Qəhrəman idealımız kimdir?

Qəhrəman idealımız kimdir?

Hər bir millətin onu qoruyan, daim ayaqda tutan, ruhlandıran qəhrəmanlara və onun fonunda qəhrəman idealına ehtiyacı var. Tarixin başlanğıcından bu yana hər dövrə uyğun olaraq qəhrəman obrazı formalaşdırılıb, onların qəhrəmanlıqlarına nağıllar, əfsanələr, dastanlar qoşulub, şeirlər yazılıb. XVIII əsrə kimi insanların çox az bir qismi yaşadıqları yerlərdən uzaqlarda baş verən hadisələrdən xəbərdar olurdular, uzaq yerlərin tarixini, şeirlərini, hekayələrini bilirdilər. Babalar öz silah yoldaşlarının cəsurluqlarını və ya dədələrindən eşitdiklərini nəvələrinə danışırdılar. Nəticə etibarilə uşaqlar eşitdiklərinin real olduğunu düşünürdü. Millət də öz xalqına, etnosuna bağlı idi, öz qəhrəman obrazına inanırdı, ona arxalanırdı, dara düşəndə ona səslənirdi, balaca uşaqlar həmin igid ərənlər kimi olmağı arzulayırdılar.

1920-ci ildə Azərbaycan cümhuriyyəti süquta uğradıldıqdan sonra qurulan SSRİ təbliğat aparatı kimi kinonu seçdi. Beləliklə, Asiyadan Avropayadək hökmranlıq etdiyi ərazilərdə hər kəsə vahid ideya və şəxsə pərəstişi aşıladı. Doğrudur, Dədə Qorqud, Babək, Koroğlu, Qaçaq Nəbi və milli ab-havanı sezdirən bir sıra filmlər də çəkildi, amma rejim bu filmlərin fonunda başqa məqsədlər güdürdü, yəni obrazları fərqli təqdim edib xalqın keçmişini, mənəvi dünyasını silməyə, dağıdıb yox etməyə çalışırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hadisələrin müsbət mənada dəyişməsi üçün şərait yarandı. Azərbaycanın müstəqilliyi məşəqqətli prosesdən keçmişdi. Azadlıq hərəkatı, 20 Yanvar faciəsi və Qarabağ müharibəsi ilə həqiqi qəhrəmana sevgi və rəğbət hissi yenidən dirçəldi. Onlar azadlıq uğrunda mübarizə apararaq, həbsxanalarda bədənlərinin yarısını qoyaraq, canlarını tankların qarşısına sipər çəkərək, Qarabağın dağ və qayalıqlarında erməni quldurlarına qarşı döyüşərək həqiqi qəhrəmanlıq zirvəsinin haqqını verənlər idi. Ancaq təəssüflər olsun ki, ilk illərdə biz bunu bacarmadıq.

90-lardan sonra üzümüz Qərbə, Qərbin də yolu bizə doğru açıldı. Sovet təbliğatı bitən kimi xüsusən Hollivud filmləri vasitəsi ilə Qərbin təbliğatı başladı. Beləliklə, Van Dammı, Arnold Şvartsneqri, Silvestr Stalloneni, Rembonu güc mərkəzimizə yerləşdirdik. Doğrudur, adlarını qeyd etdiklərimiz film obrazlarıdır, fəqət nəinki uşaqlarımız, hətta yeniyetmələr, gənclərimiz belə onların real tarixi qəhrəmanlar olduğunu düşündülər. Son illərdə xəyali obrazlar - “Spider-Man”, “Batman” demək olar ki, bütün uşaqları özünə cəlb etdi. Çoxumuz həmin filmlərə baxmışıq, onlara bənzəməyə çalışmışıq, şəkillərini yığıb saxlamışıq, məktəb çantalarımızı, dəftərlərimizı onların şəkilləri ilə bəzənmişlər içərisindən seçmişik. Təəssüflər olsun ki, buna hələ də davam edirik.

 2010-cu ildə qəhrəmancasına şəhid olan Mübariz İbrahimov bizə yeni bir şans verdi. Haqqında kitablar yazıldı, qısa filmlər çəkildi, bir sıra işlər görüldü, amma istədiyimiz kimi Mibariz İbrahimov obrazı yaradıla bilmədi.

10 il sonra isə Vətən müharibəsi bizə işğal altında olan torpaqlarımızı qaytardı. Təbii ki, qəhrəman ordumuzun, cəsur əsgərlər və şəhidlərimizin, qazilərimizin sayəsində. Vətən müharibəsi yeni nəslin gözü qarşısında baş verdi. Döyüşənlər öz yaxınlarımız, qohumlarımız, dostlarımız, qonşularımız, biz sözlə, tanıdıqlarımız idi. Yüzlərlə qəhrəmanlıq hekayəsi yazıldı. Fəqət, qəribədir ki, bu sınaqdan da üzüağ çıxa bilməmişik, hələ ki. Acıdır, deyilmi?!..

Film və reklam sektoru inkişaf etdikcə yeni xəyali obrazlar yaranmağa davam edəcək. Problem Qərbin öz qərhəmanını təbliğ etməsi deyil, bizim onlara məxsus obrazı mənimsəməyimizdir. Qəhrəmanlar genetik koda malik olmalıdırlar; bizim qəhrəmanlığımız genetikasında torpaq, ana vətən ideologiyasını daşıyır. Bizim qəhrəmanlarımız real tarixi şəxslərdir, canlarını bizlər üçün fəda edənlərdir.

Övladlarımıza məhz öz qəhrəmanlarımızın hekayələrini danışmalı, onlara həmin qəhrəmanlardan bəhs edən kitablar almalı, kiçik kitabxanalar yaratmalı, məktəb ləvazimatları alarkən üzərində yadların yox, öz milli qəhrəmanlarımızın fotolarının olduğu malları almalıyıq. Uşaqlarımız üçün kitab seçərkən də buna diqqət etməliyik. Əgər üzərində ciddi şəkildə durularsa, yaxşı nəticələr verəcəkdir. Məsələn, usaqkitabi.az saytı tərəfindən səsləndirilən Qaçaq Kərəm dastanı Youtube platformasında min izləmədən on səkkiz min izləməyədək qalxıb. Səbəbini axtardıqda görürük ki, Qaçaq Kərəm və Qaçaq Nəbi dastanları yay tapşırığı kimi verilib. Və yaxud  Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) və Gəncliyə Yardım Fondunun (GYF) “Hər Uşaq Bir Çinardır!” layihəsi çərçivəsində hazırlanan 11 adda “Rəhbər elm adamları” uşaq kitabı seriyasının təqdimatları zamanı gördük ki, Səlcuq Bayraqdarın adı gələndə uşaqların üzündə təbəssüm yaranır. Bu, onu tanıdıqlarını, sevdiklərini göstərir. Demək olar ki, ən çox oxuduqları kitab məhz Səlcuq Bayraqdardır. Azərbaycanda keçirilən Texnofestdə də bu sevginin şahidi olduq. Bəli, Səlcuq Bayraqdar bizim qəhrəman idellarımızdan biridir. Mübariz İbrahimov kimi, Polad Həşimov kimi, Xüdayar Yusifzadə və onlarla qəhrəmanlarımız kimi... Səlcuq Bayraqdar nümunəsində olduğu kimi biz igidlərimizi bütün yollardan istifadə edərək qəhrəman idealına çevirib, əbədi şəkildə qəhrəman obrazını simvollaşdıra bilərik. Bunun üçün oxumaq və oxutmaq, tanımaq və tanıtmaq, sevmək və sevdirmək lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz