Madrid sammitinin nəticələri və gözləntilər
NATO-nun hər sammiti istər dövlətlərin xarici siyasətinin dəyərləndirilməsi, istərsə də bütövlükdə beynəlxalq münasibətlərdə proseslərin hansı istiqamətdə inkişaf etməsi baxımından həmişə diqqəti cəlb edib. Əgər keçən əsrin sonlarında SSRİ-nin dağılmasından sonra debatlar bu təşkilatın rahat şərtlər daxilində transformasiyasından (yeni üzvlərin qəbulu, Avropada yaranan böhranlara çevik müdaxilə) gedirdisə, hazırda onun öz əsas funksiyasına – kollektiv müdafiə prinsipinə qayıdışdan söhbət gedir.
NATO-nun bu ilin 28-29 iyun tarixlərində Madriddə keçirilən sammiti şiddətlə davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda baş verdi. Sammitdən öncə hansı qərarların qəbul ediləcəyi zatən bəlli idi. İstənilən halda bu tədbir, sözsüz ki, Alyansın tarixində özünəməxsus yer tutacaq.
NATO-nun 2014-cü ildən, Krımın Rusiya tərəfindən ilhaqından, eləcə də 1-ci Rusiya-Ukrayna müharibəsindən (2014-2015) bu yana RF təcavüzünə qarşı sərt siyasəti dəyişməz olaraq qalmaqdadır. Ən əsası, 21-ci əsrdə Avropada ilk total müharibənin baş verməsi hər şeydən öncə Avroatlantika məkanında yerləşən ölkələr üçün təhdid sayılmaqdadır.
Alyansın qəbul etdiyi “Avroatlantika məkanında sülh mövcud deyildir” cümləsinin olduğu yeni strateji konsepsiyada Avropa qitəsində mümkün təcavüzə qarşı qüvvələrin 300 minə qədər (!) çatdırılması bizə “soyuq müharibə” dövrünün reallıqlarını xatırladır. O zaman da Qərbi Avropada olan NATO qüvvələrinin sayı təxminən 300 min əsgərə yaxın idi. Bircə fərq hal-hazırda alyansın müdafiə arealının o zamanla müqayisədə daha geniş olmasındadır.
NATO birmənalı olaraq Ukraynanı nizamnamənin 5-ci maddəsindəki öhdəlik çərçivəsində müdafiə edə bilməsə də, bu ölkəyə gücü daxilində dəstək göstərəcəyini bildirib. Zatən məlumdur ki, hazırda NATO üzvləri olan ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və başqa Avropa ölkələri Ukraynaya hərbi dəstək göstərməkdədirlər.
Madrid sammitinin özəl cəhətlərindən biri də on illərlə neytral statusa malik İsveç və Finlandiyanın hərbi-siyasi bloka üzvlüyünün qəbul edilməsi haqda qərar oldu. Bəlli olduğu kimi, bu prosesdə digər alyansa üzv ölkələr Türkiyənin maraqlarını nəzərə almağa məcbur oldu.
NATO tarixində ilk dəfə olaraq qəbul edilən strateji sənədlərdə Çin rəqib kimi qeyd edildi. Bu isə gələcəkdə Qərb-Çin qarşıdurmasının növbəti mərhələyə keçməsindən xəbər verir. Səbəbsə Çinin Tayvanı öz ərazisi hesab etməsi, bu ərazini, lazım olarsa, hərbi yolla özünə birləşdirməsini rəsmi şəkildə bildirməsidir.
Maraqlıdır, Çin Tayvana hücum edərsə, NATO hansı mövqe tutacaq?! Ehtimal etmək olar ki, NATO birbaşa regiona hərbi müdaxilə etməsə də, 1-ci Körfəz müharibəsində olduğu kimi, ən azından, ABŞ-ın mümkün hərbi əməliyyatlarına logistik dəstək göstərə bilər.
Sözsüz ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri NATO-nun strategiyasının dəyişməsinə bu və ya digər dərəcədə təsir edəcəkdir. Hərbi ekspertlər bu müharibə ilə bağlı müxtəlif proqnozlar verməkdədir. Hərbi əməliyyatların ən azı bu ilin sonuna qədər davam edəcəyini söyləyənlər var. İstənilən halda, NATO-nun bu münaqişəyə reaksiyasına diqqət edəndə aşağıdakı amilləri görürük.
- NATO bir tərəfdən ayrı-ayrı üzv ölkələr səviyyəsində hərbi və digər sahələrdə yardım göstərməkdədir.
- Digər tərəfdənsə alyans Rusiyanın qırmızı xəttini nəzərə alır, məsələn, birbaşa əsgər kontingenti səviyyəsində Ukraynaya kömək göstərməyə cəsarət etmir.
Bu müharibə fonunda Qərbi Avropanın, xüsusilə Almaniya və İtaliyanın Rusiyadan enerji asılılığı faktorunu unutmaq olmaz.
Öncə qeyd etdiyimiz kimi, Madrid sammiti ilk növbədə Rusiya-Ukrayna müharibəsi və Rusiya-Qərb qarşıdurması fonunda baş verdiyindən, çox güman, yaxın beş il ərzində alyansın strategiyası məhz bu proseslərə uyğun dəyişəcək. Bildirmək lazımdır ki, Qərb strateqləri arasında Rusiya-NATO qarşıdurmasının hərbi fazaya keçə biləcəyini söyləyənlər az deyil. Məhz bu səbəbdən, ABŞ prezidenti R.Niksonun dövründə dövlət katibi işləmiş Heri Kissincer son zamanlar öz çıxışlarında qlobal geosiyasi toqquşmanın qarşısını almaq üçün Rusiya ilə Qərb arasında kompromislərin əldə edilməsinin vacibliyini vurğulayır. Bir sıra politoloqlar isə əksinə, Kissincerin bu mövqeyini bölüşməyərək bunu Rusiyanın beynəlxalq aləmdə aqressivliyinə aşırı yumşaq mövqe kimi dəyərləndirirlər.
Son olaraq, təəssüflə qeyd etməliyik ki, dünya yenidən “soyuq müharibə” reallıqlarına qayıtmaqdadır. Bu reallıqlar kontekstində isə NATO aparıcı aktorlardan biri olacaq.
Bu proseslərin fonunda Azərbaycanın mövqeyinə gəldikdə isə bunları deyə bilərik: Azərbaycan ənənəvi balanslı xarici siyasətinə davam edərək həm NATO, həm də Rusiya ilə münasibətlərinə davam edəcək və sözsüz ki, hər şeydən öncə bu münasibətlərin inkişaf etdirilməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları nəzərə alacaq.
ŞƏRHLƏR