Hər gözəl olan yaxşıdırmı? HALO EFFEKTİ
Siz heç ilk görüşdə birinə aşiq olmusunuz? İlk tanışlıqdan etibarən güvəndiyiniz insanlar necə? Bəs bunların tam əksi olaraq ilk görüşdə birinə mənfi münasibət bəsləyib nifrət etmisiniz? Üzünə, geyiminə, danışığına baxıb etibar etmədiyiniz, güvənmədiyiniz insanlar necə?..
Mən bilirəm ki, bu suallara hər birinizin cavabı, əlbəttə, olacaq. Bəs bizim bir insan haqqında ilk baxışdan müsbət və ya mənfi qənaətə gəlməyimizin səbəbi nədir? Biz hansı psixoloji vəziyyətlə üzləşirik ki, bir insan haqqında anidən qərar verir və onun bütün keyfiyyətlərini ilk təəssüratlarımıza görə dəyərləndiririk?
Bu məqaləmizdə beynimizdə yaranan ilk və qərəzli təəssüratlara səbəb olan Halo effekti haqqında danışacağıq. Halo effekti nədir?
Halo effektinin təsbiti Birinci Dünya müharibəsi dövründə yaşamış amerikalı psixoloq Edvard Thorndike ilə bağlıdır. O, araşdırmaya qoşulan əsgərlər üzərində bir tədqiqat aparır və hər komandirdən əsgərlərinin fiziki qabiliyyətləri, zəkaları, əmrləri yerinə yetirmə bacarıqları barədə soruşur.
Təəccüblüdür ki, komandirlərin “üstün əsgərlər” kimi təsvir etdikləri bütün əsgərlər cüssəli və yaraşıqlı idilər. Komandirlərin dediyinə görə, bu əsgərlərin hamısı həm də nizam-intizamlı, qətiyyətli, ağıllı və rəhbərlik bacarığı olan əsgərlər idi.
Əsgərlərin görünüşündən təsirlənən və əslində mövcud olmayan bəzi müsbət xüsusiyyətlərə aid edilmək məcburiyyətində qalınan psixoloji vəziyyəti Thorndike “Halo effekti” adlandırır.
Halo effekti həyatımızın hər tərəfinə yayılan bir xəyaldır. Hamımız yaraşıqlı və ya gözəl insanların daha ağıllı olduğuna inanırıq. Düşünürük ki, hər ağıllı insan uğur qazanır, çünki həyatı boyu həmişə düzgün qərarlar verir.
Bizim sadəcə insanlara qarşı deyil, eyni zamanda məşhur markalara qarşı da münasibətimiz bu şəkildə formalaşır. İstifadə etdiyimiz bir markanın bir məhsulu yaxşı olubsa, onun bütün məhsullarını yaxşı və keyfiyyətli olaraq qəbul edirik. Əks təqdirdə bir daha çevrilib həmin markaya baxmırıq.
Halo effektinin bir neçə nümunəsini bu şəkildə də sadalaya bilərik;
Məsələn, insanlara kiminlə siyasi debatda iştirak etmək istədikləri soruşulduğu zaman bu suala fiziki cəhətdən cəlbedici olan insanların daha bilikli və etibarlı qəbul edildiyinə dair cavablar verilmişdir.
Aparılan tədqiqatlardan məlum olur ki, insanlar müəyyən bir məqalənin müəllifinin fiziki cəhətdən cəlbedici olduğunu düşünəndə həmin məqaləni daha müsbət qiymətləndirirlər. Əgər şagird müəlliminin müəyyən cəhətini bəyənirsə, bu, həmin şagirdin müəllimin ümumi fəaliyyətini necə qiymətləndirməsində də özünü büruzə verir.
Onu da qeyd etmək lazımdır ki, insanlar bəzən fiziki cəhətdən cazibədar insanların daha az cəlbedici insanlardan daha çox arzuolunan xüsusiyyətlərə malik olduğunu fərz edirlər. Bu vəziyyət "fiziki cəlbedicilik stereotipi" və ya "gözəl olan yaxşıdır stereotipi" adlanır.
İnsanların Halo effektinə girməsinin bir neçə fərqli psixoloji səbəbi olsa da, onlardan bəzilərini qeyd etmək yerinə düşərdi.
- İnsanların haqlı olmaq istəyi. İnsanlar bir şey haqqında müsbət və ya mənfi bir qənaətə gəliblərsə, həmin qənaəti asanlıqla tərk etmək istəmir və hər zaman haqlı olduqlarını hiss etmək istəyirlər.
- Bütövdən ayrı, hissə-hissə xüsusiyyətləri düşünməkdə çətinlik çəkirik. Hadisələri bütöv dəyərləndirmək onları təfərrüatlı düşünməkdən daha asandır. Halo effektində bu asan yolu tapdığımız üçün təsiri düşüncələrimizə rahatlıqla hakim ola bilir.
- Halo effekti altında qərar vermək daha asandır. Bir şeyi mühakimə etməyə çalışdığımız zaman o şey haqqında nəzərə aldığımız amillər artar və ya getdikcə mürəkkəbləşərsə, o şeyi mühakimə etmək daha da çətinləşər. Əksinə, tək bir faktora əsaslanaraq hərəkət etmək idrak yükümüzü azaldar və rahatlıq verər.
Nəticə etibarı ilə Halo effekti haqqında bilmək vacibdir. Çünki cəmiyyətdə tez-tez rast gəlinən bu psixoloji təsir həm digər insanlara baxışımıza, həm də digər insanların bizə baxış tərzinə təsir edə bilər. Halo effekti haqqında bilməklə, biz daha rasional qərarlar qəbul etməyə başlaya bilər və insanlar haqqında onların yaxşı və ya pis olmasından asılı olmayaraq əsassız fərziyyələrdən qaçına bilərik.
Məsələn, bilməliyik ki, tanış olduğumuz bir insan haqqında, yalnız bir yaxşı xüsusiyyətə sahib olduğu üçün tamamən müsbət fikirlərə sahib olmaq məcburiyyətində deyilik. Eynilə kiminsə bir mənfi xüsusiyyətə malik olması, ümumiyyətlə, o insan haqqında mənfi düşünmək üçün kifayət etməyə bilər.
Odur ki, ətrafımızdakı Halo effektinin təsirində olan əksər insanların zehnində müsbət xüsusiyyətlərə sahib bir fərd kimi qalmaq istəyiriksə, qarşı tərəfdə ilk təəssüratı yaradan bədən dilimizə, səs tonumuza, geyim tərzimizə, danışdıqlarımıza və əxlaqi keyfiyyətlərimizə xüsusilə diqqət etməyə çalışaq. Əks təqdirdə zehinlərdə formalaşdırdığımız ilk yanlış təəssüratı, nə qədər çalışsaq da, müsbətə doğru dəyişə bilməyəcək və ya dəyişməkdə çox çətinlik çəkəcəyik.
ŞƏRHLƏR