El ağsaqqalı Abdurrahman baba: - MÜSAHİBƏ

El ağsaqqalı Abdurrahman baba: MÜSAHİBƏ

El ağsaqqalı Abdurrahman baba:

“Həyat bir nəfəsdir, aldığın qədər”.

 İrfan: Abdurrahman baba, xoş gördük sizi. Zəhmət olmasa, özünüzü oxucuya təqdim edərdiniz.

Abdurrahman Məmmədov: Mən 1950-ci ildə elə bu kənddə - İsmayıllı rayonunun Kürdeldarbəyli kəndində anadan olmuşam. Sovet dövründə uzun illər sürücü işləmişəm. Pribaltika xaric, bütün MDB ölkələrində olmuşam. Atam, babam namaz qılan olublar. Babalarımız iki-üç əsr əvvəl Bəsrədən bura köçüblər. Uşaqlıqdan etibarən dinə güclü marağım olub. 2002-ci ildə isə həccə getmək qismət oldu. Əlimdən gəldiyi qədər bu yola xidmət etməyə çalışıram.

- Baba, dinə dırnaqarası baxılan bir rejimdə namazlarınızı necə qılırdınız?

- Düzdü, o vaxt namaz qılmaq asan deyildi. Münasib yer tapan kimi maşını saxlayıb yük yerində namazlarımı qılırdım. Yola çıxanda çalışırdım ki, dəstəmazlı olum. Allah buyurubsa, hökmünə tabe olmalıyıq. Harama əl uzatmadan işimizi də yerinə yetirməliyik, ibadətimizi də etməliyik. Ən çox qaçdığım şey rüşvət olub. Sənədlərə qol çəkmək üçün bəzən əlavə xərc tələb edirdilər, deyirdim ki, xeyr, Allah rüşvəti qadağan edib. Rüşvət alan da, verən də eyni dərəcədə günah sahibidir. Bir rüşvətə görə etdiyim ibadəti hədər edə bilməzdim axı. Buna çox diqqət edirdim.

Allah-Təala buyurur ki, insanları və cinləri mənə ibadət etmələri üçün yaratdım. Biz də əgər iman etmişiksə, bu fərq həyatımızda hiss olunmalıdır. Hər kəs Quranı ərəbcə oxumaya bilər, amma heç olmasa İslamın, imanın şərtlərini bilməlidir. Bir adam oruc tutmasa da, o ayda nə edildiyini, nələrə hörmət etməli olduğunu bilməlidir. Bu özü də imandandır, Allahı sevməyin əlamətidir.

- İnsanları haqqa çağırmaq, Allaha çağırmaq üçün nə məsləhət görürsünüz, necə davranmalıyıq?

- Allah-Təala qəlbləri islah eləsin. Allah qəlbi nəfsə möhtac eləməsin. Bir şəxsin qəlbi Allahla olarsa, o heç vaxt nəfsi üstün tutmaz, hər daim Allahdan qorxar. Hərdən gəlib məsləhət istəyənlər olur, dua istəyənlər olur, deyir mən nə etməliyəm. Övladı olanlara deyirəm ki, imkanınız varsa, Allah yolunda qurban kəsin. Qonum-qonşuya paylayın. Bir də ki, uşağa gərək münasib ad qoyasan. Uşağa mənasını bilmədiyimiz, bizə yad olan ad qoymaq doğru deyil. Allahın Peyğəmbəri buyurur ki, elə isimlər qoyun ki, sonra utanmayasınız, o uşaq da utanmasın.

- Sizə görə vəfa nədir?

- İnsan gərək həm dostlarına qarşı, həm də Rəbbinə qarşı vəfalı olsun. Allah-Təala sözündə durmayanları, münafiqləri sevmir. Vədini pozanı, haqqı dananı sevmir. Eynilə vəfa da bunların içindədir. İnsan sövdələşmə etdikdən sonra haqqı danarsa, Allah da onu danar. Bir şəxs bir şəxsə söz verərsə ki, sənin üçün bu işi görəcəyəm, sonra yalançı çıxarsa, Allah bunu sevməz. Məsələn, söz vermisiniz ki, filan saatda filan yerdə olacağam, bu da belədir. Düzdür, Allahın Peyğəmbəri buyurur ki, hər işdə bir xeyir var. Gözləyən adam bunu düşünərək təsəlli tapar. Amma sözündə durmayan adam itirər. Hər halda insan gərək Rəbbi ilə dost olsun. Müsəlman müsəlmana, qardaş qardaşa, ər arvada, arvad ərə vəfalı olmalıdır.

- Uşaqların, gənc nəsillərin tərbiyəsi üçün ata-analar nə etməlidir?

  - Uşaqları tamamilə öz istəklərinə görə buraxanda, uşaqlar səni anlaya bilmir, ancaq öz istədiyini anlayır. Birincisi, gərək valideyn hər daim ailə içində söz quruluşuna fikir versin. Təkcə uşağa dediyi sözdə yox, həyat yoldaşı ilə danışığında da nə dediyinə diqqət etsin. Uşaq təmiz bir dəftər kimidir, ağ vərəqdir. Acıqlananda belə, hər sözü uşaqların yanında demək düzgün deyil. Sonra deyərsən, təklikdə deyərsən. Uşaq hələ danışa biləcək yaşda olmasa belə, hər şeyi başa düşür, təsirlənir. Uşaqlar həssas olur. Uşağı aldatmaq olmur. Gələcəkdə elm adamı olsa da, üç yaşında gördüklərinə, eşitdiklərinə görə davranar. Ailə içində məhrəmiyyətə diqqət etmək lazımdır; istək də örtülü olmalıdır, yaşam da örtülü olmalıdır, əxlaqı qorumaq lazımdır. Geyim əxlaqın göstəricisi olduğu kimi, danışıq tərzi də uşaqların tərbiyəsinin əsas bünövrəsidir. Valideyn kobud, əxlaqsız hərəkətlərə yol verməməlidir. Haram qidanın da burada böyük təsiri var. Valideynsən deyə hər istədiyni danışmaq, hər istədiyini etmək olmaz.

- Bəs dua haqqında nə deyərdiniz?

- Dua edəndə yalnız Yaradandan istəmək lazımdır. Müəyyən mənada vəsilə etmək olar – hansısa şeyxi, Allah dostunu. Amma istəyəcəyimiz yer Allahdır. O zaman ya Allah işini düzəldər, yaxud ürəyinə xeyirli bir yol salar. Hər kim səmimi-qəlbdən Allaha yaxınlaşsa, Allah onu qəbul edər. Allah hamıya eyni məsafədədir. Rəbbimiz buyurur ki, qulum bir addım mənə tərəf gəlsə, doqquz addım da Mən yaxınlaşaram. Əgər sənin qəlbin Allahladırsa, o da səninlədir. Allahdan xeyirlisini istəmək lazımdır, hansı xeyirlidirsə, onu versin.

- Həyatın mənasını nədə görürsünüz?

- Allahı görmək ancaq daxilən – qəlb ilə mümkündür, başqa cür onu görə bilməzsən. İman gətirənlər çoxdur, amma imanı daşıyanlar az. İnsanın imanı daxilən güclü olduqca həyatı anlayır. Həyat ona çox şeylər öyrədir, dərs verir. Yoxsa ki, həyatı anlamadan yaşamağın nə mənası var?! Nə qədər yaşasaq da, bir gün öləcəyik. Allahın sevmədiyini sevə bilmərik. Mən hər halıma görə Allaha şükür edirəm. Bütün əziyyətlər Allahın imtahanıdır. Əziyyət çəkməyən insan imanın fəzilətini anlaya bilməz. Qul nəyə qadirdir? Bunu dərk etsə, bütün varlığı ilə Haqqa yönəlməyi ancaq o zaman anlaya bilər. Nə qədər ki imkanımız var, Haqqa yönəlməliyik. Ayədə “Allahın ipinə möhkəm yapışın” buyurulur. Allahın ipi nədir? Qəlbin Allahla olsun, sənin ipin odur. İstəklər, dualar, ibadətlər, hamısı Allaha aiddir. İman gətirən çoxdur, daşıyan az. Nə qədər ki ömür var, imanın qayəsi budur. Hər bir çətinlik imanın imtahanıdır. Şeytan ən son məqama kimi əl çəkmir. “Dünənə kimi bunu etmisən, bu gün etmə”, - deyər. İman sahibləri isə deyər ki: “Ya Rəbbi, məni Səndən başqasına möhtac eləmə!”. Şeytan həmişə Allahla iddiada olub ki, ən yaxın olan qulu səndən ayıracağam. Əyyub peyğəmbərə baxın, on bir övladını bir dəfəyə itirdi. Bina dağıldı, başqalarına heç nə olmadı, təkcə onun övladları öldü. Şeytan gəldi ki, bax sən bizi ibadətə dəvət edirsən, amma Allah sənin övladlarını əlindən aldı. Əyyub peyğəmbər əstağfirullah edib Allaha səcdə etdi.

İnsan Allaha qarşı vəfalı olmalıdır. Vəfa qəlbən olmalıdır, göstəriş üçün deyil. Hələ vaxtımız çatmayıb deyənlər var. Amma biz bilmirik ki, kimin əcəli nə vaxt gələr. Bəlkə axşam yatıb səhər qalxmayacağıq?! İnsan bir nəfəsə möhtacdır. Belə deyirlər: “Həyat bir nəfəsdir, aldığın qədər; həyat bir qəfəsdir, qaldığın qədər; həyat bir həvəsdir, daddığın qədər”. Odur ki, hər nəfəsimizi fürsət bilib Haqqa yönəlməyə səy göstərməliyik. Belə etsək, həyatımız mənalı olar, dəyər qazanar.

- Təşəkkür edirik, baba, Allah razı olsun!

- Mən də təşəkkür edirəm. Allah qəlbinizi İslamdan ayırmasın.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz