Mizanı Pozmaq Olmaz
“O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki, tərəzidə həddi aşmayasınız. Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin! O, yer üzünü canlılar üçün yaratdı”. (ər-Rahmən, 7-10)
Müqəddəs kitabımızda ifadə edildiyi kimi, Uca Yaradan canlıların həyatının davam etməsi üçün müəyyən bir mizan (ölçü, tarazlığa əsaslanan qaydalar) qoymuşdur. Bu mizan canlı həyatın davamı üçün şərtdirsə, deməli, mizan pozularsa, canlıların həyatı da təhlükəyə düşər, məhvə sürüklənər. Ayədən anlaşıldığı kimi, mizan həm alış-veriş üçün öz aramızda qurduğumuz tərəziyə, həm də dünyada baş verən təbii proseslərdəki qayda-qanuna aiddir.
Bu mizanın qurulmasındakı məqsədlərdən biri də onun ehtişamını müşahidə edərək xaliqinin qüdrətini təfəkkür etmək, dərk etməkdir: “Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır”. (əl-Bəqərə, 164)
Elə isə Yer üzünə xəlifə olaraq göndərilən insan oğlunun vəzifəsi bu kainat kitabını seyr etmək, düşünmək və onu sonrakı nəsillərə ləkələmədən, pozmadan, fəsada məruz qoymadan ötürməkdir. Çünki yer üzündə fəsada yol açmağı qadağan edən Rəbbimiz bunun Özünə qarşı bir növ üsyan olacağını, nankorluq və küfr əhli insanların yol açacağı bir müsibət olacağını xəbər verir:
“Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” - deyərlər. Bilin ki, əsl fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər”. (əl-Bəqərə, 11-12)
Yer üzündə fəsad törətmək təkcə “faydalı işlər” görmək iddiası ilə təbiətin nizamını, ekoloji tarazlığı pozmaqla məhdud deyil. İnsan oğlunun və digər canlıların həyatını – nəslinin davamını təhlükəyə atmaq da Uca Rəbbin qəzəb dairəsinə daxil olan çirkin əməllərdəndir:
“İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz”. (əl-Bəqərə, 204-205)
Uca Allah əmanəti götürməyi təklif etdiyi zaman göylər, yer və dağlar bunu yüklənməkdən imtina etdi, məsuliyyətinin ağırlığından çəkindi, lakin insan bunu qəbul etdi (əl-Əhzab, 72), sonra isə zülm və cəhalət içində bu vədini unudaraq böyük xətalara yol verdi. Quran təfsirçiləri bu əmanətin daha çox təfəkkür və iman məsuliyyəti olduğunu deyirlər. Lakin buraya xəlifə olaraq təhkim edildiyi məkanın – Yer kürəsinin Rəbbin muradı istiqamətində təsərrüfü də, əlbəttə, daxildir. Çünki Allah israfı və faydasız əməlləri sevməz, nemətə şükrü və xeyir gətirən əməlləri xoşlayar.
İnsan oğlunun hesab-kitabını həvalə etdiyi elmlər – riyaziyyat, fizika, kimya və s. məhdud ağlımızla yaradılışın başlanğıcı kimi qəbul etdiyimiz böyük partlayışdan əvvələ gedə bilmir. Çünki bəşəri elmlər “məxluq”dur, yaradılmış elmlərdir və necə yaradıldıqlarının izahında aciz qalmağa məhkumdur. Allahın elmi qarşısında dəryada damladan belə kiçik, cılız qalan bəşəri elmlər, çox təəssüf ki, bu gün ilahi nizamı anlamaq cəhdindən savayı, həddini aşaraq bəzi sahələrdə ciddi bir təhlükə mənbəyi kimi qarşımıza çıxır. Kütləvi qırğın silahları, təbii çoxalmanı məhdudlaşdıran geni gəyişdirilmiş toxumlar, eroziyaya və torpaq kirlənməsinə səbəb olan kimyəvi məhsullar, təbii qida zəncirini qıran ovlanmalar və s.
Hər insan öz həyatının bağbanı olsa da, ümumbəşəri bir əmanət olan Yer kürəsinə, qurulan ilahi nizama sahib çıxmaq da onun məsuliyyət dairəsindədir. Çünki bu kainatın heç bir zərrəsi boşuna yaradılmamışdır. Göy cisimlərinin düzülüşü, orbitlərinə müvafiq olaraq süzülüşü, Yer kürəsinin dönməsi, ulduzların yanıb sönməsi, göy qübbənin dirəksiz ucalması, hər canlının yaşadıqca qocalması, insanın becərməsi, toxumun cücərməsi, dirilən torpaq, saralan yarpaq, vaxtı təyin edilmiş gün, hər ömrün sonuna vurulan düyün... Bunların hər biri dərin hikmət, əngin əzəmət və zəngin vüsət mənzərələri ilə dolu intəhasız xilqət sənətinin müdhiş təzahürləridir.
Hər gülçünün bir ölçüsü olduğu kimi, aləmlərin Rəbbinin də öz meyarı, nizam-intizamı müəyyən edən tərəzi əyarı vardır. Yardılışında şəriki olmadığımız bu müdhiş əmanəti pozmağa, məhv etməyə cürət göstərmək ancaq və ancaq böyük bir qəflət və cəhalət nişanəsidir. İçməli su qıtlığı ilə, qlobal hava isinməsi ilə imtahan ərəfəsində olduğunu düşündüyümüz insanlığı bizə həyat üçün ən münasib şərtlərdə yaradılaraq bəxş edilmiş planetimizi qorumaq adına daha düşünülmüş və ölçülü addımlar atmağa səsləmək hər birimizin vəzifəsidir.
ŞƏRHLƏR