Haram aylar
Cahiliyyə dövrü ərəbləri (İslamdan əvvəl) qəməri aylara görə hesab etdikləri ilin on iki ayını iki hissəyə bölmüşdülər. Səfər, rəbiüləvvəl, rəbiülaxir, cəmaziyələvvəl, cəmaziyəlaxir, şaban, ramazan və şəvvaldan meydana gələn səkkiz ayı “əşhurun itiyadiyyə” (sərbəst aylar), zülqadə, zülhiccə, məhərrəm və rəcəb aylarını isə “əşhurul-hurum” (haram aylar) adlandırırdılar. Bu haram aylardan məhərrəm ayı birinci, rəcəb yeddinci, zülqadə on birinci, zülhiccə isə on ikinci aydır. Onu da qeyd edim ki, miladi təqvimdə olduğu kimi, hicri-qəməri təqvimə əsasən də ayların sayı on ikidir.
Uca Allah belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!” Bu ayədə işarə edilən haram aylar zülqadə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.
Ayədə bildirilən bu dörd ayın haram adlandırılması bu aylarda savaşın qadağan olunması, edilən savab və ya günahlara başqa vaxtlarla müqayisədə daha çox mükafat və cəza verilməsi səbəbi ilədir.
Cahiliyyə ərəbləri bunu Hz. İbrahimin və İsmayılın şəriətindən gələn adət-ənənə kimi qismən davam etdirir, bu aylar yetişdiyi zaman onların müqəddəsliyini qorumaq üşün hər cür savaş, döyüş, qan davası kimi işlərdən çəkinərdilər. Hətta bir şəxs öz atasının və ya qardaşının qatilinə rast gələrsə, ona ağır bir söz belə deməzdi. Qoyulan bu qanunlar öz dolanışığını karvanlardan xərac alaraq davam etdirən, su və otlaq ərazisi üçün bir-biri ilə savaşan bədəvi dediyimiz çöl ərəbləri üçün də keçərli idi. Bəzi ərəb qəbilələri bu ayların sayını səkkizə çıxartdığı halda, bəzi qəbilələr isə ümumiyyətlə haram ay qadağasını qəbul etmirdilər. Bu aylarda baş verən savaş və qan davasına ficar hərbi (günaha yol verilmiş döyüş) deyirdilər. Belə bir savaşa Allah Rəsulu (s.ə.s) da kiçikliyində şahid olmuşdu.
Təfsir və tarix kitablarına nəzər saldığımız zaman, həqiqətən də, haram aylarla əlaqəli hökmlərin həcc ibadəti ilə birlikdə Hz. İbrahimin (ə.s) zamanında təyin olunduğunu görürük. Bu sayədə insanlar bu aylarda həcc və ümrə ziyarətlərini daha rahat, sərbəst və əmniyyət içərisində yerinə yetirərdilər. Eyni zamanda Kəbə evinin ziyarətindən maddi mənada faydalanan Məkkənin liderləri də daha rahat qazanc əldə edirdilər. (Buna görə bu ənənə uzun müddət davam etdirilmişdir.)
Haram aylarla əlaqəli hökmlər Hz. İbrahim (ə.s) tərəfindən təyin olunsa da, zamanla təməl məqsədindən uzaqlaşdırılmış, ancaq İslamiyyətin gəlməsi ilə yenidən əslinə qovuşmuşdur.
Allah Rəsulu (s.ə.s) bu aylara hörmətlə yanaşmış, hər-hansı bir hücuma məruz qalmadıqca haram aylarda döyüşməmiş, bir səfərə çıxdıqdan sonra haram ay girərsə, bu ayın keçməsini gözləmişdir. (Əhməd ibn Hənbəl, Müsnəd, III, 334, 345)
Tarixçilər Allah Rəsulunun (s.ə.s) bu aylarda baş verən bəzi savaşlarının əsasən müşriklərin hücum və təhdidlərinin qarşısını almaq məqsədi ilə və əvvəlcədən başlamış bir döyüşün davamı mahiyyətində olduğunu bildirmişdir.
Məhərrəm ayı müsəlmanların ilk ayıdır. Hicri-qəməri təqvimə görə bizim ilimiz bu ayda yenilənir. Bu ayın təqvimin ilk ayı olması Hz. Ömərin (r.a) xəlifəliyi dövründə təyin olunmuşdur. Xəlifə Ömər (r.a) xilafətə gəldikdən sonra elmi şura təyin etmiş, bu şuranın rəhbərliyini Hz. Əliyə həvalə etmişdi. Məhərrəm ayının təqvimin ilk ayı olması fikri Hz. Əlinin (r.a) təşəbbüsü ilə keçirilən bu elmi şurada qərara alınmışdır. Məhərrəm ayı: adından da məlum olduğu kimi, haram olunmuş ay deməkdir. Digər haram aylarda olduğu kimi, bu ayda da pis işlərdən, dava-dalaşdan uzaq durmaq və savab işlərə yönəlmək tövsiyə olunmuşdur. Bir hədisində Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur”. (Müslim, Siyam, 202) Hədisdə bu ayın Allahın ayı adlandırılması Məhərrəm ayının müqəddəsliyini daha güclü bir ifadə ilə dilə gətirmək üçündür.
Təbii ki, hər bir ay, gün, saat Allahındır. Amma Uca Allah bəzi zamanları bir-birindən daha fəzilətli yaratmışdır; ramazanı digər aylara, cümə gününü də digər günlərə nəzərən üstün yaratdığı kimi. Nəticə olaraq, müəyyən vaxtlara olan ehtiramımız, sevgi və diqqətimiz Allahın və Rəsulunun onlar haqqında tövsiyələri əsasında formalaşır.
ŞƏRHLƏR