanaşmayıb, ümidsizliyə düşməyib, Allah-Təalanın əmrlərinə tabe olaraq öz vəzifəsini yerinə yetirərsə, Uca Allahın yardımı ilə müvəffəqiyyətə nail olacaqdır.
Bildiyimiz kimi, ayələrin səbəbi-nüzulu xüsusi olsa da, hökmü ümumilik ifadə edə bilər. Ona görə də bu ayənin mənasına psixoloji cəhətdən yanaşsaq, buradakı ifadələrin həqiqiliyinin psixologiya elmində də öz əksini tapdığını görərik. Belə ki, psixoloqların və fərdi inkişaf mütəxəssislərinin qeyd etdiyi bir şey var ki, insan hansı işdə müvəffəq olmaq istəyirsə, ilk əvvəl buna nail olacağına ürəkdən inanmalıdır. Əlbəttə, inanmaqla yanaşı, özünə güvənmək, əzmkarlıq, səbir, qorxmamaq və s. faktorlar da müvəffəq olmaq üçün labüddür. Ancaq hər işin başında inanc gəlir. Buna görə də Uca Allah işlərimizdə bizi uğura aparacaq çox mühüm prinsipi “Əgər inanırsınızsa, üstün olan sizsiniz!” ifadəsi ilə vurğulamışdır.
ŞƏRHLƏR