İnsanın missiyası
RASİM ÖZDENÖREN (1940-2022)
23 iyul 2022-ci tarixində vəfat edən mərhum mütəfəkkir Rasim Özdenöreni rəhmətlə yad edirik.
(Yazı İpəkyolu nəşriyyatında nəşr olunmuş “Mədəniyyətimizin dahiləri” kitabından alınmışdır.)
İnsanın missiyası
Bu nə özünübəyənmişlikdir!
Deyirlər ki, mən dünyaya bir missiya üçün göndərildim. Filan, filan işləri görmək üçün göndərildim. Yaradılışımın, var olmağımın məqsədi bu missiyanı gerçəkləşdirməkdir.
Heç bir irfan sahibinin ağzından belə sözlər eşidə bilməzsiniz. Yalnız özünü bəyənən insanlar tez-tez belə sözləri dilə gətirərlər.
Hamınız bilirsiniz, Dostoyevskinin bir roman qəhrəmanı var: Raskolnikov. O da dünyaya nizam gətirmək üçün gəldiyini zənn edir. Özünü Napoleona bənzədir, daha doğrusu, bənzəməyə çalışır. Deyir ki, Napoleon yüz minlərlə insanın qanına bais olduğu zaman onu haqlı sayırlar, mən heç bit boyda da heysiyyəti olmayan bir qoca qarını öldürmüşəmsə, nə ziyanı var? Belə fikirləşir və nəticədə edəcəyi tək şey cinayət işləmək olur.
XIX əsrin avropalısının beyni “üstün insan” xülyası ilə doludur. İtaliyanın hansısa bir bölgəsindən çıxmış, Fransaya imperator olmuş, Avropanı alt-üst etmiş, az qala Moskvanı zəbt etməyə belə nail olacaq Napoleon XIX əsr Avropasında “üstün insan” xəyallarının ən başlıca ilham qaynaqlarından biri idi. Hər kəsdə Napoleon olma sevdası yaranmışdı. Bəzi mütəfəkkirlərin belə XIX əsrin ortalarına qədər aktual sensasiyasını davam etdirən Napoleondan ilham aldıqlarını söyləməklə, məncə, məsələni çox şişirtmiş sayılmarıq. Görəsən, Nitsşenin “üstün insan” fikrində Napoleondan sızan təsirlər yoxdur ki?
XX əsrdə də irqçilik əsasına söykənən bəzi siyasi görüşlər XIX əsrin “üstün insan” anlayışının fərqli bir təzahürü sayıla bilməzmi?
Bu gün bəzi beyinlərə bu üstün insan fikri altdan-altdan yeridilməkdədir. Bunların mütləq hansısa siyasi irqçilik məqsədi güdməsi şərt deyil. Bir çoxu fərdi planda üstün olduğunu fikirləşir. Bəlkə “təvazökarlıq” səbəbi ilə üstün olduqlarını açıqca dilə gətirmirlər, amma bunu dolayı yollarla hiss etdirməkdən də geri durmurlar.
Üstün insan nəzəriyyəsinin müsəlmanlara da dolayı yollarla təsiri olmuşdur. Amma İslami həyata da bulaşan bu dolayı təsirlərin nə qədər sapdırıcı bir təsirinin olduğunu görməmək mümkün deyil. Bəzi müsəlmanların hər şeyin özləri sayəsində ayaqda qaldığını, özləri olmasa, yol göstərməsə, insanların rahatca yoldan azacaqlarını düşünməsi, hətta İslamın anlaşılmasının belə təkcə öz yüksək mövqelərinin hörmətinə mümkün ola biləcəyi xüsusunda bir təəssürat meydana gətirmək istəmələri bu sapqın üstün insan motivinin izlərini daşımırmı?
Üstün insan nəzəriyyəsinin insanın nəfsaniyyətini təhrik etməkdə, ona mənliyini xatırlatmaqda, “mən də mənəm” deməsində, qısacası, formalaşmış bir təkəbbür abidəsi halına gəlməsində şeytani təsirinin olduğu şübhəsizdir. “Seçilmiş” olan özüdür, qalanları ya bitdir, ya da gənə.
Dünyaya hansısa bir missiya ilə göndərildiyinə inanan insan, beyninə yerləşdirdiyi “missiya”nı davamlı xatırlamaq üçün səy göstərərkən, çox qəribə və acınacaqlı haldır ki, mühüm bir xüsusu yaddan çıxardır: qul olduğunu.
Müsəlmanlar şeytanın qurğusu olan “üstün insan” sevdasını bir kənara ataraq, insanın bu dünyaya göndərilməsi ilə mükəlləf hala gəldiyi yeganə missiyanın qul olmaq olduğunu xatırlayıb onun tələblərini yerinə yetirməyə çalışarsa, “üstün insan” olmaq cəhdinin insan üçün nə qədər alçaldıcı bir şey olduğunu daha yaxşı başa düşərlər.[1]
Qərb düşüncəsində qayda, ona bağlı olan hərəkətin xaricində dəyərləndirilir. Başqa bir ifadə ilə, qaydalardan ibarət olan düşüncənin həyata keçirilməsi (ya da hərəkətlə əlaqələndirilməsi) qayğısı Qərb düşüncəsində vazkeçilməz deyildir. Necə ki, bütün fəlsəfə tarixi bu xüsusun əsaslı bir nümunəsi kimi göstərilə bilər. Fəlsəfə tarixində yer alan görüşlər, bəlkə də, insan beyninin üfüqlərini göstərməsi baxımından əhəmiyyət daşıya bilər. Lakin buradakı görüşlər, ümumi olaraq, təkcə qaydalarla əlaqəlidir. Burada görüşlərin teorik dəyəri ön planda yer tutur.
İslami düşüncə tərzində, adətən, görüşlərin praktikada həyata keçirilməsi məqsədi güdülmüşdür. Gerçəkləşməsi mümkünsüz olan xüsuslarda, yəni həyata keçirilmə ehtimalı olmayan xüsuslarda fərziyyələr yaratmaqdan uzaq durulmuşdur.
İslami düşüncə tərzində həyat ilə, tətbiq etməklə, praktika ilə əlaqəsini kəsmiş olan görüşlərə rast gələ bilmərik. Bütün görüşlər o və ya bu yolla müsəlmanın gündəlik həyatı ilə əlaqəlidir.
Bir hədisi-qüdsidə xristian və yəhudilər haqqında, onların etmədikləri şeyi söylədikləri, yaxud söylədikləri şeyi etmədikləri ifadə edilərək müsəlmanların belə bir hala düşməkdən çəkinmələri tövsiyə olunur. Bu əsas prinsip müsəlmanları edə bilməyəcəkləri şeyi söyləməkdən və ya söylənən şeyin həyata keçirilə bilməyəcək mahiyyət daşımasından qorumuşdur.
Müsəlmanlar söylədikləri ilə hərəkətlərinin üst-üstə düşməsinə əhəmiyyət verirlər. Qərblilərin isə söylədikləri ilə hərəkətlərinin üst-üstə düşməməsinin onları narahat etmədiyini iddia edə bilərik. Bu yanaşma fərqini hər iki mədəniyyətə mənsub insanların gündəlik həyatlarında müşahidə etmək çətin deyil.[2]
[1]Rasim Özdenören, Müslümanca Yaşamak, İstanbul 1994, s. 86-88.
[2] Rasim Özdenören, Müslümanca Düşünme Üzerine Denemeler, İstanbul 2008, s. 77-79.
ŞƏRHLƏR