Hekayələr
Allah bizimlədir!
Hər il balaca oğlanın valideynləri onu yay tətili üçün nənəsinin evinə aparırdılar və iki həftədən sonra eyni qatarla evlərinə qayıdırdılar.
Bir gün oğlan valideynlərinə deyir:
“Artıq böyümüşəm, nə olar, bu il nənəgilə tək gedim”.
Qısa bir müzakirədən sonra valideynlər razılaşırlar.
Qatar stansiyasında dayanıb oğulları ilə sağollaşarkən ona xeyli məsləhətlər verirlər və oğlan təkrar cavab verir: “Bilirəm, bunu mənə çox demisiniz!”
Qatar yola düşmək üzrə ikən ata pıçıldayır: “Oğlum, birdən özünü pis hiss etsən və ya qorxsan, bu sənin üçündür!” Və cibinə bir zərf qoyur.
Balaca oğlan ilk dəfə valideynləri olmadan qatarda tək oturur. Pəncərədən mənzərələrə baxır. Ətrafında yad adamlar tələsir, səs-küy salır, kupeyə girib çıxır... Oğlan artıq tənhalığı hiss edir. Hətta bir nəfər ona kədərli bir baxışla baxır. Bundan sonra oğlan özünü daha çox narahat hiss edir. Qorxmağa başlayır. Başını aşağı salır, oturacağın bir küncünə qısılır, gözlərindən yaş axır. Bu zaman atasının cibinə bir zərf qoyduğunu xatırlayır. Titrəyən əli ilə zərfi açır, içindəki kağızı çıxardıb oxumağa başlayır.
Ata yazmışdı:
“Oğlum, narahat olma, mən növbəti kupedəyəm”.
Həyat da belədir. Allah bizi bu dünyaya təkbaşımıza göndərərkən bir məktub da vermişdir:
“Kədərlənmə, Allah bizimlədir”. ( Tövbə surəsi, 40)
Təlaşlanmayın, depressiyaya düşməyin, bu yalnız fiziki və zehni sağlamlığınıza təsir edəcək. Ona etibar edin, Ona inanın, Allahımız hər zaman, hər yerdə bizimlədir, bütün səyahətimiz boyunca.
Kimin hüzurunda durduğunu unutma!
Mərkəzi məscidin imamı gecə namazının fərzini qıldırdıqdan sonra geri çevrilərək camaatdan soruşur:
- Görəsən, namazı üç rükət, yoxsa dörd rükət qıldıq?
Camaatdan fərqli cavablar gəlir. Mübahisə və müzakirələr davam edərkən, camaatın arasından məscidin yaxınlığında ticarətlə məşğul olan tacir Əhməd əfəndi məsələyə son nöqtəni qoyur:
- Dəqiq deyirəm; üç rükət qıldıq! Bundan əmin ola bilərsiniz.
Camaat necə bu qədər əmin olduğunu soruşduqda tacir Əhməd bu cavabı verir:
- Çünki hər gün bu namazın fərzini qılanda dükanımın hesabını tamamlaya bilirdim, lakin bu gün hesabım yarımçıq qaldı. Bu da namazın əskik qılındığının isbatıdır!
“Namazda kimin hüzurunda durduğunu unutmaq insanı dünyalıqla məşğul edər”.
Başqalarını düşün
İki qardaş atalarından qalan torpaqda taxıl əkməyə davam edirdilər. Qardaşlardan biri evli idi, böyük ailəsi vardı, o biri qardaş isə subay idi. Onlar hər gün axşama qədər əkində işləyir, yığdıqları taxılı yarı bölürdülər. Bir gün subay qardaş öz-özünə: “Qardaşımla taxılı yarı bölürük, halbuki mən təkəm, elə də çox ehtiyacım yoxdur”, - deyə düşünür və beləliklə, hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə evli qardaşının anbarına aparmağa başlayır. Bu vaxt evli qardaş da: “Qardaşımla taxılı yarı bölürük. Halbuki mən evliyəm; qocalanda ailəm mənə baxa bilər, onun isə heç kimi yoxdur”, - deyə düşünür və beləliklə, o da hər gecə anbarından bir çuval taxıl götürüb gizlicə subay qardaşının anbarına aparmağa başlayır. Bu vəziyyət bir neçə il bu cür davam edir. Ancaq anbarlarından taxıl azalmır ki, azalmır. Və bu, qardaşları çox düşündürür. Bir gecə iki qardaş yenə bir-birilərinin anbarına gizlicə taxıl aparanda yolda qarşılaşırlar. Artıq hər şey üzə çıxır. Odur ki, çuvallarını yerə qoyub bir-birinə sarılırlar.
“Həyatda ən böyük xoşbəxtlik başqalarını düşünmək və onlara yaxşılıq etməkdir”.
Küləklə yarpağın dostluğu
Küləklə yarpaq dost olur. Külək yarpağa deyir:
- Dostum, hara getmək istədiyini söylə, səni oraya sovurum.
Yarpaq çox düşünsə də, ağlına heç nə gəlmir.
Külək təkrar soruşur:
- Haydı, getmək istədiyin yeri söylə, səni oraya sovurum.
Yarpaq təkrar düşünsə də, ağlına heç nə gəlmir.
- Bilmirəm, sən söylə! – deyir küləyə.
Külək:
- Gedəcəyin yeri bilmədikdən sonra küləklə dost olsan, nəyə yarayar?.. Sovrulub gedərsən, - deyir və öz bildiyi kimi əsməyə davam edir. Yarpaq yenə sovruldu. Üstəlik bu dəfə onu sovuran dostu idi.
“İnsan bu dünyada nə istədiyini bilməlidir. Bilmədiyi zaman yarpaq kimi oradan-oraya sovrulub gedər”.
ŞƏRHLƏR