Təvazökar Olmaq

Təvazökar Olmaq

İnsanlarda yaxşı və ya pis bir çox əxlaqi xüsusiyyət var. Bunların biri xaric hamısı qısqanılırmış. Qısqanılmayan xüsusiyyət nə ola bilər? Gəlin, bir beyin fırtınası edək, düşünək. Bu beyin fırtınasında mən yoxam, çünki cavabı bilirəm.

Səbirli olmaq qısqanılır. Çox oxuyan, işləyən, qənaətcil olan, qəzəbinə, şəhvətinə, sözünə, özünə hakim olan insan səbirlidir. Eyni şəkildə cəsarət, təmkin, təmizlik, diqqətcil olmaq, comərdlik də qısqanılır. Qısqanılmayan tək ərdəm alçaqkönüllülük, yəni təvazö imiş. İnsanlar niyə təvazönü qısqanmırlar? Niyə təvazökarlığa yaxşı baxmırlar?

İnsan kökü torpaqda, başı göy üzünə doğru uzanan bitki kimidir. Hər daim gözü yüksəklərdədir. Gözü yüksəklərdə olan yüksəklərdə olmayana yaxşı gözlə baxmaz. Özünü bəyənmək, xarizmatik olmaq, təkəbbürlü olmaq cəmiyyət tərəfindən güc-qüvvət və özünəməxsusluq kimi qəbul edilir. Təvazökarlıq isə təkəbbürün getdiyi yönün, yəni yuxarının ziddinə aşağıya doğru yönəlməkdir. Təkəbbür alov ilə, təvazökarlıq isə torpaqla simvollaşdırılır. Alov hər zaman alov olaraq qalmaz. Ən zirvə vaxtı olar. Yayıla bildiyi qədər yayılar, yüksələr və ən axırda sönüb tükənər. Torpaq isə min il əvvəl də torpaqdır, min il sonra da. Torpaq alov kimi yox olmaz. Hər zaman var olar. Şeytan oddan, Adəm isə torpaqdan yaradılıb; bu, boş yerə deyil. Yuxarı doğru yüksələn alovun ucu iynə kimi itidir. Pis əxlaq alovunun iynəsi əvvəlcə sahibini, sonra başqalarını narahat edər.

Hər əxlaqi xüsusiyyət/ərdəm qısqanılar. Qısqanılmayan tək əxlaqi xüsusiyyət nədir sualını təkrar-təkrar düşünürəm. Həqiqətən də, təvazödən başqa cavab tapa bilmirəm. İnsanlar təvazökarlığa qarşı niyə belə pis rəftar göstərirlər? Niyə təvazökar insanları ələ salırlar? Niyə təvazökarlıq kimi bir ərdəmin arxasınca düşmürlər? Təvazö insanların gözündə bu qədər dəyərsizdir?..

“Ağılları bazara çıxardıblar, yenə hər kəs öz ağlını alıb” atalar sözü ilə təvazönün bəyənilməməsi arasında incə bir əlaqə var. O incə əlaqəni tuta bilmək üçün nə nəqqaşım var, nə də böyüdücü şüşəm.

Dünyada hər səkkiz nəfərdən biri yarıac, yarıtox gəzir. Oruc olanları nəzərdə tutmuram; oruc imkan var ikən əl uzatmamaqdır. Aclıq çəkmək, aclıqdan öləcək hala düşmək bundan fərqlidir. Ac yaşayan insanların sayının bir milyarda çatdığını deyirlər. Hər il 35 milyon insan aclıqdan ölürmüş. Bir də statistikaya daxil edilməyən səssiz ölümlər var. Ac insan fağırdır, kimsəsizdir. Onun həyatdakı varlığı da mədəsi kimi boşdur. Olsa da olar, olmasa da!!

Bəzi zəngin insanlar özlərini dünyanın sahibi kimi görür, kasıbların aldığı oksigenə, içdiyi suya belə israf gözü ilə baxır. Sanki su və oksigen o insanlardan daha dəyərlidir. “Qonşusu ac ikən tox yatan bizdən deyil” deyənlərə eşq olsun!

Qarşı qitədə yaşayan adam da qonşumuz sayılır. Bu ifadə “Hüdayi vəqfinin Afrikada nə işi var?” sualının da cavabıdır. Qonşuluq təkcə insanlara aid deyil. Qarğalar, quşlar, itlər, dağlardakı ayılar da qonşumuzdur. Anadoluda qarlı vaxtlarda dağlara ət və çörək atılır, oradakı heyvanlar bəslənir. Yayın qızmar günlərində də heyvanlar üçün yollara su qabları qoyulur, dağlarda, dərələrdə, meşələrdə su gölməçələri düzəldilir. İnsan, yaxud heyvan, bütün qonşularımıza görə məsuliyyət daşıyırıq. Heyvan vəhşi olsun, evcil olsun, fərqi yoxdur. Aclıq aclıqdır: Allah aclıq, susuzluq və xəstəliklə imtahan etməsin.

Yemək yemək mövzusunda insanların kriteriləri haqqında bir təsbit oxumuşdum, hətta diqqətimi çəkdiyi üçün altını cızmışdım. İndi onu bölüşməyin tam yeridir: Kasıblar bir yeməyə baxanda “doydurucudurmu” deyə, orta gəlirlilər “ləzzətlidirmi”, yuxarı təbəqə “göz oxşayırmı” deyə baxırmış. Bütün bunların fövqündə yeməyi həm doydurucu, həm ləzzətli, həm də göz oxşayan gözəllikdə göstərən başqa bir baxış tərzi də var: “halaldırmı” sualı.

Bu baxış bucağını piramida misalı ilə ifadə etsək, piramidanın ən altındakı geniş kütlə yeməyə doydurucu gözlə baxan və halal-harama diqqət etməyən böyük əksəriyyətdir. Piramidanın yuxarı pillələrinə doğru çıxdıqca ləzzətə, məkanın aurasına və xidmət tərzinə baxılır. Yuxarı tərəflərdə yer alan az sayda daşlar halal-haram həssasiyyətinə diqqət edən az sayda insanlardır. Yemək kriteriləri piramidasında doyduruculuq, ləzzət və aura (göz oxşayıcılıq) ölkədən ölkəyə, insanlar arasında ildən ilə, aydan aya, büdcədən büdcəyə, iqtisadi dalğalanma və borc miqdarına görə dəyişə bilər. Ayın başında maaşını alan biri aura və ləzzət güdərək xərcləmə edərkən ayın sonuna doğru doyma istiqamətində xərcləmə edər. Doymaq, ləzzət və aura üçlüyü vəziyyətə və zamana görə dəyişə bilər, amma halallıq və haramlıq ölçüsü qiyamətə qədər hər zaman sabit qalar.

İsmail Kılıçaslan deyir ki: “Sabiti olmayanın şüarı da qalmaz, əxlaqı da”. Bizim sabitimiz nədir? İnternet tarixçəmiz güzgüdür. Sabitlərimizi görmək üçün ona baxmaq kifayət edər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz