Aşurə

Aşurə

Aşurə günü hicri-qəməri təqvimə görə məhərrəm ayının onuncu günüdür. Aşurə ərəb dilində “on” sayını bildirən “aşəra” kəlməsindən gəlir. Aşurə günü, demək olar ki, Hz. Nuhdan (ə.s) etibarən bütün Sami dinlərdə mövcud olan və cahiliyyə ərəbləri arasında da Hz. İbrahimdən (ə.s) bəri əhəmiyyətli görülən bir gündür. Bu görüş Hz. Aişə (r.anhə) ilə Abdullah ibn Ömərin (r.a) nəqlinə əsaslanır. Hz. Aişə anamızın (r.anhə) bu mövzudakı nəqli belədir: “Aşurə Qureyşin cahiliyyə dövründə oruc tutduğu bir gün idi. Rəsulullah da buna riayət edirdi. Mədinəyə hicrət etdikdən sonra bu oruca davam etdi və başqalarına da əmr etdi. Lakin ramazan orucu fərz qılınınca, aşurə günündə oruc tutmağı buraxdı. Bundan sonra müsəlmanlardan istəyən bu gündə oruc tutmuş, istəyən tutmamışdır”. (Buxari, Savm, 69, Müsnəd, VI, 29-30) Ümumiyyətlə, Allah Rəsulunun (s.ə.s) peyğəmbərlikdən əvvəl və sonrakı dövrdə bir müddət həmin gün oruc tutduğuna dair nəqllər mövcuddur. Mədinə dövründə bu orucu müsəlmanlara tövsiyə etdiyini də hədisi-şəriflərdən öyrənirik (Buxari, Savm, 69; Müslim, Siyam, 134; Tirmizi, Savm, 50; Müsnəd, VI, 29-30). Bu oruca “aşurə orucu” deyilir.

Həm məhərrəm ayının, həm də aşurə gününün fəziləti və əhəmiyyəti haqqında bir çox hədisi-şəriflər mövcuddur. Həmin gün oruc tutmaq, sədəqə vermək, xeyirli işlərlə məşğul olmaq sünnə əməllərdən sayılır. Bir hədisi-şərifdə belə buyurulur: “Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın dəyər verdiyi ay olan məhərrəm ayında tutulan aşurə orucudur”. (Müslim, Siyam, 202-203, Əbu Davud, Savm, 55, Tirmizi, Savm, 40)

Yenə Hz. Aişənin (r.anhə) aşurə günündə Kəbə örtülərinin dəyişdirildiyini bildirən digər bir nəqli də cahiliyyə ərəblərinin bu günə dəyər verdiyi görüşünü dəstəkləməkdədir (Müsnəd, VI, 244). Ərəblərin aşurə günü doğulduğu rəvayət edilən və Kəbəni tikən ataları Hz. İbrahimin xatirəsinə hörmət olaraq bu günü yaşatmış olmaları uzaq bir ehtimal deyil. Hz. Musa ilə İsrail oğullarının Fironun əlindən aşurə günü xilas olduğunu və Hz. Nuhun gəmisinin Cudi dağına eyni gün oturduğunu söyləyən yəhudiləri Peyğəmbərimizin təkzib etməməsi, hətta, “Biz Musaya sizdən daha yaxınıq”, - deyərək o gün oruc tutulmasını əmr etməsi (bax. Buxari, Ṣavm, 69; Müsnəd, II, 359-360) də aşurənin dəyərini göstərir.

Məhərrəm ayı hicri təqvimin başı olmaqla əhəmiyyət qazandığı kimi, həm bu ayda, həm də aşurə günündə bəzi tarixi hadisələrin yaşanması ilə ayrı bir xüsusiyyət qazanmışdır. Əsaslandığı qaynaqlar çox mötəbər sayılmasa da, bu gündə meydana gəldiyinə inanılan bəzi hadisələr var. Belə ki, Hz. Adəmin (ə.s) tövbəsinin qəbul edilməsi, Hz. Nuhun (ə.s) gəmisinin Cudi dağına oturması, Hz. Musa (ə.s) və İsrail oğullarının Fironun zülmündən xilas olmaları, Hz. Yunusun (ə.s) balığın qarınından qurtulması, Hz. Musa və Hz. İsanın (ə.s) doğumları  aşurə günü baş vermişdir.

Məhərrəm ayı və aşurə gününün tarixən gözəl və mübarək xatirələri olmaqla bərabər, təəssüf ki, İslam tarixində son dərəcə acı, kədərli və hüznlü bir hadisə olan Hz. Hüseynin Kərbəlada şəhid edilməsi də məhərrəmin onuncu günü - aşurə günü baş vermişdir.

Hz. Hüseynin (r.a) Kərbəlada şəhid edildiyi gün olduğu üçün aşurə gününü “matəm günü” hesab edənlər mövcuddur. Lakin burada mühüm bir məsələni qeyd etmək lazımdır ki, İmam Hüseyn (r.a) ona görə zülmə qarşı mübarizə aparmadı ki, ondan sonra gələn insanlar üzülsünlər, özlərini döyüb, yaralayıb, yas tutub, əsrlərlə matəm saxlayıb, hətta təfriqəyə düşüb digər müsəlmanlara kin və nifrət bəsləyib, onların dəyərlərini təhqir etsinlər. Hz. Hüseynin Kərbəladakı şəhadəti ölmək, yox olmaq deyil, tam əksinə, həyatdır, dirilişdir. Ayrılıq deyil, birlik, bərabərlik, bütünləşmədir. Kim bu faciəni müsəlmanların bölünməsi və qütbləşməsi olaraq qəbul etdirməyə çalışırsa, bilsin ki, o, Hz. Hüseynin əziz xatirəsinə haqsızlıq və hörmətsizlik etməkdədir. Ali-İmran surəsinin 103-cü ayəsində Rəbbimiz belə buyurur: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın!..”

Müsəlman ölkələrin əksəriyyətində Hz. Nuhun gəmisindən quruya çıxdığı məhərrəmin onuncu gününün xatırlanması və şükrü mənasında müxtəlif taxılları bir yerə yığıb yemək hazırlayaraq “aşurə” adı verilən bu yeməyi ikram etmə adəti vardır. Müsəlman türklərdə də "aşurə" (yaxud hədik) adı verilən bu yeməyin paylanması ənənəsi xeyir işləmək və könül almaq üçün gözəl bir vəsilə olaraq yaşadılmışdır. (Təbii ki, bu yemək dini ibadət xarakteri daşımır. Belə bir yemək İslami cəhətdən nə əmr edilir, nə də qadağan edilir. Bu yalnız düşüncə və adət məsələsidir).

Bunu da unutmayaq ki, əvvəlki nəsillərin buraxdığı səhvlərə görə biz hesaba çəkilməyəcəyik. Bizim vəzifəmiz tarixdən ibrət almaq və xoşagəlməz hadisələrin təkrar yaşanmasına yol verməməkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz