Ağdam təəssüratları
Bu hisslərin bənzərini ilk dəfə Aprel döyüşlərində işğaldan azad olunan Cocuq Mərcanlıya gedərkən yaşamışdım. Həmin səfərdə Sabirabaddan keçərkən bu yerlər mənə başqa cür təsir bağışlamışdı. Elə hiss etmişdim ki, sanki buralar hər zaman keçdiyim Sabirabad, Saatlı yox, elə Qarabağ ərazisidir.
Bu dəfə yolumuz öz doğma yurdum Ağdamaydı. Qəribədir, bundan əvvəlki illərdə, demək olar ki, hər il neçə dəfə Ağdamın müvəqqəti mərkəzi sayılan Quzanlı qəsəbəsinə, onun ətrafında yerləşən Ağdamın digər kəndlərinə gedirdim. Amma yol boyu keçdiyim heç bir rayonun, heç bir kəndin məni Qarabağa aparan yollar olduğunu düşünməmişdim. İndi isə nəinki keçəcəyim rayon və kəndlərin məni doğma yurduma aparan yollar olduğunu düşündüm, avtovağzaldan avtobus hərəkət etdiyi anda özümü Ağdamda hiss etdim. Elə bil hərəkət etdiyimiz avtovağzal Bakı deyildi, elə bil hər gün işə gedərkən keçdiyim Sədərək-Binə yolu həmin yollar deyildi, elə bil Ağdamın inzibati ərazisi avtobusumuzun hərəkət etdiyi yerə gəlib dayanmışdı. Mən artıq Ağdama çatmadan Ağdamda idim.
Saat on bir radələri olardı. Artıq Ağdamın işğaldan azad olunan ilk kəndi - Sarıcalı kəndinə girməkdəyik. Kəndin girəcəyində məşhur “Ohanyan səddi”nin şahidi oluruq. Aman Allah, əsgərlərimiz bu sədləri necə keçmişlər?!.. Belə müdafiə istehkam xəttini keçə bilmək, demək olar, imkansız görünür. Uzun və qısamüddətli atəş mövqelərindən, tank əleyhinə xəndəklərdən, tel-məftil sədlərindən, qarışıq mina sahələrindən (həm piyada, həm tank əleyhinə) və komanda məntəqələrindən ibarət olan bu səddi keçə bilmək həqiqətən böyük məharət, şücaət və yüksək peşəkarlıq tələb edir. Bu məqamda bir daha şəhidlərimizi minnətlə yad edir, qazilərimizə şəfa diləyərək kəndə giririk.
Sarıcalı mənim üçün çox doğmadır; bura 10 yaşına kimi yaşadığım nənəmgilin kəndidir. İkinci sinfə kimi oxuduğum məktəb də bu yolun üzərində yerləşir. Məktəbi elə hala salıblar ki, çoxları onun həmin məktəb olduğunu bilməyib. Çünki məktəbin divarları tamamilə sökülmüşdü. Sadəcə bizim sinif otağımızın qapısından tanıya bilmişdim, bu binanın bizim məktəb binası olduğunu. Axı bu məktəb əvvəllər məscid olub; elə bizim oxuduğumuz sinfin qapısı da məscidin giriş qapısı idi. Ona görə bu qapı düzbucaqlı formada yox, məscid memarisinə xas üslubda tikilmişdi. Sinif otağımızı məhz buna görə tanımışdım.
Nənəmgilin evi keçdiyimiz yoldan görünə biləcək yerdə olsa da, onu görə bilmədim. Sonradan öyrəndim ki, uşaqlıq illərimin keçdiyi o evi düşmən yerli-dibli söküb aparıbmış.
Nənəmgilin evinin arxası qoz, alma, armud, alça və s. meyvələrdən ibarət böyük meşə zolağı idi. Ancaq nəinki həmin meşədən bir əsər-əlamət qalıb, heç bir dənə də olsun ağac qoymamışdılar.
Nəhayət, Ağdama çatırıq. İlk öncə “Qarabağ”ın oyunlarını seyr etdiyimiz meydançanın yerləşdiyi “İmarət”ə daxil oluruq. Buralar da erməni vandalları tərəfindən dağıdılmışdı. Hətta Xurşidbanu Natəvanın qəbrinin Ermənistana aparıldığını deyən bələdçimizi heyrət içərisində dinləyirik. Ermənilərin sadəcə Natəvanın qəbrini deyil, eyni zamanda Ağdamın şəhidlər xiyabanında dəfn olunan şəhidlərimizin də qəbirlərini sökdüklərinə şahid oluruq...
Bu arada İmarətlə bizim evin arası iki km-dən az olsa da, marşrutumuz oradan keçmədiyi üçün evimizi, uşaqlıq illərimin keçdiyi kəndimizi görə bilməməyin üzüntüsünü yaşamaqla bərabər, məscidin minarəsinə çıxıb düşməndən azad olan kəndimizə boylanmağım belə mənə bəs etmişdi. Ağdam Cümə məscidini ziyarət etdikdən sonra Şahbulaq qalasına getdik.
Ağdamı aypara formasında əhatə edən dağlara baxdıqda Ağdamın illərlə düşmən qarşısında necə dayandığına bir daha heyrət etdim. Çünki ətrafında yerləşən dağların bütün yüksəkliklərində düşmən mövqeləri dururdu. Bu illər boyunca nəinki ermənilər durduğu yerdən bir qarış aşağı enə bilmiş, hətta Ağdam dəfələrlə düşmənin mövqelərini ələ keçirmiş, ürəklərinə qorxu salmışdı. Və ən önəmlisi, bu qədər əlverişsiz mövqedə olmasına baxmayaraq, uzun illər düşmənin qarşısını mərdliklə ala bildiyi üçün Azərbaycanın digər şəhər və kəndlərini işğaldan qorumuşdu.
Məndən öncə gedib gələnlər Ağdamın xaraba halını gördükləri üçün peşmançılıq yaşadıqlarını deyirdilər. Bəli, həqiqətən, Ağdam tam bir xarabalığı xatırladırdı. Məsciddən başqa bir dənə də olsun tikili salamat deyildi. Bütün binalar, evlər, yollar dağıdılmışdı. Amma mən bunlara baxmırdım; Ağdamın çiçəklənən günlərinə baxırdım. Əsas olan torpaqdır, onun üstündəkilər deyil, əsas olan durduğun yerin doğma yurdun olduğunun fərqində olmaqdır, əsas olan durduğun yerdən görünən mənzərələrin dəyişməz olaraq qalmasıdır. Onun üstündə olub, hal-hazırda olmayanların əvəzinə isə daha yaxşıları olacaq.
Şair nə gözəl deyir: “Dəfinəyə malik viranələr var”. Bəli, bu gün viranə kimi görünən bu yerlər gələcəyin mədəniyyət mərkəzlərindən olacaq.
Ağdam mənim üçün qazi şəhərdir və mən bu “Qazi şəhər”in hələ də əzəmətini saxlayan duruşunu fəxrlə izlədim. Əlhəmdülillah!..
ŞƏRHLƏR